UNEC-də Cəfər Məsiminin kitablarının təqdimatı olub
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsiminin “Əvvəlki sən olma”, “Yeni sən yarat” adlı kitablarının təqdimat mərasimi keçirilib.
  
"Azərbaycan müəllimi" xəbər verir ki, təqdimatda Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, təhsil ictimaiyyətinin tanınmış nümayəndələri, universitet rektorları, məktəb direktorları, millət vəkilləri və incəsənət nümayəndələri iştirak ediblər. 
 
Məktəb direktoru fəlsəfə üzrə elmlər doktoru Elnurə Cavadzadənin aparıcılığı ilə keçirilən təqdimatda qeyd olunub ki, “Təkər-uğur” konsepti əsasında hazırlanan,  təkər və saat formasında çap edilən bu kitabların ortaq məqsədi yaradıcılığı inkişaf etdirmək, müşahidə qabiliyyətini dərinləşdirmək, hadisələrə daha orijinal, kreativ gözlə baxmaq, fərq yaratmaq, effektiv kommunikasiya qurmaq, ətrafdakılarla səmərəli ünsiyyəti təkmilləşdirmək, müsbət vərdişlər formalaşdırmağa dəstək olmaqdır.
 
Tədbirdə çıxış edən millət vəkili Etibar Əliyev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, professorlar- Şahlar Əsgərov, Asif Cahangirov, Elm və Təhsil Nazirliyinin "Azərbaycan məktəbi" jurnalının baş redaktoru Arzu Soltan, yazıçı, psixoloq İlqar Kamil kitabların qeyri-adi olduğunu xüsusi vurğulayaraq, müəllif Cəfər Mənsiminin yaradıcı yanaşmaları, yeni standartlar yaratmaq bacarığı ilə fərqləndiyini bildiriblər. Onlar yeni sən yaratmaq prosesini dəstəkləmək üçün fikirlərini də paylaşıblar.
 
Türkiyənin sabiq təhsil naziri, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı, professor Ziya Selçuk, Türkiyədə və İtaliyada betseller müəllifi, yazıçı, psixoloq Azra Kohen, professorlar - Fahriye Altınay və Zehra Altınay da təqdimata onlayn qoşularaq mövzu ilə bağlı təcrübələrini bölüşüblər. 
 
Qeyd edək ki, hər iki kitabda ABŞ, İngiltərə, İsrail, Yaponiya, Finlandiya, Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Çin, İtaliya və Niderlanddan müxtəlif peşə sahibləri ilə müsahibələr təqdim olunub.
 
Gözləri görməsə də heyrətamiz rəsmlər çəkən, yarpaq üzərində tikişlə məşğul olan, hekayələrini ayaqqabıdan hazırladığı heykəllərlə çatdıran, çəkdiyi rəsmləri müxtəlif əşyalarla tamamlayan şəxslərdən tutmuş, həmçinin “Cannes Lions” beynəlxalq yaradıcılıq festivalının təmsilçisindən, eləcə də yaradıcı direktor, ssenarist, rejissor, səyyah, kulinar, bəstəkar, alim, iş adamı və başqalarından alınan bu müsahibələr oxucuları yeni ideyalarla dolu yaradıcılıq səyahətinə dəvət edir. 
 
Professorlar Lütfi Zadə, Əziz Sancar və digər şəxslərin müsahibələrinin yer aldığı bu kitablar “yol yoxdur” deyənlərə “yox yoldur”- cavabını verir. Kitabların ədəbi redaktoru və məsləhətçisi Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, texniki redaktoru isə Gülşən Hüseynovadır. 

“Əvvəlki sən olma” kitabının rəyçiləri “Cannes Lions” beynəlxalq yaradıcılıq festivalının departament rəhbəri Fiorenzo Plinio və professor Qafar Cəbiyevdir. “Yeni sən yarat” kitabının rəyçiləri isə Şimali Kipr Türk Cümhuriyyətinin ikinci prezidenti Mehmet Ali Talat və professor Şahlar Əsgərovdur. 
 
Məlumat üçün bildirək ki, kitabın müəllifi C.Mənsimi beş kitabın ideya müəllifi və tərtibçisi olmaqla yanaşı, bir sıra başqa nəşrlərin məsləhətçisidir, həmçinin xeyli sayda layihələrinin, beynəlxalq forum və konfransların təşkilatçısı və təşəbbüskarı olub. On beş ildən çoxdur ki, Azərbaycan mətbuatında təhsil mövzusunda yazılarla çıxış edir. Onun təqdimatında Elm və Təhsil Nazirliyinin "Facebook" səhifəsindən "Yeni çağırışlar" müzakirə proqramı yayımlanır və bu proqramda dünyada tanınan mütəxəssislərlə müzakirələr aparılır. “HundrED” qlobal təhsil təşkilatının Azərbaycandan ilk təhsil səfiri seçilən C.Mənsimi hazırda Yaxın Şərq  Universitetinin təhsilin idarə olunması üzrə doktorantura təhsili alır.


31.05.2024 | 12:31