Niyə tədqiqatçı yetişdirə bilmirik?
Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda səsləndirdiyi fikirlər ölkədə elmi-tədqiqat institutlarının sayının həddən artıq çox olması, real nəticələrin isə görünmədiyi faktını gündəmə gətirib. Belə ki, Azərbaycanda 130-dan çox sahəni əhatə edən elmi-tədqiqat institutları mövcud olsa da, ortada gözəçarpan nəticə yoxdur.
 
“Biz ən yaxşı halda mütəxəssis hazırlaya bilirik, tədqiqatçı yox. Azərbaycanda ali təhsil müəssisələrində elmi-tədqiqat komponenti aşağıdır”. Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda səsləndirdiyi bu fikirlər ölkədə elmi-tədqiqat institutlarının sayının həddən artıq çox olması, real nəticələrin isə görünmədiyi faktını da gündəmə gətirib. Belə ki, 130-dan çox sahəni əhatə edən elmi-tədqiqat institutları mövcud olsa da, ortada gözəçarpan nəticə yoxdur. Kəmiyyətin keyfiyyəti üstələməsi narahatlıq doğurur.
 
Təhsilin tədqiqat əsasında qurulması,  keyfiyyətin artırılması, interaktivliyin təmin olunması üçün vəziyyətdən çıxış yolu tapmaq isə asan görünmür. 
 
 
Eyni istiqamətli institutlar varsa...
 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, əsas məsələ institutların sayının çoxluğu və ya azlığı deyil: “İnstitutlar çox da, az da ola bilər. Əsas hədəf və yanaşma düzgün strategiyanın olması və konkret olaraq hansı istiqamətlərdə işin aparılmasıdır. Burada iş konkret proqram üzrə getməlidir”. Millət vəkilinin fikrincə, gələcəkdə institutların bir qisminin və ya hamsının universitetlərə verilməsi məsələsinə baxılmalıdır: “Tədqiqat institutları gələcəyə doğru ali təhsil müəssisələrinə verilərsə, biz o zaman konkret hədəf və vəzifələr müəyyən edib daha yaxşı nəticələr əldə edə bilərik. İlk növbədə bizim daha çox hansı sahələrdə araşdırmalara ehtiyacımızın olduğu müəyyən olunmalıdır. Əgər eyni istiqamətdə fəaliyyət göstərən institutlar varsa, hesab edirəm ki, tənzimlənmə nəzərdən keçirilə bilər”.
 
 
Sadə həlli olmayan problem 
 
Kembric Universitetinin professoru Qərib Mürşüdov Azərbaycanın təhsil müəssisələrində elmi-tədqiqatların zəif olmasının müxtəlif səbəblərinin olduğunu bildirir: “Bunlar arasında ola bilər ki, ən vacibi təhsil işinin təşkilidir. Müəllimlər həddən artıq çox dərs deyir – bizdə 400-500 saat dərs demək qeyri-adi sayılmır. Müqayisə üçün Böyük Britaniyada 150 saat dərs həddən artıq çox sayılır. Ola bilər ki, təhsilin tədqiqat əsasında qurulması bu problemi qismən həll edə bilər. Hazırkı şərait belədir ki, müasir elmi-tədqiqatla məşğul olan müəllimlər azdır, olanlar da həddən artıq dərs dediklərindən vaxtları qalmır”. 
 
 
Professor hesab edir ki, Azərbaycandakı tədqiqat institutlarının sayı azaldılmalıdır. Belə ki, bütün tədqiqat institutlarının eyni dövlət qurumuna tabe olması vacib deyil, onlar ya müxtəlif nazirliklərə, ya universitetlərə və ya xeyriyyə cəmiyyətlərinə tabe olmalıdırlar: “Britaniyada əsas tədqiqatlar universitetlərdə həyata keçirilir. Ancaq dövlətin strateji məqsədlərinə uyğun istiqamətlərdə fəaliyyət göstərən bir neçə institut da var. Onlar isə strategiya dəyişəndə və ya məhsuldar olmayanda bağlanırlar. İkinci tip tədqiqat institutları xeyriyyə cəmiyyətləri tərəfindən yaradılır və maliyyələşdirilir”. Q.Mürşüdov ümumiyyətlə bu sahədə hərtərəfli islahatlara ehtiyac olduğunu bildirir: “Maliyyə artırmaqla, institut bağlamaqla bu problem həll olunmayacaq”. 
 
