61 gəncə adlı təqaüd

Noyabrın 7-də 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdlərinin verilməsi ilə bağlı mərasim keçirilib.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) keçirilən tədbiri qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, bu sahədə aparılan islahatlardan danışıb. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində mühüm rol oynayır. Çoxlu sayda azərbaycanlı gəncin bu gün dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərində təhsil aldığını söyləyən sədr onlara Vətənə qayıtdıqları zaman uğurla fəaliyyət göstərmələri üçün hər cür imkan və şəraitin yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Çıxışında ölkəmizdə gənclərlə bağlı görülən digər işlər, reallaşdırılan tədbirlər barədə də geniş məlumat verən Səttar Möhbalıyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən ətraflı söz açıb. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin gənclər siyasətinin fəal iştirakçılarından biri olduğunu xüsusi vurğulayıb. Qeyd olunub ki, gənclərə diqqət və qayğı öz sıralarında on minlərlə gənci birləşdirən təşkilatın prioritet istiqamətlərindəndir. ATİAHl Respublika Komitəsi tərəfindən hər il gənclər üçün festivallar, spartakiadalar, bədii yaradıcılıq müsabiqələri, müxtəlif idman yarışları keçirilir, istedadlı gənclərin üzə çıxarılması, onların potensial imkanlarının genişləndirilməsi, həmçinin sosial problemlərinin həlli ilə bağlı tədbirlər təşkil olunur.

 

Ali məktəb tələbələrinə adlı təqaüdün verilməsinin də ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbilər sırasında önəmli yer tutduğunu söyləyən S.Möhbalıyev 1995-ci ildən ATİAHİ Respublika Komitəsinin qərarı ilə təsdiq olunan həmin təqaüdə ali təhsil müəssisələrində qış və yay imtahan sessiyalarının nəticələrinə görə indiyədək 2209 nəfərin layiq görüldüyünü bildirib. Hazırda daha 61 nəfərə həmin təqaüdün verilməsi nəzərdə tutulur.

 

Çıxışı zamanı aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı görülən işlərə də toxunan millət vəkili hər il Komitə tərəfindən belə ailələrdən olan 230-dan çox tələbənin pulsuz yeməklə təmin olunduğunu deyib.

 

Gəncləri adlı təqaüdə layiq görülmələri münasibəti ilə təbrik edən AHİK-in sədri onlara uğurlar arzulayıb.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov ulu öndər Heydər Əliyev tərəfindən gənclərə, onların yüksək elm və təhsil almasına daim böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd olunub ki, dövlət gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 

Sonra Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəranın ali məktəblərində təhsil alan 61 tələbəyə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim olunub.

 

Sonda ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə layiq görülən tələbələr çıxış edərək onlara göstərilən diqqətə, qayğıya və yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Samirə KƏRİMOVA

 


09.11.2018 | 17:29