Qeyri-formal və informal təhsilin tanınması necə həyata keçirilir? - MÜSAHİBƏ
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədovanın “Azərbaycan müəllimi”nə müsahibəsi:
 
- Gəlin ilk olaraq açıqlama gətirək: qeyri-formal və informal təhsil nədir? Təhsilin bu iki forması bir-birindən nə ilə fərqlənir?
 
- Beynəlxalq standartlara əsasən, 3 təhsil forması vardır: formal, qeyri-formal və informal. Formal təhsil dedikdə beynəlxalq təhsil ictimaiyyəti tərəfindən sistemli və təşkilatlanmış şəkildə icra olunan, strukturlaşmış quruluşa malik, müəyyən normativ qaydalara əsasən,  idarəolunan təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması başa düşülür. Qeyri-formal təhsil müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən, formal təhsil sistemindən kənarda təşkil edilən, planlaşdırılmış təlim fəaliyyətləri olub, əsasən yaşlıların təhsili və təlimlərin təmin edilməsindən ibarət öyrənmə formasıdır. İnformal təhsil isə özünütəhsil yolu ilə biliklərə yiyələnmə formasıdır ki, hər hansı sistemli struktura malik deyildir, bilik və bacarıqlar həyat və iş təcrübəsi, yaxud da təcrübə və özü öyrənmə yolu ilə əldə edilir. Qeyri-formal və informal təhsili formal təhsildən fərqləndirən başlıca xüsusiyyətlərdən biri yekunda dövlət tərəfindən təhsil sənədi ilə təsdiq edilməməsidir.
 
- Qeyri-formal və informal təhsilin tanınması dedikdə nə nəzərdə tutulur? 
 
- Zamanla qeyri-formal təhsilin miqyasının artması ayrı-ayrı şəxslərdə öyrənmə nəticələrinni tanınılmasına ehtiyac yaradır. Qloballaşma, miqrasiya proseslərinin sürətlənməsi, rəqəmsal texnologiyaların inkişafı və rəqəmsal cəmiyyətə keçid kimi proseslər qeyri-formal və informal üsullarla əldə edilmiş kompetensiyaların tanınmasını aktuallaşdırır, insanlar formal təhsildən kənar əldə etdikləri bilik və bacarıqlarını təsdiq edə, əmək bazarında işəgötürənlər tərəfindən qəbul edilə bilmək üçün dövlət təsdiqi olan sənədə ehtiyac duyurlar. Məhz əmək bazarının tələbləri əsasında 1984-cü ildə ilk dəfə Fransada başlayan “Qeyri-formal və informal təhsilin tanınması” prosesi sürətlə digər ölkələrə də yayılmağa başladı. Qeyri-formal və informal təhsilin tanınması (QFİTT) sistemi insanların formal təhsildən kənarda yiyələndikləri bacarıqları dəyərləndirməyə kömək edir. Sistem kvalifikasiyası olmayan işçilərə qanunla tənzimlənən əmək bazarında iştirak etmək, o cümlədən işəgötürənlərə mövcud və potensial işçilərin bacarıqlarını daha yaxşı müəyyən etmək imkanı verir.
 
- Ölkəmizdə bu proses (QFİTT) necə tənzimlənir?
 
- Sözügedən proses ölkəmizdə artıq 2020-ci ildən start götürüb, vətəndaşların qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrin qiymətləndirilməsi prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında aparılır. Hazırkı qaydalara əsasən, QFİTT prosesi 4 əsas hissədən ibarətdir: müraciətlərin ilkin qiymələndirilməsi, nəzəri imtahan, praktiki imtahan və peşə ixtisasını təsdiq edən sənədin təqdim edilməsi. 
 
- İnsanlar qeyri-formal və informal təhsilə adətən hansı şəkildə yiyələnirlər?
 
- Bizim müşahidələrimizə əsasən, vətəndaşlar qeyri-formal təhsili daha çox kurslarda və dərnəklərdə əldə edirlər və onlar qısa müddət ərzində müəyyən peşə ixtisası üzrə bilik və bacarıqlara yiyələnirlər. İnformal təhsil isə daha çox usta yanında yaxud ailədə baş verir. Vətəndaşlar valideynlərindən yaxud yaxınlıqlarında yaşayan peşəkarların yanında çalışaraq yəni təcrübə əsasında müəyyən peşə ixtisası üzrə bilik və bacarıqlara yiyələnirlər.
 
- Bəs təhsilin bu növü nə dərəcədə effektiv olur?
 
