COVID-19 pandemiyasından sonra Azərbaycan həkimlərində psixoloji dayanıqlıqla bağlı tədqiqat aparılıb
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmova və Mərkəzi Gömrük Hospitalının psixiatrı Gülay Məmmədzadənin həmmüəllifi olduqları “Azərbaycan həkimlərində pandemiya sonrası iş tükənməsi: psixoloji dayanıqlığın və ümidin rolu” (Post-pandemic Job Burnout in Azerbaijani Medical Doctors: The Role of Psychological Resilience and Hope) adlı məqalə «Scopus» və digər beynəlxalq nüfuzlu elmi bazalarda indekslənən "Universal Journal of Public Health" jurnalında dərc edilib.
 
"Azərbaycan müəllimi"nin məlumatına görə, məqalədə qeyd olunur ki, COVID-19 pandemiyası bütün dünyada səhiyyə işçilərinin həm fiziki, həm də emosional rifahına təsir edib. Bu, emosional tükənmə, şəxsi nailiyyətlərin azalması hissləri ilə xarakterizə olunan peşə stresi və ya tükənmişlik sindromu kimi tanınan narahatlığın yaranmasına səbəb olub.
 
Tədqiqatın məqsədi həkimlərin psixoloji dayanıqlığı ilə iş tükənmə səviyyəsi arasındakı əlaqədə ümidin vasitəçi rolunu araşdırmaqdır. 
 
Araşdırmada «Brief Psychological Resilience Scale», «Maslach Burnout Inventory Scale», «Dispositional Hope Scale» şkalalarından istifadə olunub. 
 
Tədqiqatda orta yaş həddi 39 (SD 10,25) olan 303 həkim iştirak edib və onların 79,5%-ni qadınlar təşkil edir.
 
Korrelyasiya təhlilləri göstərib ki, iş tükənməsi psixoloji möhkəmlik və ümidlə mənfi əlaqədədir. 
 
Bu araşdırmanın nəticələrinə görə fərdlərin tükənmişlik yaşadıqları dövrdə onların psixoloji dayanıqlıq səviyyəsinin artırılmasının müsbət təsiri var. 
 
Həmçinin məqalədə Azərbaycan  həkimlərinin ehtiyaclarına uyğunlaşdırılmış müdaxilələrin və dəstəyin inkişafı üçün praktiki həll yolları verilib. Bu istiqamətdə həkimlərə psixoloji təlimlərin keçirilməsi vacib məqam kimi vurğulanıb.
 
Məqalə ilə daha ətraflı linkə keçid edərək tanış ola bilərsiniz: https://www.hrpub.org/journals/article_info.php?aid=14283 


04.06.2024 | 12:35