Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd edilib | |
Biləsuvardakı Heydər Əliyev Mərkəzində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Təhsil şöbəsindən verilən məlumata görə, tədbirdə məktəb direktorları, ziyalılar, gənc nəslin təmsilçiləri və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi haqqında dövlətimizin başçısının imzaladığı sərəncamın əhəmiyyətindən danışıb, ölkəmizdə ədəbiyyata, şair və yazıçıların yaradıcılığına göstərilən dövlət qayğısını diqqətə çatdırıb. Bildirilib ki, M.Müşfiq qısa ömür yaşamasına baxmayaraq, maraqlı, orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Onun sevgi, gözəllik, sədaqət, sosial və mədəni məsələlərə həsr etdiyi şeirləri bu gün də orijinallığı ilə seçilir və böyük oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunur.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 1930-1935-ci illərdə M.Müşfiqin 10 şeir kitabı nəşr edilib. Şairin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanan sənət əsərləridir.
Tədbir Mikayıl Müşfiqin yaradıcılığına həsr olunan bədii hissə ilə başa çatıb.
|
|
11.11.2018 | 10:26 | |
|
|
|