5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi “Zirvələrə doğru” adlı tədbir keçirib
Bakının Nizami Kino Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Zirvələrə doğru” adlı tədbir keçirilib. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Səməd Vurğun mükafatı laureatı Hacı Zaməddin Ziyadoğlu, şəhid ailələrinin üzvləri və valideynlər iştirak ediblər.
 
Əvvəlcə uşaqların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. 
 
Sonra tədbiri giriş sözü ilə 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova açaraq bildirib ki, Mərkəzin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
 
Daha sonra tədbirdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Mərkəzin “Zirvə” xalq çalğı alətləri ansamblı üzvlərinin ifa etdiyi “Azərbaycan oğluyam”, “Sən elə bir zirvəsən”, “Qarabağ şikəstəsi”, ”Yaylıq”, “Arazbarı”, “Füzuli kantatası” mahnıları və “Zirvə” rəqs ansamblı üzvlərinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
 
Şakir CƏFƏROV


30.05.2024 | 21:11