Əlaçı və fəal tələbələrə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib | |
"Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fəal iştirakçılarından biridir". Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı martın 12-də keçirilən tədbirdə səsləndirib.
Ölkəmizdə elmin, təhsilin inkişafına, həmçinin gənclərə göstərilən dövlət qayğısından söz açan AHİK-in sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, ATİAHİ Respublika Komitəsi gənclərə diqqət və qayğını özünün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirərək bir sıra uğurlu işlər həyata keçirməkdədir. Belə ki, Respublika Komitəsi tərəfindən hər il gənclər üçün təşkil edilən bədii yaradıcılıq müsabiqələri, festivallar, spartakiadalar, idmanın müxtəlif növləri üzrə yarışlar istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə yanaşı, tələbələrin cəmiyyətdə fəallığının artmasına yönələn tədbirlərdir.
Millət vəkili Səttar Möhbalıyev ali məktəb tələbələrinə adlı təqaüdün verilməsini isə ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi sosialyönümlü tədbirlər sırasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bu haqda mərasim iştirakçılarına ətraflı məlumat verən AHİK-in sədri 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə təsis edilən adlı təqaüdün hər il qış və yay imtahan sessiyalarının nəticələrinə görə əlaçı və tələbə həmkarlar ittifaqında çalışan fəallara verildiyini deyib. Onun sözlərinə görə, bu günə kimi 2148 tələbə adlı təqaüdə layiq görülüb.
Bildirilib ki, Respublika Komitəsi öz ənənəsinə sadiq qalaraq, növbəti dəfə 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə təqaüd təqdim edir.
Millət vəkili Səttar Möhbalıyev ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə layiq görülən gəncləri təbrik edərək onlara təhsil həyatlarında uğurlar arzulayıb.
Sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəranın ali məktəblərində təhsil alan 61 tələbəyə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim olunub.
Samirə KƏRİMOVA
|
|
13.03.2018 | 11:25 | |
|
|
|