Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil
Ötən əsrin əvvəllərində Azərbaycanda maarifçi ziyalılar elm və təhsilin inkişafı, yeni məktəblərin yaradılması və savadsızlıqa mübarizə məsələlərini özlərinin milli platforma və düşüncələrinin mərkəzinə qoyurdu. Bunlar həmin dövrdə milli şüurun, milli kimlik ideologiyasının formalaşması ilə sıx bağlı baş verirdi. 
 
Bütün bu səylər Azərbaycanın 1918-ci ilin 28 mayında özünün müstəqillik arzusuna qovuşması ilə həyatilik qazandı. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tarixi iclasında Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. İstiqlal bəyannaməsi bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasının əsasını qoydu. Hökumətin ilk addımlarından biri 1918-ci il iyunun 27-də Azərbaycan-türk dilinin dövlət dili elan olunması ilə bağlı idi. 
 
Fəaliyyətinin ilk günlərindən Şərqdə ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət siyasətinin təməl prinsiplərindən biri kimi xalq maarifinin, elm və mədəniyyətin inkişafını ön plana çəkdi, təhsil sahəsində köklü islahatlara və təhsil quruculuğuna başladı. Bu məqsədlə Azərbaycan hökumətinin qərarına əsasən 1918-ci ilin 30 iyulunda Xalq Maarifi və Dini Etiqad Nazirliyi yaradıldı və ilk xalq maarif naziri Nəsib bəy Yusifbəyli təyin edildi. 2 avqust 1918-ci il tarixində təsdiq olunmuş Əsasnaməyə görə nazirlik aşağıdakı strukturda təşkil edilmişdi:1) nazir; 2) nazir müavini; 3) nazir şurası; 4) məktəbləri idarə edən üç şöbə - ali və orta, xalq və peşə məktəbləri şöbələri. Nazirlik yarandığı ilk gündən Azərbaycan Xalq Gümhuriyyətinin təhsil siyasətinin əsas istiqamətlərindən olan təhsil müəssisələrinin milliləşdirilməsi məsələsini ön plana çəkdi, ümumi icbari təhsil layihələri hazırladı, kəndlərdə, şəhərlərdə yeni məktəblər açmağa qərar verdi. Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, dövlət proqramı üçün təkliflər hazırlamaq məqsədilə hökumət 1919-cu ilin avqust ayında Bakıda Azərbaycan Müəllimlərinin Qurultayını keçirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil, elm və mədəniyyət sahəsində apardığı quruculuq işləri, təxirəsalınmaz tədbirlər qısa bir vaxt ərzində öz nəticəsini verirdi. 
 
İlk addımlar – ilk məktəblər
 
Artıq 1919-cu ilin əvvəllərində respublika ərazisində 23 dövlət orta, orta ixtisas təhsili müəssisəsi vardı ki, onlardan da 6-sı kişi, 4-ü qadın gimnaziyası, 5-i realm məktəb, 3-ü müəllimlər seminariyası, 3-ü “Müqəddəs Nina” qız məktəbi, 1-i politexnik və 1-i kommersiya məktəbi idi. 1914-cü ildə yaradılmış Balaxanı realnı qız məktəbinin bazasında oğlanlarla qızların birgə  təhsil aldığı gimnaziya yaradıldı. Kişi gimnaziyaları iki şöbədən - humanitar və real, qadın gimnaziyaları isə ancaq humanitar şöbədən ibarət idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1914-cü ildə yaradılmış Gəncə müəlllimlər seminariyası da milliləşdirildi. Eyni məqsədlə Bakıda Darülmüəllimin (kişi məktəbi) və Darülmüəllimat (qadın məktəbi), Nuxada Darülmüəllimin açıldı, Zaqatala, Ağdam, Şuşa şəhərlərində isə açılması nəzərdə tutulurdu. İbtidai məktəblərin müəllimlərə olan ehtiyacını təmin etmək məqsədi ilə Gəncədə, Nuxada, Şuşada 200 nəfər müəllim hazırlayan kurslar açıldı.
 