- Təbii ki, hər bir şəxsin formal təhsil alması və bu təhsil çərçivəsində bilik və bacarıqlara yiyələnməsi vacibdir. Biz bir təhsil qurumu olaraq hər bir vətəndaşımızın formal təhsil almasının tərəfdarıyıq. Lakin təəssüf olsun ki, müəyyən səbəblərdən insanlar hər zaman seçdikləri peşə üzrə formal təhsil ala bilmirlər, yaxud müəyyən sahə üzrə formal təhsil aldıqdan sonra başqa bir sahədə əmək fəaliyyəti göstərməyə başlayırlar. Bu zaman onların formal şəkildə təhsillərini davam etdirmək imkanı məhdud olur. Təcrübəmizə əsasən, deyə bilərəm ki, cəmiyyətimizdə qeyri-formal və informal üsullarla bilik və bacarıq əldə etmiş kifayət qədər peşəkar sənətkarlar var və bizim məqsədimiz həmin şəxslərin kvalifikasiyalarını tanımaq və onların ömürboyu təhsildə iştirakçılığını, eyni zamanda dayanıqlı məşğulluq imkanlarını artırmaqdır. Həmçinin əmək bazarının dəyişən tələbləri bəzən təhsil sistemini qabaqlayır və insanlar qısa müddət ərzində qeyri-formal yaxud informal təhsil yolu ilə yeni yaranan peşələr üzrə bilik və bacarıqlara yiyələnərək əmək fəaliyyətinə başlaya bilirlər. Məsələn, bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı peşəsini nümunə olaraq qeyd etmək olar.
 
- Qiymətləndirmə və tanınma üzrə imtahanlar necə təşkil olunur və şərtlər nələrdir?
 
- Qeyd etdiyim kimi, sözügedən proses ölkəmizdə artıq 2020-ci ildən start götürüb, vətəndaşların qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrin qiymətləndirilməsi prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında aparılır. Hazırkı qaydalara əsasən, QFİTT prosesi 4 əsas hissədən ibarətdir: müraciətlərin ilkin qiymələndirilməsi, nəzəri imtahan, praktiki imtahan və peşə ixtisasını təsdiq edən sənədin təqdim edilməsi. 
 
İlkin qiymətləndirmə zamanı ərizəçinin əvvəlki təhsil məlumatarı və iş təcrübəsi əsas götürülür. Bu zaman əsas tələb ərizəçinin ən azı ümumi orta təhsilinin və müvafiq sahədə 2 illik iş təcrübəsinin olmasıdır. Belə ki, mövcud qaydalara əsasən, ümumi orta təhsil səviyyəsini ən azı 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən azı 2 (iki) il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edə bilərlər. İlkin olaraq Agentlik tərəfindən müraciətçilərin sənədlərinin uyğunluğu yoxlanılır. Növbəti mərhələdə isə ərizəçinin nəzəri (test) və praktiki imtahan vasitəsilə sahə üzrə bilik və bacarıqları yoxlanılır.
 
Test imtahanı ərizəçinin müraciət ediyi peşə ixtisasının kurikulumunda yer alan modullar üzrə təşkil olunur. Ərizəçiyə hər bir modul üzrə 10 sual verilir və hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Ərizəçiyə sualların cavablandırılması üçün 60 dəqiqə vaxt verilir. Əlilliyi olan şəxslərin imtahan vaxtına 15 dəqiqə əlavə olunur və onların imtahanda iştirakı üçün əlverişli şərait yaradılır. Nəzəri imtahanda ərizəçidən müvafiq ixtisas üzrə təqdim olunmuş suallardan ən azı 50%-ni doğru cavablandırması gözlənilir. Nəzəri imtahandan uğurla keçmiş namizədlər praktiki imtahana dəvət olunurlar. Bu zaman ərizəçilərin bacarıq, səriştə və təcrübələri qiymətləndirilir. Bu mərhələdə namizədlər istəklərinə və qaydalara uyğun olaraq sahib olduqları peşə üzrə sertifikat və ya diplom əldə edə bilərlər. Verilmiş tapşırığın 50%-ni düzgün yerinə yetirən ərizəçilər peşə ixtisasını təsdiq edən sənəd əldə etmək imkanı əldə edirlər.
 
- Hazırda hansı peşə ixtisasları üzrə qiymətləndirmə və tanınma aparılır? 
 
