Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir və müdir müavini təyin edilib | |
İyunun 5-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Günay Mahmudova və müdir müavini vəzifəsinə təyin edilən Bəhruz Nəbili kollektivə təqdim edilib.
Bu barədə Agentlikdən "Azərbaycan müəllimi"nə məlumat verilib.
Tədbirdə Agentliyin direktor müavini Mehriban Vəliyeva, rayon təhsil sektorlarının müdirləri, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Mehriban Vəliyeva çıxışında təhsilin keyfiyyətinin artırılması istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışıb.
O, Günay Mahmudova və Bəhruz Nəbilini təyinatları münasibətilə təbrik edərək, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində çalışan təhsil işçiləri ilə birlikdə ölkənin təhsil siyasətinin həyata keçirilməsində uğurlar arzulayıb.
Sonra Mehriban Vəliyeva otaqlara baxış keçirib və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşlarının iş şəraiti ilə tanış olub. O, iş şəraitinin yaxşılaşdırılması və təhsil işçilərinin fəaliyyətinin səmərəli təşkil edilməsi istiqamətində müvafiq tövsiyələrini verib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunan Günay Mahmudova 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetinin biologiya–kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Qax şəhər 1 nömrəli, Güllük, İlisu kənd tam orta məktəblərində kimya müəllimi işləyib.
2010-2013-cü illərdə Qax rayonu İlisu kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2013-2014-cü illərdə Qax rayon təhsil şöbəsində metodist, 2014-2022-ci illərdə metodik kabinetin direktoru vəzifələrində çalışıb.
2019-2020-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində mentor, 2019-2022-ci illərdə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” “Steam”, “Peşə təmayüllü siniflər” layihələri üzrə koordinator kimi fəaliyyət göstərib.
2021-2022-ci illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “Məktəb inspektoru” kimi çalışıb.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I,II və IV qrant müsabiqələrinin qalibi olub.
2022-ci ilin aprel 29-dan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsində çalışıb. 19 dekabr 2023-cü ildən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edir.
Evlidir, 2 övladı var.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunan Bəhruz Nəbili 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb. 2002-ci ildən Biləsuvar rayon X.Qafarov adına İsmətli kənd tam orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
2011-2015-ci illərdə müxtəlif layihələrdə təlimçi kimi fəaliyyət göstərib. 2016-cı ildən Biləsuvar rayon V.Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində və 2019-cu ildən isə Biləsuvar rayon X.Qafarov adına İsmətli kənd tam orta məktəbində direktor kimi çalışıb.
2013-2014-cü tədris ili üzrə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, 2017-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Fəxri Fərman"ı ilə təltif olub. 2021-ci ildən isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Məktəb inspektoru” vəzifəsində fəaliyyət göstərib.
2022-ci ilin iyun ayının 2-dən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.
Evlidir, 2 övladı var.
|
|
05.06.2024 | 19:50 | |
|
|
|