Təhsil ocaqlarının milliləşdirilməsini daha səmərəli təşkil etmək, ibtidai siniflərin müəllimlərə olan ehtiyacını ödəmək məqsədilə Bakıda, Qazaxda, Qusarda, Salyanda və Zaqatalada da qısamüddətli kurslar açıldı ki, bunların da hər birində 50 nəfər dinləyici təhsil alırdı. Parlamentdə Göyçayda realnı məktəbin açılması haqqında qanun layihəsi təsdiq olundu. Firudin bəy Köçərlinin səyi və işgüzarlığı nəticəsində Azərbaycan mədəniyyətinə onlarla ziyalı bəxş etmiş Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü və həmin ilin noyabrında fəaliyyətə başladı. Azərbaycan ziyalılarının Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin respublikamıza köçürülməsi ideyası, nəhayət ki, reallaşdı.
 
1919-1920-ci tədris ilində Azərbaycanın orta məktəblərində, müəllim seminariyalarında oxuyanlar istisna olmaqla, 9611 şagird təhsil alırdı ki, onların da 3115-i azərbaycanlı, 6496 nəfəri isə başqa millətlərin nümayəndələri idi. Bakı kommersiya və politexnik məktəbləri, buradakı 3-cü və 4-cü kişi, 2-ci, 3-cü və 4-cü qız gimnaziyalarından başqa, qalan bütün orta ixtisas təhsili müəssisələri milliləşdirilmişdi. Azərbaycan Hökumətinin 1918-ci il 28 avqust və 13 noyabr tarixli qərarlarına uyğun olaraq, Bakıdan başqa, Azərbaycanın digər şəhərlərindəki milliləşdirilmiş məktəblərdəki milliləşdirilmiş siniflərlə yanaşı, tədrisin rus dilində aparıldığı siniflərdə də icbari surətdə həftədə 3-4 saat Azərbaycan dili dərsləri keçilirdi. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac var idi.
 
Cümhuriyyət Hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün maarif nazirliyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919 ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu.
 
1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarif Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.
 
Maarifçi hökumət
 
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tezliklə milli tariximizə ilk çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli hərbi məktəblər şəbəkəsi yaradan, ümumi icbari ibtidai təhsilə keçid prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan milli hökumət kimi daxil oldu. Bu hökumət ilk dəfə Azərbaycan türkcəsini dövlət dili elan etdi, dövlət dilini təhsil müəssisələrinin əsas tədris dilinə çevirdi, dövlət himayəsində ilk məktəbəqədər tərbiyə müəssisələrinin əsasını qoydu. Bundan əlavə, dövlət səviyyəsində azərbaycanlı gənclərin xaricdə təhsilinin təməlini qoydu. 
 Bir maraqlı fakt odur ki, maarifə, təhsilə, mədəniyyətə xüsusi əhəmiyyət verdiyinə görə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tarixini tədqiq edən bir çox Qərb tədqiqatçıları haqlı olaraq o dövrün Milli Hökumətini “maarifçi hökumət” kimi dəyərləndiriblər.
 