- Qiymətləndirilmə və Tanınma prosesi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, “Peşə təhsili üzrə ixtisasların Təsnifatı” əsasında təşkil olunur.  Qiymətləndirmə və tanınması aparılan ixtisasların siyahısına hər il əlavələr olunur və yenilənir. Hal-hazırda 20 peşə ixtisası üzrə qiymətləndirmə və tanınma prosesi təşkil olunur.  Bura müxtəlif ixtisaslar aiddir, məsələn, dərzi, bərbər, heyvandarlıq mütəxəssisi, plastik boru qaynaqçısı, və s.
 
- Vətəndaşlar qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesində nə üçün iştirak etməlidirlər?
 
- Bildiyiniz kimi, hal-hazırda əmək bazarının tələbləri sürətlə dəyişir. İşəgötürənlər peşəkar kadrlar axtarışındadırlar. Eləcə də cəmiyyətimiz peşəkar kadrların xidmətlərindən yararlanmağa üstünlük verir. Burada ən vacib məsələlər mən deyərdim ki, təhlükəsizlik və keyfiyyətli xidmət yaxud məhsuldur. Təsəvvür edin, həftəsonu yemək yediyiniz bir restoranda fəaliyyət göstərən və formal təhsil almaq imkanı olmayan bir aşpazın sizə keyfiyyətli xidmət göstərəcəyindən necə əmin ola bilərik? Həmin aşpazın bütün təhlükəsizlik qaydalarına riayət eləcəyinə necə əmin ola bilərik? Bu misal gətirdiyim məsələ demək olar ki, xidmət, tikinti, ticarət və s. sahələrin hər birində aktualdır. Mən deyərdim ki, bilik və bacarıqların qiymətləndirilməsi və tanınması bu baxımdan çox vacibdir və dünyanın qabaqcıl ölkələrində bu məsələlər ön plana çəkilir. Qiymətləndirmə və tanınma prosesindən uğurla keçmiş vətəndaşı biz öz sahəsinin peşəkarı adlandıra bilərik. Peşə kadr keyfiyyətli və təhlükəsiz xidmət, eyni zamanda məhsulun təminatçısıdır. Peşəkar insan kapitalı, keyfiyyətli və təhlükəsiz xidmət və məhsul isə, öz növbəsində, iqtisadi inkişafa yol açır.
 
Qeyri-formal və informal təhsilin tanınması nəticəsində vətəndaşlar dövlət qurumu tərəfindən peşə ixtisasını təsdiq edən sənəd əldə edə bilərlər və bu sənəd onlara əmək bazarında fəaliyyət göstərmək imkanı verir və ilkin peşə təhsili diplomuna bərabər tutulur. Peşə ixtisasını təsdiq edən vətəndaşlar həm işəgötürənlər, həm də cəmiyyət tərəfindən üstünlük verilməkdədir və bu faktor həmin vətəndaşların dayanıqlı məşğulluq imkanlarını artırır. Həmçinin peşə ixtisasını təsdiq edən diplom əldə edən vətəndaşların ilkin peşə təhsili səviyyəsindən növbəti peşə təhsili səviyyəsinə keçmək hüququ qazanırlar. Beləliklə, həmin şəxslərin ömürboyu öyrənmə kontekstində imkanları artır. Əlavə olaraq, TKTA bir sıra beynəlxalq qurumların üzvüdür və müxtəlif beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Belə ki, Agentlik tərəfindən təqdim olunan peşə ixtisasını təsdiq edən sənəd beynəlxalq arenada da tanınır.
 
- Qeyri-formal və informal təhsilə sahib olan vətəndaşlar qanuni şəkildə iş tapa bilərlərmi?
 
- Qeyri-formal və informal təhsilin tanınması prosesinin əsas məqsədi də formal təhsili olmayan vətəndaşlara məşğulluq imkanlarının artırılmasında dəstək olmaqdır. Tərəfimizdən vətəndaşlara təqdim olunan peşə ixtisasını təsdiq edən sənəd onların əmək bazarında məşğulluğunun artırılmasına dəstək olmaqdır. Həm xarici ölkələrin təcrübəsi, həm də yerli təcrübə göstərir ki işəgötürənlər qiymətləndirmə və tanınma nəticəsində peşə ixitsası sənədi əldə etmiş vətəndaşları işlə təmin etməyə daha üstünlük verirlər.
 
- Son illər qeyri-formal və informal təhsilə meyil nə qədərdir?
 
- Əvvəl də qeyd etdiyim kimi əmək bazarının tələbləri sürətlə dəyişir və insanlardan buna uyğun olaraq yeni biliklər və bacarıqlar əldə etmək tələb olunur. Bu faktoru nəzərə alsaq son zamanlarda qısa müddətli kurslara, həmçinin onlayn təhsilə (evdə təhsil, informal) maraq artmaqdadır. Əlavə olaraq qeyd edə bilərəm ki, qeyri-formal və informal təhsilin tanınması üzrə müraciətlərdə artım müşahidə olunur.
 
