“4Sİ Akademiyası” istifadəçiləri aparıcı texnologiya şirkətlərinin kurslarını məniməsəyirlər | |
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” layihəsinin istifadəçiləri “Coursera” platformasında aparıcı şirkətlərin təlim və kurslarına maraq göstərirlər.
"Azərbaycan müəllimi"nə TİF-dən verilən məlumata əsasən, platforma isitfadəçiləri ən çox “DeepLearning.AI” şirkətinin kurslarından istifadə ediblər. Layihə başlayandan bu günə qədər 254 nəfər bu şirkətin təqdim etdiyi təlimləri uğurla bitirərək sertifikat əldə edib. Onlardan 231 istifadəçi şirkətin “Süni İntellekt hamı üçün” proqramını başa vurub.
“IBM” şirkətinin təklif etdiyi kursları isə 240 nəfər uğurla bitirib. Şirkətin “Data elmi nədir?” proqramı üzrə 91 istifadəçi sertifikat əldə edib.
“Coursera” platformasında təklif olunan kurslar üzrə “4Sİ Akademiyası” istifadəçiləri tərəfindən əldə olunan sertifikat sayına görə şirkətlərin TOP 5-liyi belədir:
1. “DeepLearning.AI” – 254 sertifikat
2. “IBM” – 240 sertifikat
3. “Coursera” – 103 sertifikat
4. “Google” – 100 sertifikat
5. “Deep Teaching Solutions” – 75 sertifikat
“4Sİ Akademiyası” layihəsi çərçivəsində onlayn təhsil platforması olan “Coursera”da 4-cü sənaye inqilabı komponentləri, liderlik, kommunikasiya və ingilis dili bacarıqları da daxil olmaqla 40 nüfuzlu universitetin və aparıcı texnologiya şirkətlərinin 800-ə yaxın kursu təqdim olunur. Layihə başladığı tarixdən (15 sentyabr 2023-cü il) bu günə kimi 7000 nəfər ondan faydalana bilib.
|
|
05.06.2024 | 17:39 | |
|
|
|