Nazir müavini Firudin Qurbanov Laçına səfər edib | |
Mayın 31-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Laçın rayonuna səfər edib.
Əvvəlcə Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş keçirilib.
Sonra nazir müavini Laçın şəhəri 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbinin inzibati binaları ilə tanış olub, müəssisələrin pedaqoji və şagird kollektivi ilə görüşüb.
Görüş çərçivəsində Firudin Qurbanov işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin bərpası, təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.
Nazir müavini, həmçinin Sus kənd tam orta məktəbi və körpələr evi-uşaq bağçasının inzibati binalarına baxış keçirib.
Firudin Qurbanov səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işə qəbul, iş yerinin dəyişdirilməsi, Laçında bağçanın fəaliyyətinin bərpa edilməsi ilə bağlı olub.
Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
|
|
31.05.2024 | 22:59 | |
|
|
|