Gəncə şəhərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "ECOVELOFEST" keçirilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti, Azerbaijan Cycling Federation, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Bank Respublika və Bookzone kitab evinin dəstəyi ilə Gəncə şəhərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "ECOVELOFEST" keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, yaşıl dünya naminə ölkəmizin bütün regionlarının qadın təhsil işçiləri arasında həmrəyliyi təmin etmək, sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviq edilməsi məqsədilə keçirilən ECOVELOFEST-də 200-dək qadın təhsil işçisi iştirak edib. 
 
Gəncə şəhər Heydər Əliyev Park Kompleksi ərazisindən başlayan Velo yürüşdə iştirakçılar 3 km məsafəni qət etməli olublar. 
 
Yarışın nəticəsinə əsasən, 1-ci yerə Qax rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin metodisti, 2-ci yerə İsmayıllı rayon Cünyan kənd uşaq bağçasının müdiri Jalə Qasımova, 3-cü yerə isə Qusar rayon Samux qəsəbə tam orta məktəbin fiziki tərbiyə müəllimi Rahilə Əzizova layiq görülüb. 
 
Yarışın yekununda “Art Velo”, “FunClub”, Yaşıl dünya naminə “Velo sərgi”, “Əyləncəli velo” və “LEGO”, Velo-təlim və “Velo Steam” guşələri ilə zəngin festival təşkil edilib. 
 
ECOVELOFEST-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Bank Respublikanın direktoru müavini Çingiz Əsədov, "BOOKZONE GROUP" MMC təsisçisi və direktoru Seymur Tağıyev, idarə və müəssisə rəhbərləri, məktəbəqədər və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
 
ECOVELOFEST qaliblərin mükafatlandırılması ilə yekunlaşıb.


02.06.2024 | 20:05