Azərbaycan Texnologiya Universitetində “Məzun-2024” əmək yarmarkası keçirilib
Azərbaycan Texnologiya Universiteti (ATU) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Məzun-2024” əmək yarmarkası keçirilib.  
 
Bu barədə “Azərbaycan müəllimi”nə ATU-dan məlumat verilib. 
 
Tədbirin açılışında çıxış edən ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov universitetin öz məzunlarının ixtisaslarına müvafiq işlərlə təmin edilməsində maraqlı olduğunu deyib. Bu dəfəki platformada universitetin bütün ixtisaslarına uyğun 50-ə yaxın beynəlxalq və yerli, dövlət və özəl şirkətin işaxtaran qismində çıxış etdiyini vurğulayan Y.Ömərov əlavə edib ki, “Məzun–2024” əmək yarmarkasının üstün cəhətləri iri müəssisələrin çoxluğu, təklif olunan iş yerlərinin müxtəlif bölgələri, şəhər və rayonları əhatə etməsidir.  
 
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov da çıxış edərək belə tədbirlərin tələbələrin və məzunların əmək bazarına daxil olmasına kömək etdiyini söyləyib.
 
Tədbir çərçivəsində ATU-nun əməkdaşlıq etdiyi müəssisələrdən olan “Bakcell” şirkəti tərəfindən Ümumi Orta Müvəffəqiyyət Göstəricisi yüksək olan bir qrup məzununa hədiyyələr verilib. Hədiyyələri “Bakcell”in regional satış meneceri Bəxtiyar Əliyev təqdim edib.
 
Açılış hissə yekunlaşdıqdan sonra məzunlar müəssisələrin stendlərinə yaxınlaşıb, təklif edilən vakansiyalarla tanış olub, təmsilçilərə şəxsi məlumatlarını, CV formalarını təqdim ediblər.
 
Qeyd edək ki, “Məzun–2024” əmək yarmarkasında Azərbaycan Dəmir Yolları, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, ASAN xidmət, BP, “Coca-Cola”, “McDonalds”, “Paşa Bank”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bakcell”, “Nar”, “AzerGold”, “Azərşəkər”, “Azersun”, “Azəralüminium”, Gəncə Avtomobil Zavodu, Qəbələ Konserv Zavodu, “AzGranata”, “Şirvan Şərabları”, “Mingəçevir Tekstil”, “Gəncə Tekstil”, Ulduz Şokolad Fabriki, “Veysəloğlu”, 5 ulduzlu “Çinar”, “Qarabağ” və “Qaşaltı” otelləri və digər müəssisələr tərəfindən 500-dən çox vakansiya təqdim olunub.


29.05.2024 | 15:34