“Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” layihəsi çərçivəsində Qazaxda təlimlər keçirilib
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” layihəsi çərçivəsində ADA Universiteti və Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında ADA Universitetinin Qazax Mərkəzində 7-9 iyun tarixlərində ibtidai sinif müəllimləri üçün təlimlər təşkil olunub.
 
"Azərbaycan müəllimi" əbər verir ki, müəllimlərin inklüziv təhsil sahəsində nəzəri və praktik biliklərinin artırılması məqsədilə keçirilən təlimlərdə Qazax rayon məktəbləri üzrə ibtidai siniflərdə tədris aparan 50-dən çox müəllim iştirak edib. Təlimlər RİİB tərəfindən daha əvvəl icra olunmuş inklüziv təhsil layihələrində müvafiq “ToT” təlim proqramlarını uğurla başa vurmuş təlimçi Lamiə Hacımuradova tərəfindən aparılıb.
 
Təlimlər müəllimlərə fərqli əlillik dərəcələrində olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq üçün praktik səriştələr və metodik bacarıqlara yiyələnmək imkanı təmin edib.
 
Qeyd edək ki, təlimlər “Regional İnkişaf” İctimai Birliyinin “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində hazırlanmış  və  Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məzmun və struktur baxımından təsdiq edilmiş yeni ixtisasartırma proqramı əsasında həyata keçirilib.
 
 
Cari ilin sonunadək ölkənin qərb regionunda, ümumilikdə 250 ibtidai sinif müəlliminin təlimlərə cəlb edilməsi nəzərdə tutulur. 


10.06.2024 | 19:59