Sergey Xristolyubov: Reytinqlərdə irəliləyiş Azərbaycan ali təhsilinin beynəlxalq səviyyədə tanınmasının artdığını göstərir | |
Məlum olduğu kimi, Böyük Britaniyanın Quacquarelli Symonds (QS) nəşri dünyanın ən yaxşı ali təhsil müəssisələrinin 2025-ci il üzrə növbəti reytinqini (QS World University Rankings 2025) açıqlayıb. Reytinqdə Azərbaycanın 3 universiteti - Bakı Dövlət Universiteti (951-1000), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1001-1200), Azərbaycan Dövlət İqtisad Universiteti (1001-1200) yer alıblar.
Quacquarelli Symonds (QS) beynəlxalq reytinq agentliyinin regional direktoru Sergey Xristolyubov "Azərbaycan müəllimi"nə son reytinqin nəticələrini şərh edib.
- Azərbaycan universitetləri yeni reytinqdə hansı amillər hesabına irəliləyib?
- İlk növbədə, QS Quacquarelli Symonds beynəlxalq reytinq agentliyi adından Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) 2025-ci ilin ən yaxşı universitetləri reytinqində (QS World University Rankings 2025) əla nəticələr münasibətilə təbrik edirik. Reytinqin nəticələri göstərir ki, bizim flaqman reytinqimizdə ölkə universitetlərinin müsbət dinamikasını müəyyən edən əsas amillərə reputasiya göstəricilərinin inandırıcı şəkildə artımı, təhsil mühitinin yüksək keyfiyyəti və tələbələrin gələcək məşğulluq perspektivlərinə hazırlanması məsələlərinə sistemli yanaşma daxildir. Qeyd etmək vacibdir ki, flaqman reytinqimizin yeni buraxılışına daxil olan hər üç Azərbaycan universiteti işəgötürənlər arasında reputasiya və akademik reputasiya üzrə mövqelərini artırıb ki, bu da Azərbaycanın ali təhsilinin beynəlxalq səviyyədə tanınmasının artdığını göstərir.
- Universitetlərimiz hansı meyarlara görə fərqləniblər?
- Bakı Dövlət Universiteti "məzunların nailiyyətləri" (dünyada 271-ci yer) və "müəllim-tələbə nisbəti" (dünyada 373-cü yer) üzrə ölkə üzrə ən yüksək göstəricilərlə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) isə "akademik reputasiya" (dünyada 660-cı yer) və xüsusilə "işəgötürənlər arasında reputasiya" (dünyada 570-ci yer) üzrə güclü göstəricilərlə seçilir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yeni reytinqdə "xarici tələbələrin payı" (dünyada 634-cü yer) üzrə çox layiqli nəticə ilə yadda qalıb.
- Universitetlərimiz üçün növbəti reytinqlərdə hədəflər nə olmalıdır?
- Azərbaycan universitetlərinin növbəti reytinqlərdə daha da irəliləməsi üçün əsas imkanlar elmi nəşrlərdə yüksək kvartillərin mövcudluğunun genişləndirilməsi və professor-müəllim heyətinin elmi tədqiqatlara cəlb olunması üçün stimulların yaradılması olaraq qalır: bu ilin beş ayında Azərbaycanda ali təhsil tarixində ilk dəfə olaraq 65%-i keçən birinci və ikinci kvartillərin jurnallarında nəşrlərin çəkisinin rekord göstəricisinə baxmayaraq, bu nailiyyət, ilk növbədə, Azərbaycan ali təhsil müəssisələrinin müəllim və əməkdaşlarının 10%-dən çoxunun (ildə ən azı bir məqalə) səyləri nəticəsində mümkün olub. Bununla əlaqədar Azərbaycan universitetləri növbəti mərhələdə müasir elmi gündəliyə öz təsirini artırmaq və beynəlxalq elmi əməkdaşlıqlarda fəal iştirak etmək məqsədilə diqqətlə düşünülmüş elmi-tədqiqat strategiyaları hazırlaya bilərlər.
Oruc MUSTAFAYEV
|
|
06.06.2024 | 13:11 | |
|
|
|