Botanika İnstitutu və NDU arasında əməkdaşlıq memorandumu imzalanıb | |
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə "Azərbaycan müəllimi"nə institutdan bildirilib. Qeyd olunub ki, memorandumun imzalanması Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) - Yaşıl dünya və insan sağlamlığı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın açılış tədbirində baş tutub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva tərəfindən qarşılıqlı imzalanan memoranduma əsasən, tərəflər arasında müvafiq istiqamətlər üzrə əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi, kadr hazırlığı sahəsində birgə əməkdaşlıq, elmi-tədqiqatlar üzrə birgə fəaliyyətin həyata keçirilməsi, birgə ekspedisiyaların təşkili, Naxçıvan florasında yayılan endemik növlərin coğrafi areallarının tədqiq edilməsi, onların əmələgəlmə yerlərini dəqiqləşdirmək üçün beynəlxalq və birgə elmi tədqiqatların aparılması, bitki nümunələrinin toplanması, onların müasir taksonomik strukturunun dəqiqləşdirilməsi və qiymətləndirilməsi üçün müştərək elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi nəzərdə tutulub.
|
|
05.06.2024 | 09:54 | |
|
|
|