Amerika tarixçisi professor Tadeuş Svyatoçovski özünün 1985-ci ildə Kembric Universiteti tərəfindən nəşr edilmiş “Rusiya Azərbaycanı: 1905 – 1920” əsərində AXC  hökumətinin təhsil, maarif, mədəniyyət sahəsində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışarkən yazır: “İndi ölkəni artıq ziyalılar idarə etdiyi üçün ana dilində təhsil almaq kimi köhnə arzu artıq reallaşmağa başlamışdı. Yeni rejim bütün səylərini xüsusi olaraq bu sahəyə (maarif, təhsil sahəsi nəzərdə tutulur) yönəltmişdi və bu da ruslaşdırma siyasətinin təzahürlərini aradan qaldırmağa kömək etməli idi. Təhsil səviyyəsindən və istiqamətindən asılı olmayaraq, bütün məktəblərdə Azərbaycan dilinin öyrənilməsi məcburi idi. Rusiya tarixi əvəzinə, türk xalqlarının tarixi tədris olunmağa başlanmışdı. Bir çox ibtidai məktəblərdə bütün dərslər Azərbaycan dilində keçirilirdi, lakin müəllim kadrlarının azlığı orta təhsil sisteminin türkcələşdirilməsini (söhbət Azərbaycan türkcəsindən gedir) ləngidirdi”.
Söhbət ondan gedir ki, “Cümhuriyyət” hökumətində xalq maarifi nazirləri olmuş Nəsib bəy Yusifbəyli Novorossiysk Universitetinin hüquq fakültəsini, Rəşid Xan Kaplanov Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini, Həmid bəy Şahtaxtinski Novorossiysk Universitetinin hüquq fakültəsini, Nurməhəmməd Şahsuvarov isə Qori Müəllimlər Seminariyasını, Tiflis Müəllimlər İnstitutunu və Kiyev Universitetinin hüquq fakültəsini bitirmiş, Avropa mədəniyyətini, Şərq sivilizasiyasını dərindən mənimsəmiş, vətənpərvər, həqiqi Azərbaycan ziyalıları idilər. 
 
İlk milli universitet
 
Çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət Hökuməti və Parlamenti ali təhsilin inkişafını diqqətdə saxlayırdı. Bu baxımdan, Cümhuriyyət Parlamentinin 1919-cu il il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı. 
 
Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu dövrdə bir tərəfdən, ölkədə ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən, azərbaycanlı gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə mütəxəssis hazırlığı məsələsini həll etməyə çalışırdı. Azərbaycan Hökuməti Xalq Maarifi Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Bakıda Kənd Təsərrüfatı İnstitutunun açılması məsələsi Hökumətin 1919-cu il 5 mart tarixli iclasında bəyənilmiş və Xalq Maarifi Nazirliyinə bu məsələ ilə əlaqədar qanun layihəsinin hazırlanaraq Parlamentə təqdim edilməsi tapşırılmışdı. Lakin o dövrdəki tarixi şərait yalnız bir ali məktəbin - Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.
 
Bakıda universitet açılmasına böyük dövləti əhəmiyyət verən Cümhuriyyət Hökuməti bu məsələni 1919-cu il 8 aprel tarixli iclasında müzakirə etdi. Qəbul olunan qərarda, bütün imkanlardan istifadə edərək, 1919-1920-ci tədris ilinin əvvəlində Bakıda universitet açılması məqsədilə Xalq Maarifi Nazirliyinə tapşırıldı ki, ümumi həcmi 10 milyon manatdan çox olmamaq şərtilə, smeta hazırlayıb Hökumətə təqdim etsin. Hökumətin qərarına əsasən, universitet kommersiya məktəbinin binasında yerləşdirilməli idi. Həmin il mayın 19-da Azərbaycan Hökuməti yenidən Bakı Universitetini açmaq üçün təşkilat komissiyası yaratmaq və vəsait ayırmaq haqqında məsələni müzakirə etdi, universitet komissiyası haqqında əsasnaməni bəyəndi. Mayın 21-də komissiyanın birinci iclası keçirildi. Xalq maarifi naziri vəzifəsini icra edən Camo bəy Hacınski iclasda Azərbaycan Hökumətinin dövlət universiteti açmaq haqqında qəti qərara gəldiyini və təşkilat komissiyasının bu çətin işi uğurla yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəyinə ümidvar olduğunu bildirdi. O, bəyan etdi ki, Azərbaycan Hökuməti universitetin Azərbaycan xalqının həyatında çox böyük mədəni və siyasi əhəmiyyətini nəzərə alaraq,onun açılması və lazımi avadanlıqlarla təchizi üçün heç nəyi əsirgəməyəcək. Komissiyaya ali məktəb işinin təşkilində böyük səriştəsi olan professor V.İ.Razumovski rəhbərlik edirdi. Universitet komissiyası haqqında əsasnaməyə görə, komissiyaya Xalq Maarifi Nazirliyindən Məhəmməd ağa Şahtaxtlı, şəhər bələdiyyə idarəsindən Əlicabbar Orucəliyev və Bakı Neft Sənayeçiləri Şurasından A.N.Saparov daxil oldular. 1919-cu il mayın 23-dən sentyabrın 9-na qədər komissiyanın 35 iclası keçirildi. Azərbaycan dilini bilən yüksəkixtisaslı mütəxəssis kadrların olmaması üzündən Bakı Universitetində təhsil rus dilində aparılmalı idi. Bu isə böyük mübahisəyə səbəb oldu. Məhəmməd ağa Şahtaxtlı "Azərbaycan" qəzetində dərc etdirdiyi məqaləsində yazırdı ki, universitetdə təhsilin rus dilində aparılmasından qorxmaq lazım deyil; universitet təhsilinin həyata keçirilməsi Azərbaycanda yüksəkixtisaslı milli kadrların yetişməsinə zəmin yaradacaq, nəticədə, milli kadrlar yetişdikcə, universitetdə təhsil tədricən Azərbaycan dilinə keçiriləcək. 
 
