Elm və təhsil naziri: Növbəti illərdə elm və innovasiyalar sahəsində yeniliklər görəcəyik
Bərpa olunan enerji kimi mövzuları daha yaxşı təqdim etmək üçün fundamental elmlərə düzgün yanaşma zəruridir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
 
O bildirib ki, növbəti illərdə elm və innovasiyalar sahəsində yeniliklər görəcəyik.
 
"Gündəmə yeni nəsə çıxanda dərhal buna uyğun ixtisasın yaradılması düşünülür. Hesab edirlər ki, təhsil sisteminə yeni ixtisasın əlavə edilməsi ilə problemlər həllini tapacaq. Təbii ki, yeni ixtisaslara hər zaman ehtiyac var. Xüsusilə də tətbiqi sahədə yeni ixtisaslar açılmalıdır. Lakin anlamalıyıq ki, "yaşıl iqtisadiyyat" və ya bərpa olunan enerji, eləcə də bu kimi mövzuları daha yaxşı təqdim etmək üçün sadəcə fundamental elmlərə düzgün yanaşma lazımdır", - nazir qeyd edib.
 
Qeyd edək ki, üç paneldən ibarət olan konfransda I panel “Yaşıl artım” siyasətinin gündəliyində duran məsələlərə, II panel “Yaşıl artım” naminə dövlət-özəl tərəfdaşlığına, III panel isə “Yaşıl artım” naminə bacarıqların inkişafında təhsilin roluna həsr olunub. 
 
Konfransda elm və təhsil naziri ilə yanaşı, həmçinin digər dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, xarici qonaqlar, ekspertlər və millət vəkilləri də iştirak edirlər.


27.05.2024 | 10:35