Universitetə imtahansız qəbul: Gələcək məzunlara şad xəbər – FOTOLAR | |
Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov bu günlərdə Azərbaycana səfər edib. Nazir səfər çərçivəsində işğaldan azad olunan ərazilərdə, o cümlədən yenidən qurulan Füzuli şəhərində olub. Burada o, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəbə baş çəkib.
2023-cü il avqustun 23-də istifadəyə verilən təhsil ocağı ilə tanışlıq zamanı məlumat verilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi dəyərləndirib.
Nazir K.Şaripov məktəblə tanışlıq zamanı bildirib ki, bu təhsil müəssisəsində Özbəkistandan müəllimlər də dərs deyəcəklər. Təhsil ocağının müəllim və şagird kollektivi ilə görüşdən məmnunluq hissi keçirən nazir onu da vurğulayıb ki, gələcəkdə Mirzə Uluqbəy adına məktəbin attestatını daşıyan məzunlar Özbəkistanın ali təhsil müəssisələrinə imtahansız qəbul olunacaqlar.
Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib ki, azərbaycanlıların hələ Çar Rusiyası dövründə Buxara, Xivə və Kokandla çox səmimi münasibətləri olub.
Millət vəkilinin sözlərinə görə, sovet dönəmində özbək ədəbiyyatının yaranması və inkişafında azərbaycanlı ziyalıların böyük xidmətləri olub: “Azərbaycan və Özbəkistan qardaş dövlətlərdir. XX əsrin 30-cu illərində repressiya dövründə azərbaycanlı ziyalılar daha çox Qazaxıstana sürgün olunsalar belə, Özbəkistanla sərhəd bölgələrdə də kifayət qədər azərbaycanlı yaşayıb. Bu gün də azərbaycanlılar diaspor kimi fəaliyyət göstərirlər. İkinci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad olundu. Torpaqlarımız işğal olunanda belə, Özbəkistan Azərbaycanı, haqlı mövqeyimizi müdafiə edirdi. Vətən müharibəsindən sonra Özbəkistanın ölkəmizə qarşı münasibəti daha səmimi hala gəldi. Özbəkistan Prezidenti Şövkət Mirziyayevin dövründə iki ölkə rəhbəri arasında olan səmimi münasibətlər dövlətlərimiz arasında olan münasibətləri daha da yaxşılaşdırdı. Özbəkistanın ali təhsil, elm və innovasiya naziri bu günlərdə Azərbaycanda olub. Özbəkistanlı nazir elan edib ki, bu məktəbin attestatını daşıyan hər kəs ali məktəbə imtahansız qəbul olacaq. Bundan öncə isə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb istifadəyə verilib. Özbəkistan Prezidenti də bu açılış mərasimində iştirak edib. Təbii ki, biz bütün bunlarla fəxr edirik”.
Deputat vurğulayıb ki, türk dünyasının, dövlətlərinin güclənməsində ən başlıca amil bu ölkələr arasında birliyin olmasıdır: “Prezident İlham Əliyev andiçmə mərasimində qeyd etdi ki, bizim ailəmiz türk ailəsidir. Yəni, bu birlik həm türk dünyasını möhkəmləndirir, həm də ölkəmizi istəməyən qüvvələri ram edə bilir. 70 illik sovet dönəmindən sonra hər bir türkdilli xalqın, dövlətin vahid qüvvə şəklində irəliləməsinə ehtiyac var. Biz də bunun ilk uğurlarını görürük. Bu mənada, Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripovun təşəbbüsünü, fikirlərini dəstəkləyirəm. Əminəm ki, gələcəkdə türk dövlətləri arasında elm və təhsil sahəsində olan əlaqələr daha da inkişaf edəcək. Güman edirəm ki, Özbəkistanda azərbaycanlı abituriyentlərin imtahansız ali məktəbə qəbul olması ilə bağlı kifayət qədər faktları gələcəkdə daha çox dövriyyəyə cəlb edə biləcəyik”.
Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı da Medianews.az-a açıqlamasında deyib ki, günümüzdə həyata keçirilən uğurlu siyasət nəticəsində Orta Asiya ölkələri ilə olan əlaqələrimiz sürətlə inkişaf edir. Deputat söyləyib ki, Qırğızıstan, Özbəkistan və Qazaxıstan prezidentlərinin Qarabağda olması çox sevindirici haldır: “Qazaxıstan və Özbəkistan prezidentlərinin təşəbbüsü ilə qardaş xalqlar adından Qarabağda tam orta məktəb, uşaq yaradıcılıq mərkəzi inşa edilib. Azərbaycan xalqına hədiyyə olunan hər iki müəssisə müasirliyi, gözəlliyi, geniş imkanları ilə seçilir. Digər bir önəmli məsələ Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripovun Füzulidəki orta məktəbdə verdiyi açıqlamadır. O, Füzulidəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin gələcək məzunlarının Özbəkistan universitetlərinə imtahansız qəbul olacağı ilə bağlı fikirlər səsləndirdi. Bu, Azərbaycandakı gənclərin Özbəkistanda ali təhsil alması üçün şəraitin yaradılması və ölkələrarası əlaqələrin möhkəmlənməsi deməkdir. Əlaqələrin sürətlə inkişafı isə birliyimizi, bərabərliyimizi gücləndirəcək. Bütün bu proseslər son nəticədə iki ölkə arasında sürətli inteqrasiyanı formalaşdıracaq, yeni perspektivlər yaradacaq”.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov isə Medianews.az-a bildirib ki, eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın tarixi qədimdir. Millət vəkili qeyd edib ki, Azərbaycanın Özbəkistanla ikitərəfli və çoxtərəfli əlaqələri, o cümlədən mədəni əməkdaşlığı tarix boyu uğurla davam etdirilib: “Özbəkistanla Azərbaycan arasında yüksək inkişaf səviyyəsinə çatmış mövcud ədəbi-mədəni əlaqələr ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Bu dövrdə Azərbaycan və Özbəkistanda qarşılıqlı olaraq teatr günləri, mədəniyyət dekadaları, incəsənət sərgiləri, ədəbiyyat və incəsənət günləri keçirilib, iki qardaş xalqın bir-birinə daha da yaxınlaşması üçün mühüm tədbirlər görülüb. Müstəqillik illərində də Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin yaranması və inkişafına böyük diqqət yetirib. Çünki milli ənənələrimiz, dil birliyimiz, mədəniyyətimiz, tariximiz, müasir dövrdə milli mənafe və vəzifələrimiz bunu tələb edib”.
Deputat deyib ki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, parlament üzvlərinin və müxtəlif təşkilatların əlaqələri mühüm əhəmiyyət kəsb edir: “Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtında küçələrdən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında qarşılıqlı marağın, tarixən mövcud olan qarşılıqlı hörmətin parlaq nümunəsidir. Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir”.
Millət vəkili M.Cəfərov bildirib ki, qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində də hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib: “Özbəkistan dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində ölkəmizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli şəhərində Özbəkistan dövlətinin vəsaiti hesabına 960 şagird yerlik böyük məktəb inşa olunub. Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov bu günlərdə dövlətimizdə səfərdə olub. Nazir Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi ziyarət edərkən bildirib ki, bu məktəbin azərbaycanlı məzunları Özbəkistan universitetlərinə imtahansız qəbul ediləcəklər. Bu təşəbbüs də xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Düşünürəm ki, bu qərar hər iki xalqın təhsil və mədəni əlaqələrini daha da inkişaf etdirəcəkdir. İnanıram ki, bundan sonra da Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcəkdir”.
Mənbə: Medianews.Az
|
|
06.06.2024 | 14:33 | |
|
|
|