1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti, nəhayət, Bakıda Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Qanunda universitetin 4 fakültədən: tarix-filologiya (Şərq şöbəsi də daxil olmaqla), fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilirdi. 1919-1920 tədris ilində isə yalnız iki fakültə - tibb fakültəsinin əvvəlinci kurslarını, tarix-filologiya fakültəsinin isə birinci kursunu açmaq mümkün oldu. 1919-cu il il noyabrın 15-də universitetin auditoriyalarında ilk mühazirələr başlandı. Tarix-filologiya fakültəsində Məhəmməd Əmin Rəsulzadə və maarif naziri Rəşid Qaplanov Osmanlı ədəbiyyatından, Məhəmməd ağa Şahtaxtlı isə Azərbaycan dilinin qrammatikasından mühazirələr oxuyurdular. 1919-1920-ci tədris ilində universitetdə 1094 tələbə təhsil alırdı ki, onların da 217 nəfəri azad dinləyici idi. 
 
Cümhuriyyət hökumətinin xaricdə təhsil siyasəti
 
Cümhuriyyət dövründə Azərbaycanda ali təhsilli mütəxəssis kadrları hazırlamağın digər yolu azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə göndərilməsi idi. Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda Dövlət Universitetinin açılması haqqında qanunla bərabər, 1919-1920-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında da qərar qəbul etdi. Bunun üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə 400 frank təqaüd təyin olundu və 1000 frank yol xərci ayrıldı. Dövlət hesabına təhsil alacaq tələbələr ali məktəbi bitirdikdən sonra dörd il icbari qaydada Azərbaycan Hökumətinin təyinatına əsasən göndərildiyi yerdə işləməli idilər. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş müharibəsi getdiyi üçün təhsil almağa gedə bilməmişdi.
 
Lakin 1920-ci ilin əvvəllərində regionda vəziyyətin mürəkkəbləşməsi və həmin il aprelin 27-də Şimali Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı nəticəsində ölkədə xalq maarifinin inkişafı sahəsində nəzərdə tutulan çoxsaylı tədbirlərin həyata keçirilməsi yarımçıq qaldı. Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarifinin inkişafında və mədəni quruculuq sahəsində qısa müddət ərzində həyata keçirdiyi mühüm tədbirlər sonralar respublikada xalq maarifınin təşkilində mühüm rol oynadı.
 
Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay ərzində təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin, təhsilin inkişafına mühüm töhfələr verdi. 
 
Oruc MUSTAFAYEV


28.05.2024 | 09:00