Mühafizəçilər də diplom ala biləcəklər - Kvalifikasiyaların tanınmasında YENİLİK | |
"Bu il daha 5 yeni ixtisas üzrə qiymətləndirmə və tanınma prosesinin təşkil olunması nəzərdə tutulub".
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova “Azərbaycan müəllimi”nə müsahibəsində deyib.
O bildirib ki, sözügedən ixtisaslar “Kargüzar”, “Kompüter operatoru”, “Poliqrafiya üzrə dizayn”, “Mühafizəçi” və “Avtomobil mühərriklərinin yığıcısı” ixtisaslarıdır.
"Qiymətləndirmə və tanınması aparılan ixtisasların siyahısına hər il əlavələr olunur və yenilənir. Hazırda 20 peşə ixtisası üzrə qiymətləndirmə və tanınma prosesi təşkil olunur".
Könül Əhmədova, həmçinin qeyd edib ki, tanınma sənədi vətəndaşlara əmək bazarında fəaliyyət göstərmək imkanı verir və ilkin peşə təhsili diplomuna bərabər tutulur.
"Peşə ixtisasını təsdiq edən vətəndaşlara həm işəgötürənlər, həm də cəmiyyət tərəfindən üstünlük verilməkdədir və bu faktor həmin vətəndaşların dayanıqlı məşğulluq imkanlarını artırır. Həmçinin peşə ixtisasını təsdiq edən diplom əldə edən vətəndaşlar ilkin peşə təhsili səviyyəsindən növbəti peşə təhsili səviyyəsinə keçmək hüququ qazanırlar. Onu da qeyd edək ki, Agentlik tərəfindən təqdim olunan peşə ixtisasını təsdiq edən sənəd beynəlxalq arenada da tanınır".
Xatırladaq ki, 2021-ci ildə 29 vətəndaş, 2022-ci ildə 143 vətəndaş, 2023-cü ildə isə 171 vətəndaş peşə ixtisasını təsdiq edən sənəd əldə edib.
|
|
29.05.2024 | 16:17 | |
|
|
|