"4Sİ akademiyası" çərçivəsində 6 həftəlik təlim keçiriləcək
Mayın 24-də 1000 nəfər yeni istifadəçi “4Sİ Akademiyası” çərçivəsində Coursera platformasında 6 həftəlik təlimlərə başlayır. Beləliklə layihə başladığı tarixdən (15 sentyabr 2023-cü il) bu günə kimi 7000 nəfər ondan faydalana bilib.
 
Bu barədə “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondundan bildirilib. Bildirilib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” layihəsi çərçivəsində onlayn təhsil platforması olan “Coursera”-da 4-cü sənaye inqilabı komponentləri olan süni intellekt, böyük verilənlər (Big Data), maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, həmçinin, liderlik, kommunikasiya və ingilis dili bacarıqları da daxil olmaqla 40 nüfuzlu universitetin və aparıcı texnologiya şirkətlərinin 800-ə yaxın kursu təqdim olunur.
 
“4Sİ Akademiyası”nın istifadəçiləri bu günə kimi 2500-ə yaxın kursu uğurla bitirərək Coursera platformasında sertifikatlar əldə ediblər. Bu günədək “4Sİ Akademiyası” çərçivəsində 4-cü Sənaye İnqilabına hazırlıq istiqaməti üzrə 2415 nəfər, Data Analitikası istiqaməti üzrə 5001 nəfər, Karyera və dil bilikləri üzrə 1528 nəfər, Şəxsi inkişaf üzrə kurslardan isə 1775 nəfər istifadə edib.
 
Bu ildən Coursera platformasında 2500-dən çox kursu süni intellekt əsaslı Azərbaycan dilində alt yazı ilə də izləmək mümkündür. Bu istifadəçilərin ana dilimizdə yeni biliklər əldə etməsini xeyli asanlaşdıracaq.
Hazırda 4SİM, TİF və Coursera şirkəti bu layihənin Milli Proqram şəklində davam etdirilməsi istiqamətində işlər görür. Milli Proqram çərçivəsində 200000 vətəndaş ödənişsiz olaraq Coursera platformasında öz bilik və bacarıqlarını inkişaf etdirə biləcək.
 


24.05.2024 | 14:14