 
Dərs verə biləcək müəllim heyətinə ehtiyac var
 
ADA Universitetinin professoru Gülməmməd Məmmədov isə ölkəmizdə elmi-tədqiqat institutlarının çox olmasını kəmiyyət göstəricisi hesab edir: “Onların say baxımından azaldılması və ya ləğvi yox, birləşdirilməsi və daha səmərəli idarə olunması ilə bağlı addımlar atıla bilər. Elə bir struktur yaradılmalıdır ki, elmi-tədqiqat müəssisələri ölkə üçün daha əhəmiyyətli olsun və az sayda istiqamət üzrə fəaliyyət aparsın. Belə olanda resursların idarəolunması da, tədqiqat müəssisələrinin ortaya qoyduğu tədqiqat keyfiyyətlərinin nəticələri də daha yüksək ola bilər. Sayın çox olması keyfiyyətin qaçılmaz olaraq aşağı düşməsinə səbəb olur”. 
 
Azərbaycanın pulu hesabına aparılmış tədqiqat...
 
G.Məmmədov hesab edir ki, əgər elmi-tədqiqat institutları universitetlərin balansına verilsə, bu, effektiv olmayacaq: “Dünyanın aparıcı jurnallarında bizim alimlərin tədqiqatlarının nəticələri çıxır. O tədqiqatlar Azərbaycan dövlətinin pulu hesabına aparılır. Onların dərcindən Azərbaycan dövləti nə fayda götürə bilər? İlk növbədə bu məsələ müəyyən edilməlidir. Yadda saxlanmalıdır ki, elmi yeniliklərin önündə gedən bir kəşf edilsə, bunu birinci Azərbaycan kimi balaca dövlət yox, böyük dövlətlər məhsula çevirib qazanc əldə edəcəklər. Təkcə məqalələrin dünyanın aparıcı jurnallarında çap olunmasını hədəf kimi müəyyən etməyin özündə böyük bir yanlışlıq var. Azərbaycan dövlətinin pulu hesabına aparılmış tədqiqat nəticəsi niyə ayrı bir yerdə çıxmalıdır? Belə çıxır ki, Azərbaycan dövlətinin pulu ilə biz tədqiqatı başqa dövlətlər üçün aparırıq. Ona görə də öz ölkəmizin iqtisadiyyatına fayda verəcək tədqiqatlar aparmalıyıq”. 
 
 
Elmi mühiti sağlamlaşdırmalıyıq   
 
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun fikrincə, ölkəmizdə çox sayda yaxın profilli tədqiqat institutları var ki, onları birləşdirmək vacibdir: “Bu, administrativ xərclərin azaldılmasına gətirib çıxaracaq. Bir ara kimdən xoşları gəlirdisə, onun üçün institut açıblar. Eyni zamanda oxşar və yaxın laboratoriyalar var ki, onları birləşdirmək olar”. Təşkilat rəhbəri  “Azərbaycanda tədqiqatçı yoxdur” fikri ilə razılaşmır: “Bu, ağır ittihamdır. Bəlkə də nazir fikrini belə sərt ifadə etmək istəməyib. Azərbaycanda az da olsa yaxşı tədqiqatçılar var. Sayın az olmasının da səbəbi var. Biz elmi mühiti sağlamlaşdırmalıyıq. Sağlam rəqabət, düzgün qiymətləndirmə olmalıdır”. 
 


03.06.2024 | 09:34