Fərrux Rüstəmov: Peşəsini bilməyənlərin tədrisdən getməsinin sivil yolu sertifikatlaşdırmadan keçir
"Təhsilverənlərin sertifikatlaşdırılmasının əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması və peşəyə yararlılığının müəyyənləşdirilməsidir".
 
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında ADPU-nun ibtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov deyib.
 
O bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ikinci istiqamət - insan resurslarının müasirləşdirilməsinin mühüm komponentlərindən biri məhz təhsilverənlərin peşəkarlığının yüksəldilməsidir.
 
"Strategiyada müəllim peşəkarlığının inkişafı üçün zəruri stimulların yaradılması müəllim hazırlığının təkmilləşdirilməsinin əsas hərəkətverici amili hesab olunur ki, bunun da əsas yolu təhsilverənlərin sertifikatlaşdırılması prosesidir. Bu, sivil, mütərəqqi, şəffaf və obyektiv yoldur. Keçən əsrin 90-cı illərində maddi imkansızlıq səbəbindən peşəkar kişi müəllimlərin böyük əksəriyyəti məktəbdən getdi, onların yerini  elmi-pedaqoji hazırlığı zəif olan, 8 aylıq ixtisasdəyişmə kursları bitirən, sonralar özünü doğrultmayaraq ləğv edilən özəl "institutlar"ın, "kolleclər"in və respublikadan kənarda institut bitirmələri haqqında diplomları olan “məzunlar” tutdular. Onların ixtisas biliyi, metodiki hazırlığı, müasir təlim texnologiyalarına bələdliliyi və İKT bacarıqları dövrün tələblərinə adekvat deyil. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarığından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır".
 
"Diaqnostik qiymətləndirmə mühüm hərəkatın - sertifikatlaşdırmanın başlanmasına səbəb oldu"
 
Fərrux Rüstəmovun sözlərinə görə, ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə onların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi təhsilverənlərin sertifikatlaşdırılması prosesinin vacib və zəruri olduğunu göstərmişdi: "Beləliklə, diaqnostik qiymətləndirmə təhsil islahatlarında vacib komponent kimi xeyli dəyişikliyə səbəb olmaqla bu sahədə mühüm hərəkatın - sertifikatlaşdırmanın  başlanmasına imkan yaratdı". 
 
"Sertifikatlaşdırma xarici ölkələrin əksəriyyətində aparılır"
 
Təkcə Azərbaycanda deyil, xarici ölkələrin əksəriyyətində bu prosesin həyata keçirildiyini deyən kafedra müdiri beynəlxalq təcrübədə bunun necə reallaşdırıldığını da diqqətə çatdırıb:
 
"Məsələn, ABŞ-də müəllimlərin sertifikatlaşdırılması ştatlar səviyyəsində həyata keçirilir. Hər bir ştatın müəllimlərin sertifikatlaşdırılması üçün öz tələbləri və prosedurları var. Böyük Britaniyada müəllimlərin sertifikatlaşdırılması “Qualified Teacher Status” (QTS) proqramı vasitəsilə aparılır. Müəllimlər bu statusu əldə etmək üçün müəyyən tələblərə cavab verməli, qiymətləndirmədən keçməlidirlər. Almaniyada müəllimlərin sertifikatlaşdırılması federal ştatlar səviyyəsində, Fransada isə “Agrégation” proqramı vasitəsilə həyata keçirilir. Bu, müəllimlərdən çətin imtahanlardan və qiymətləndirmələrdən keçməyi tələb edən nüfuzlu beynəlxalq sertifikatdır. Kanadada da müəllimlərin sertifikatlaşdırılması vilayət səviyyəsində aparılır. Hər bir vilayətin müəllimlərin sertifikatlaşdırılması üçün öz tələbləri və prosedurları var". 
 
Müəllimi öyrənməyə və öyrətməyə təhrik edən ən yaxşı yol
 
Fərrux Rüstəmov qeyd edib ki, sertifakatlaşdırma prosesi müəllimi öz üzərində işləməyə, yeniliyə açıq olmağa, öyrətməyə və öyrənməyə təhrik edən ən yaxşı yoldur. 
 
"Peşəkarlığını artırmayan müəllimlərdə özünə və şagirdlərinə qarşı subyektiv münasibət formlaşır, onlar pedaqoji fəaliyyəti ağır yük hesab edirlər. Öz sahəsi üzrə bilik və bacarıqlarını daim yeniləşdirməyən, peşəkar inkişaf kurslarında, seminarlarda, konfranslarda, treninqlərdə  iştirak etməyən, həmkarları ilə təcrübə və ideya mübadiləsi aparmayan, yeni metod və texnologiyalardan xəbərsiz olan, innovativ tədris yanaşmalarından istifadə etməklə dərslərini daha effektiv və cəlbedici qurmağı bacarmayan, ünsiyyət, empatiya və liderlik bacarıqlarını inkişaf etdirməyən, şagirdlərinə dəstəkləyici və məhsuldar öyrənmə mühiti yaratmayan, öz güclü və zəif tərəflərini müəyyən etməyi və gələcək inkişaf üçün planlar hazırlamağı bacarmayan müəllimlərin məktəbdən - tədrisdən getməsinin sivil yolu sertifikatlaşdırmadan keçir. İnsan resurslarının yeniləşdirilməsi məktəbdə yeni mühitin yaradılmasını şərtləndirməklə yanaşı, tədrisə, müəllim-şagird münasibətinə yeni nəfəs verir". 
 
"Harada millətin, dövlətin gələcəyi məsələsi var, orada ümumi mənafeni şəxsi mənafeyə qurban vermək olmaz"
 
Fərrux Rüstəmov 3 ilə yaxın bir müddətdə aparılan sertfikatlaşdırmanın nəticələrinə toxunaraq bu prosesə yeni başlayanda haqsız tənqidlər, müxtəlif yanaşmalar, heç bir əsası olmayan ittihamların çox olduğunu yada salıb:
 
"Sertifikatlaşdırma prosesi ibtidai sinif müəllimlərindən başlamışdı. Çünki öz işinin öhdəsindən gəlməkdə çətinlik çəkən xeyli ibtidai sinif müəllimləri var idi. Sertifikatlaşdırmanın nəticəsi olaraq imtahanda uğur qazana bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verildi. Əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə başlanıldı. Hətta sertifikatlaşmadan keçməyən sosial baxımdan təminata ehtiyacı olanların sosial vəziyyəti də bu prosesi əngəlləyə bilmədi. Harada millətin, dövlətin gələcəyi məsələsi var, orada ümumi mənafeni şəxsi mənafeyə qurban vermək olmaz".
 
Professor onu da əlavə edib ki, sertifikatlaşmadan uğurla keçən müəllimlərin əməkhaqqılarının artırılması bu işə əlavə stimul verib.
 
"Sertifikatlaşma ilə bağlı fənn müəllimləri arasında ciddi gərginlik hiss edilmir. 3 ilə yaxın səmərəli təcrübə onlarda bu imtahanlara inam yaradıb. Bütövlükdə düşünürəm ki, müəllimlərimizin sertifikatlaşdırılma prosesində uğur qazanması onların şəxsi keyfiyyətlərindən, müstəqil işləmək bacarığından, düşüncə tərzindən, yeniliyə nə qədər açıq olmasından asılıdır. Qarşıdan gələn sertifikatlaşdırmada iştirak edəcək müəllimlərimizə uğurlar arzulayıram”.
  
Samirə KƏRİMOVA


05.06.2024 | 11:10