"Xalq rəssamı Qarabağa aid çəkdiyim rəsmi ona satmağımı istədi…” - 10 yaşlı istedad
5 yaşından rəsm müsabiqələrinə qatılıb. Belarus, Yaponiya, Latviya, Türkiyə, Rumuniya və digər  ölkələrdə keçirilən müsabiqələrdə iştirak edərək birincilik qazanıb. Respublika üzrə keçirilən müsabiqələrdə dəfələrlə I və II yerlərin qalibi olub. 2021-ci ildə “Biz Zəfər qazandıq” adlı respublika rəsm müsabiqəsində iştirak edib və I yerə layiq görülüb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalının bir neçə mərhələsindən uğurla keçərək "Peşəkar" kateqoriya üzrə II yeri qazanıb. 
 
“Azərbaycan müəllimi”nin oxucularına tanıtmaq istədiyimiz bu istedad 3 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin “Palitra” rəsm studiyasının üzvü İnci Mirzəyevadır. O, Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli məktəbin 4-cü sinfində təhsil alır. 
 
3 yaşından rəsmə marağı olduğu üçün valideynləri onu rəsm dərnəyinə yazdırıblar. Burada ilk müəllimi Könül Orucova olub. Sonralar rəsm çəkməyin sirlərini müəllimi Nərmin Abdullayevadan öyrənib. İnci daha çox vətənpərvərlik mövzusunda rəsm çəkməyi sevir. Ən sevdiyi rəng isə qırmızıdır. Deyir, çünki qırmızı uğurun rəngidir:”Bu rəng parlaqdır, bəyənilir, mən də düşüncələrimi və duyğularımı rəsmlərimdə belə parlaq rənglərlə çatdırır, insanlarla bölüşürəm”. 
 
Üzvü olduğu dərnəkdə ötən il “Əzizim, Vətən yaxşı” adlı qrup sərgisi keçirilib və onun bu sərgidə 5 rəsmi nümayiş olunub:”Orada dəyərli qonaqlarımız var idi. Qarabağa aid çəkdiyim rəsmim Xalq rəssamı Arif Hüseynov tərəfindən bəyənildi. Və sonradan mənə o rəsmi emalatxanası üçün satmağımı təklif etdi. Bu mənim üçün böyük qürur idi. Həmin rəsmi Arif Hüseynovun emalatxanasına aparıb ona hədiyyə etdim”. 
 
İnci uşaq yazarı Mehriban Nağıyevanın nağıllarından ibarət kitabın rəsm müəllifi də olub və bununla da qürur duyur:”Çünki Mehriban xanım həmin kitabın adını “İncinin nağıl dünyası” adlandırıb. Bu məni çox sevindirir”.   
 
Rəssamlıq Akademiyasının sabiq rektoru Ömər Eldarov, Xalq rəssamları Səlhab Məmmədov, Fərhad Xəlilov kimi çox dəyərli şəxsiyyətlərin imzası ilə aldığı mükafatlar da onda, həm də valideynlərində qürur doğurub. 
 
Anası Kübra Mirzəyeva deyir ki, evdə İncinin özünə aid emalatxanası olsa da, bütün ev onun emalatxanasına dönüb:”Hər yer onu rəsmləridir. Övladımızın rəsmə həvəsi bizi sevindirir. O, riyaziyyat və ingilis dili fənlərini də yaxşı oxuyur. Onun yaxşı gələcəyi olacağına inanırıq”.    
 
Qrafik, milli üslubda, mənzərə janrında rəsmlər çəkən İncinin təhsil aldığı məktəbdə də fərdi sərgiləri təşkil olunur. Bu təşəbbüsün müəllifi olan sinif rəhbəri Emelya Əliyeva tezliklə İncinin daha bir sərgisini təşkil edəcək.   
 
Sifai SƏFƏROVA


30.05.2024 | 12:48