Şəki şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans keçirilib | |
1 iyun 2024-cü il tarixində Şəki şəhəri N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir başlamamışdan əvvəl "Uşaqlar günü" bayramı ilə əlaqədar uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub.
300-ə yaxın müəllimin iştirakı ilə keçirilən konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Beləki, ilk olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi Rauf Əsədov çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilməsinin olduqca məqsədəuyğun və vacib olduğunu vurğulayıb. Daha sonra Milli Məclisin deputatı Vüqar İskəndərovun köməkçisi Anar Nağıyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova da çıxış edərək öz fikirlərini gənc müəllimlərlə bölüşərək, bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova tərəfindən 3 müxtəlif otaqda aidiyyətı mövzu üzrə təlimlər keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdlərə bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarət olub.
|
|
02.06.2024 | 19:00 | |
|
|
|