SABAH məzunları hansı hədəflərlə yola çıxırlar? | |
Artıq 10 ildən çoxdur ki, ali təhsil müəssisələrimizdə SABAH qrupları fəaliyyət göstərir. Son 10 ilə nəzər saldıqda görürük ki, qrupların yaradılması Azərbaycan təhsil tarixində, xüsusilə də ali təhsil müəssisələrində məzmun dəyişikliyinə, keyfiyyətin artmasına səbəb oldu. SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Onu da qeyd edək ki, SABAH qrupları ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılır. Bəs, SABAH-ın məzunları nəyi hədəfləyir? SABAH onların təhsilində nə kimi əhəmiyyət kəsb edir? Gəlin, suallarımıza cavabı məzunlarımızın öz dilindən eşidək.
“Həm biliklərimi, həm də bacarıqlarımı inkişaf etdirmək üçün real fürsət əldə etdim”
Bakı Dövlət Universitetinin SABAH qrupları, "Hüquqşünaslıq" ixtisasının tələbəsi, “Maarifçi” layihəsinin iştirakçısı Nihad Musayev deyir ki, hazırda bu layihəyə olan etimad özünü doğruldub və çox geniş arealı əhatə edən böyük bir “ailə”yə çevrilib. SABAH qruplarında təhsil aldığım dövrdə həm biliklərimi, həm də bacarıqlarımı inkişaf etdirmək üçün real fürsət əldə etdim. Belə ki, xüsusi müsahibələr əsasında seçilmiş müəllimlərimizlə keçdiyimiz dərslərin keyfiyyəti, mühazirə və seminarlarda innovativ metodların tətbiqi və müəllimlərlə tələbələr arasında balanslaşdırılmış səmimiyyət bu mühitin ən dəyərli elementləridir. Eyni zamanda SABAH qrupları tələbələrinə sosial aktivlik layihələrinin təşkilində və sözügedən layihələrdə iştirak edilməsində şərait yaradılır. Biz ikinci və üçüncü kursda təhsil alarkən qrup yoldaşlarımızla birgə iki simulyasiya təşkil etmişik. Bu simulyasiyaların təşkilinin əhəmiyyəti onda idi ki, biz həm dərs prosesində öyrəndiklərimizi praktiki olaraq tətbiq edə bilirik, həm də qeyri-müəyyənlikləri həll etmək üçün araşdırma bacarıqlarımızı inkişaf etdiririk. Həmçinin SABAH qruplarının tələbələri üçün müxtəlif təcrübə proqramlarında iştirak üçün şərait yaradılır, ixtisaslaşmış peşəkarlar tərəfindən “ustad dərsləri”, nüfuzlu xarici universitetlərin nümayəndələri ilə görüşlər, təqaüd proqramları və digər əhəmiyyətli tədbirlər təşkil edilir. SABAH qruplarının digər üstünlüyü xarici dil biliklərimizin inkişafına verilən töhfədir”.
“SABAH qruplarının tədris mühitinin mənə qazandırdıqları hədəflərimə çatmağımda böyük kömək olacaqdır”
"Hüquqşünaslıq" ixtisası üzrə məzun olan Nigar Rəhimli SABAH qruplarında təhsil aldığı üçün özünü şanslı hesab edir: “SABAH qruplarının mənə aşıladığı dəyərlər həyatımda özünü göstərir. Xüsusilə gənc və daha bilikli müəllimlərdən dərs almaq gələcək iş kariyeramızda gənc kadrlarla işləməyə sövq edir, istər tələbəlik mühitində, istərsə də iş həyatında kommunikasiya bacarıqlarımızın artmasına yol açır. SABAH qruplarının tələbələri də imtahan əsasında seçildiyinə görə daha bacarıqlı və savadlı tələbələrdir. Buna görə də rəqabət mühiti yaranır. Rəqabətli mühitdə inkişaf da qaçılmaz olur. Mən bir SABAH qrupları məzunu olan hüquqşünas kimi gələcək karyeramı hakimlik yolunda görürəm və çalışıram, inanıram ki, SABAH qruplarının tədris mühitinin mənə qazandırdıqları hədəflərimə çatmağımda və seçilməyimdə böyük kömək olacaqdır. SABAH qruplarında xarici dilin öyrədilməsinə verilən üstünlük də bizi əmək bazarında digər həmkarlarımızdan fərqləndirir”.
“SABAH qrupları şəxsi inkişafım üçün ən ideal mühit idi”
Nihad Axundov da SABAH qruplarından məzun olan gənclərdəndir. O, "Psixologiya" ixtisasına yiyələnib. SABAH qruplarına yüksək balla daxil olduqdan sonra burada təhsilini ən yüksək səviyyədə bitirdiyini deyir: “Maraqlı və yüksək keyfiyyətli tədris mühitimiz var idi. Ən peşəkar və yüksək intellektə malik müəllimlərə sahib idik.Uğurlu karyeram üçün SABAH qruplarının xüsusi və böyük rolu var. SABAH qrupları psixologiya sahəsindəki uğurlu insanlarla ünsiyyətdə olmağıma şərait yaratdı. Oxuduğum müddətdə müntəzəm şəkildə şəxsi inkişafım üçün çalışırdım. İstər iştirak etdiyim təlimlər, konfranslar, seminarlar, istərsə də SABAH qruplarının bizim üçün yaratdığı imkanlar bu uğurlu karyeramın görünməyən, amma əsas hissəsidir. Düşünürəm ki, SABAH qrupları şəxsi inkişafım üçün ən ideal mühit idi. SABAH-da həm müəllimlər, həm də tələbələr yüksək motivasiyada idi. Hər kəs daim inkişaf üçün çalışırdı. Tələbələr arasında rəqabətli mühit var idi, hansı ki, inkişafımız üçün bu, çox önəm kəsb edirdi”.
Niyazi RƏHİMOV
|
|
31.05.2024 | 09:26 | |
|
|
|