- Dırnaq ustalarını, salon işçilərini, kosmetoloqları da bu siyahıya əlavə etmək olar?
 
- Bəli, əlbəttə. Təcrübə göstərir ki, gözəllik sahəsində fəaliyyət göstərən şəxslərin çoxunun bu sahə üzrə formal təhsili yoxdur.  Bu sahədə fəaliyyət göstərən vətəndaşlar daha çox qeyri-formal yaxud informal üsullarla bilik və bacarıqlara yiyələniblər. Bu faktı nəzərə alaraq TKTA tərəfindən bərbər və bərbər-vizajist-manikürçü peşə ixtisasları üzrə bilik və bacarıqların qiymətləndirilməsi və tanınması həyata keçirilir.
 
- Bu sənət sahibləri nəzəri və paktiki imtahandan keçmədən fəaliyyət göstərə bilməzlərmi?
 
- Ölkəmizdə hal-hazırda bu proses icbari deyil. Lakin, dünya təcrübəsində bu prosesin icbari olduğu ölkələr də mövcuddur. Mən sizə Türkiyə təcrübəsini misal gətirmək istəyərdim. Türkiyə Respublikasına bu proses peşələrdən asılı olaraq qismən icbari olaraq həyata keçirilir və kifayət qədər uğurludur. Əvvəl də qeyd etdiyim kimi, burada əsas məsələ keyfiyyət və peşəkarlıqdır. Ölkəmizdə peşəkar və keyfiyyətli xidmət göstərmək yaxud məhsul istehsal etmək istəyən işəgötürənlər peşəkar kadrları öz komandalarına cəlb etməyə maraqlıdırlar. Bilik və bacarıqların qiymətləndirilməsi prosesindən uğurla keçmiş vətəndaşlar işəqəbul prosesində kifayət qədər üstünlük qazanırlar və artıq bizim bu sahədə müsbət nümunələrimiz var.
 
- Qeyri-formal və informal təhsilin tanınması sahəsində hansı yeniliklər gözlənilir?
 
- “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, 2026-cı ildə qiymətləndirilməsi və tanınması aparılan ixtisasların sayının 35-ə çatdırılması və eyni zamanda hər il 10% müsbət artım dinamikasına nail olunması nəzərdə tutulub. Xatırladaq ki, sözügedən müsbət artım dinamikasına əsasən, 2021-ci ildə 29 vətəndaş, 2022-ci ildə 143 vətəndaş, 2023-cü ildə isə 171 vətəndaş peşə ixtisasını təsdiq edən sənəd əldə edib.
 
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”na əsasən, TKTA tərəfindən işğaldan azad olunmuş ərazilərdə 15 yeni peşə ixtisası üzrə vətəndaşların bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması planlaşdırılıb. 
 
2024-cü il ərzində “Kargüzar”, “Kompüter operatoru”, “Poliqrafiya üzrə dizayn”, “Mühafizəçi” və “Avtomobil mühərriklərinin yığıcısı” 5 yeni peşə ixtisasının qiymətləndirmə və tanınmasının həyata keçirilməsi planlaşdırılır. Həmçinin 2024-cü il ərzində “PAŞA Holding” MMC, “bp Azerbaijan”, “Norm” ASC şirkətləri ilə əməkdaşlıq çərçivəsində sosial layihələrin həyata keçirilməsi və daha 200 nəfər vətəndaşın qiymətləndirilmə və tanınma prosesinə cəlb olunması nəzərdə tutulub. Qeyri-formal və informal təhsilin tanınması ilə bağlı qeydiyyat prosesinin portal.edu.az  üzərindən aparılması və eyni zamanda vətəndaşların xidmət nəticəsində əldə etdikləri sənədin elektron versiyada təqdim edilməsi nəzərdə tutulub.
 
- Qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesində iştirak etmək istəyən vətəndaşlar Agentliyə necə müraciət etməlidir?
 
- Sözügedən prosesdə iştirak üçün müraciət onlayn qaydada aparılır. Bunun üçün vətəndaşlar Agentliyin vebsaytının müvafiq bölməsinə daxil olaraq müvafiq ixtisas üzrə qeyri-formal və informal təhsilin tanınması prosesində iştirak edə bilərlər. Müraciət üçün keçid: https://www.tkta.edu.az/p/informal-education 
 
Nəzrin XƏLİLOVA


29.05.2024 | 15:21