Universitet tələbələri arasında keçirilən “Techcell” hakatonu başa çatıb | |
“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə keçirilən “Techcell” hakatonu başa çatıb və qaliblər elan edilib.
UFAZ-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, 15 universitetdən 96 komandanın müraciət etdiyi yarışmada 30 komanda final mərhələsinə qatılıb. Onlardan 22 komanda yekunda təqdimatla çıxış edib. 3 nəfərdən ibarət komandalar verilən mövzulardan birinə uyğun kod və proqramlaşdırma tapşırıqlarını yerinə yetiriblər.
İştirakçıların seçimi zamanı onların kibertəhlükəsizlik, proqramlaşdırma, mobil şəbəkə təhlükəsizliyi kimi sahələrdə bilikləri ilə yanaşı, gender balansının qorunması, yumşaq bacarıqlardan istifadə kimi bacarıqlarına da nəzər yetirilib.
Münsiflər heyətinin qərarına əsasən, UFAZ tələbələrindən ibarət “Night Ops” komandası 1-ci, Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət “Sentinels” komandası 2-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət “Delusion” komandası isə 3-cü yerə layiq görülüb. Komandalar müvafiq olaraq 3500, 2500 və 1500 AZN dəyərində pul mükafatları və baş sponsor “Azercell”in xüsusi hədiyyələri ilə təltif olunublar.
Qeyd edək ki, 18-19 may tarixlərində baş tutan hakaton iştirakçılarına “Azercell” şirkəti və UFAZ-dan peşəkar mentorlar dəstək verib. Layihə texniki bilikləri və innovativ ideyaları ilə seçilən istedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına öz töhfəsini verir. “Techcell” hakatonu bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən sayca üçüncü hakatondur.
|
|
30.05.2024 | 09:39 | |
|
|
|