Şagirdlərdən sosial mesaj | |
““Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsi çərçivəsində “Cehiz sandığı” tamaşası nümayiş olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyi (AUİB) tərəfindən təqdim olunan layihə çərçivəsində hazırlanan tamaşa bir sıra aktual sosial problemlərə həsr olunub.
Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunan tamaşanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış ictimai xadimlər, incəsənət nümayəndələri izləyiblər.
Tamaşadan əvvəl qonaqlar AUİB nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzi sakinlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirib, musiqi qruplarının ifasını izləyiblər.
Tamaşa haqqında təəssüratlarını bölüşən tədbir iştirakçıları qəhrəmanların dili ilə cəmiyyətə ötürülən sosial mesajı yüksək dəyərləndiriblər. Bildiriblər ki, hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri təhsildir və təhsilli bir cəmiyyətə sahib olmaq üçün qızların təhsilə cəlb olunmasına diqqət daha da artırılmalıdır. Çıxış edənlər qızların təhsildə uğur qazanması və gələcəkdə savadlı mütəxəssis kimi cəmiyyətdəki mövqeyini nümayiş etdirməsi baxımından bu cür layihələrin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, ““Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsinin əsas məqsədi əhalinin müxtəlif həssas qruplarından olan uşaq və yeniyetmələr arasında yaradıcı mühiti inkişaf etdirmək, incəsənət əsaslı öyrədici vasitələrdən istifadə etməklə sosial problemlərin həllinə dəstək olmaqdan ibarətdir. Layihə iştirakçıları arasında paytaxtdakı 46 nömrəli tam orta məktəbin şagirdləri də var.
|
|
31.05.2024 | 12:27 | |
|
|
|