NDU və Fizika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb | |
Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə “Azərbaycan müəllimi”nə unidən məlumat verilib. Qeyd olunub ki, ikitərəfli görüşdə NDU-nun rektoru Elbrus İsayev Fizika İnstitutunun baş direktoru Arif Həşimovu ali təhsil müəssisəsinin fəaliyyəti, mövcud təhsil və tədris prosesi, elmi fəaliyyəti, həyata keçirilən layihələr, ali təhsilin strateji istiqamətləri barədə məlumatlandırıb.
Elbrus İsayev vurğulayıb ki, elmi tədqiqatların aparılmasında tədqiqat institutlarının imkanları və təcrübəsi daha böyükdür. Bu məqsədlə təhsil sistemi ilə elmi-tədqiqat institutlarının əlaqələrinin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Rektor həmçinin universitetin bir sıra institutlarla əlaqələrinin genişlənməsi nəticəsində elm və təhsil sahəsində inteqrasiyanın mümkün olduğunu, kadrlar arasında mübadilənin daha effektiv reallaşdığını söyləyib. Universitetdə elmi işlərə hər zaman önəm verildiyini vurğulayan rektor, Fizika İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Fizika İnstitutunun baş direktoru Arif Həşimov NDU kimi nüfuzlu ali məktəblə əməkdaşlıq etməkdən çox şad olduğunu bildirib və iki tərəf arasında imzalanacaq əməkdaşlıq memorandumunun Azərbaycan elminə böyük töhfə verəcəyinə inandığını deyib.
Əməkdaşlığın verəcəyi perspektivlər, gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.
Qeyd edək ki, memorandumda fizika ve texniki elm sahələrinin qarşılıqlı maraq doğuran istiqamətlərində innovativ elmi-tədqiqat və kadr hazırlığına peşəkar dəstəyin göstərilməsi, NDU-nun tələbə-müəllim, magistr və doktorantlarının tədqiqat aparmaq məqsədilə Fizika İnstitutuna ezam olunması, fizikanın aktual məsələ və problemlərinin həllinə dair birgə tədqiqatların aparılması, elmi-tədqiqat və kadr hazırlığı sahəsində NDU və Fizika İnstitutunun maddi texniki bazasından və kadr potensialından birgə istifadə, elmi-periodik nəşrlərin mübadiləsi, professor-müəllim heyətinin, elmi işçilərin şöbə və elmi-tədqiqat laboratoriyalarında elmi-tədqiqat təcrübələrinin aparılmasının, yeni tədqiqat laboratoriyalarının birgə layihələndirilməsi və qurulması işinin təşkili kimi maddələr öz əksini tapıb.
|
|
05.06.2024 | 17:13 | |
|
|
|