BMU əməkdaşları Avropa ali təhsil müəssisələrində səfərdə olublar
Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Avropa ali təhsil müəssisələrində səfərdə olublar.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, BMU-nun Kimya mühəndisliyi kafedrasının baş müəllimi Röya Nəzərova Portuqaliyanın Braqança Politexnik İnstitutunda ali məktəbin aidiyyəti kafedrası, mövcud tədqiqat mərkəzləri və laboratoriyaları ilə tanış olub. İnstitutda təşkil olunan görüşlərdə mümkün tədris və tədqiqat imkanları, bakalavr və magistrlər üçün mübadilə və ikili diplom proqramları müzakirə edilib.
 
Dövlət və bələdiyyə idarəetməsi kafedrasının baş müəllimi Aqil Əhmədov  İspaniyanın Qranada Universitetinin Politologiya və sosiologiya elmləri fakultəsində mübadilədə iştirak edib. Universitetlər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti, professor-müəllim heyətinin peşəkar inkişafının dəstəklənməsi, yeni texnologiya və innovativ tədris metodlarından istifadənin təşviqi, tədrisin inkişafında Qranada Universitetinin təcrübəsi müzakirə olunub.
 
Mühəndislik fakultəsinin tyutoru Fuad Həsənov Polşanın Rzeszow Texnologiya Universitetinin Mexanika fakültəsində görüşlər keçirib. Görüşlərdə hər iki universitetin təhsil və tədris prosesi, ölkələrin nəqliyyat və logistik fəaliyyətləri haqqında məlumat mübadiləsi aparılıb,  hər iki müəssisə arasında davamlı səfər və tədbirlərin keçirilməsi razılaşdırılıb.
 
Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Teymur Cəfərli İspaniyanın Jaen Universitetinin akademik mühitində müxtəlif seminarlarda iştirak edib.  Albaniya, Fransa, İtaliya, Portuqaliya, Mərakeş, Livan, Finlandiya və digər  ölkələrin nümayəndələrinin qatıldığı müzakirələrdə təmsilçilər öz təhsil müəssisələri barədə təqdimatla çıxış edib, bakalavr və magistratura tələbələri üçün müvafiq proqramlara diqqət yetiriblər.
 
Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Qəhrəmanlı isə Polşanın Vroslav Biznes Universitetində Niderland, Rumıniya, Birləşmiş Krallıq,  Xorvatiya, Portuqaliya, Yunanıstan, Türkiyə, Fransadan olan nümayəndələrlə birgə müzakirələrə qatılıb.
 
Proqram çərçivəsində, sözügedən ölkələrin universitet nümayəndələrinə  “Design Thinking”, “Communication”, “Erasmus+” mübadilə proqramı və s. mövzularla bağlı təlimlər keçirilib.
 
Qeyd edək ki, “Beynəlxalq həftə”  Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində təhsil sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. 
 


06.06.2024 | 15:09