AzMİU və Milan Texniki Universiteti arasında əməkdaşlıq genişləndirir
İtaliyanın Milan Texniki Universitetinin (POLİMİ) memarlıq, ətraf mühit və inşaat mühəndisliyi kafedrasının dosenti Nora Lombardini, Memarlıq və Şəhərsalma Mərkəzinin beynəlxalq əlaqələr üzrə nümayəndəsi Kristina Aqazzi və beynəlxalq əlaqələr və mübadilə üzrə mütəxəssis Maqdalena Setlak Avropa İttifaqının “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
 
AzMİU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, italiyalı nümayəndələr müxtəlif fakültələri və kafedraları gəzərək tədris və tədqiqat prosesləri ilə yaxından tanış olublar. Onlar AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, Şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə və başqaları ilə görüşlər keçiriblər. Görüşlər zamanı memarlıq sahəsində həyata keçirilən ikili diplom proqramının gedişatı müzakirə olunub və bu proqramın təkmilləşdirilməsi üçün fikir mübadiləsi aparılıb. Şəhərsalma ixtisasında yeni ikili diplom layihəsinin mümkünlüyü barədə danışılıb. Hər iki tərəf bu sahədə əməkdaşlığın genişləndirilməsi və tələbələr üçün daha çox imkanlar yaradılması istiqamətində konkret addımlar atmaq niyyətində olduqlarını ifadə ediblər.
 
Qonaqlar İtaliya Dizayn Mərkəzində növbəti tədris ilindən etibarən ikili diplom və “Erasmus” proqramları çərçivəsində Milan Texniki Universitetində təhsil alacaq AzMİU tələbələri ilə görüşüblər. Görüşdə tələbələrə Milan Texniki Universitetində təhsil barədə ətraflı məlumat verilib, təhsil proqramları və tələbələrin qarşılaşa biləcəyi imkanlar barədə təqdimatlar edilib.
 
Qeyd edək ki, AzMİU və Milan Texniki Universiteti arasında uzun illər ərzində davam edən əməkdaşlıq hər iki universitetin təhsil və tədqiqat sahəsində təcrübə mübadiləsini təmin edir. Bu əməkdaşlığın nəticəsi olaraq, dizayn ixtisası üzrə bakalavriat, memarlıq və abidələrin bərpası sahəsində magistratura səviyyəsində ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar tələbələrə beynəlxalq səviyyədə tanınmış diplom əldə etmək və müxtəlif ölkələrdə təhsil almaq imkanları yaradır.


04.06.2024 | 14:44