Şagirdləri fəallaşdıran "Rəqəmsal bacarıqlar" | |
132-134 nömrəli Təhsil Kompleksində rus bölməsi üzrə VI siniflərdə 'İnformatika" dərsindəyik. 'İnformatika" fənnini yeni formatda tədris edən Ələddin Şıxzamanov və İlahə Orucovanm dərsi eyni sinifdədir. Məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə yeni metodologiyanın tətbiqində daha uğurlu nəticə əldə etmək, şagirdlərin fənni mənimsəmə faizini artırmaq məqsədi ilə sinif şagirdləri iki yarımqrupa bölünüb. Bir qrupda Ələddin müəllim, ikinci qrupda isə İlahə müəllim işləyəcək.
Dərsin qonaqları da var. İnformasiya texnologiyaları (İT) sahəsində ölkədəki qabaqcıl şirkətlərin nümayəndələri dərsi müşahidə edir. Onların arasında "Microsoft", "Edumedia", "SAP", "Bestcomp", "İTE", "AzEduNet", "İT STEP" Kompüter Akademiyasının nümayəndələri də var. Təhsil Nazirliyi onları "Rəqəmsal bacarıqlar" layihəsi ilə tanış etmək məqsədi ilə infotur təşkil edib.
Dərs aparan şagirdlər
İlk 15-20 dəqiqə nəzəri biliklər, qalan vaxtda isə təcrübi məşğələlər keçilir. Dərsin nəzəri hissəsində parta arxasında olan şagirdlər müəllimin verdiyi məlumatları diqqətlə dinləyir, suallar verir, fikir mübadiləsi aparırlar. Şagirdlər müzakirələrdə fəaldırlar. Digər yarımqrupun dərsində artıq təcrübi məşğələlər başlayıb. Kompüter arxasında əyləşən şagirdlər birinci hissədə öyrəndiklərini tətbiq edirlər. İlahə Orucova deyir ki, dərs uşaqlar üçün çox maraqlı keçir:
İlahə Orucova "Rəqəmsal bacarıqlar" layihəsində fərqləndirilərək mükafatlandırılan müəllimlərdəndir. Dərslərinin effektivliyini artırmaq üçün müxtəlif üsullara əl atır: "Dərsimizi kurikulumun mərhələlərinə uyğun qururuq. Fəal uşaqları qeyd edirik və onlar dərs aparırlar. Onların dərslərindən videomateriallar hazırlayırıq. Bu metod uşaqların çox xoşuna gəlir. Daha çox həvəslənirlər. Çalışırlar ki, dərs apara bilsinlər".
İlahə müəllimin qrupunda fərqləndirdiyi şagirdlərindən olan Məryəm Hacıyeva "İnformatika" fənnini çox sevir: "İstəyirik bu dərs hər gün olsun. Çox maraqlı keçir. Dərsimizin nə vaxt bitdiyini hiss etmirik".
Müşahidədən sonra müzakirə
Dərslərin müşahidəsindən sonra "Rəqəmsal bacarıqlar" layihəsi üzrə tətbiq edilən yeni metodologiyanın şagirdlərin "İnformatika" fənnini mənimsəməsində rolu müzakirə olunub.
İştirakçılar tanışlıqdan sonra öz müşahidələri və onlara verilən məlumatlar əsasında təəssüratlarını bölüşüblər. Şagirdlərin dərs prosesində fəal iştirakı onların diqqətini cəlb edib.
“Yeni tədris metodunun şagirdlərə müsbət təsiri” mövzusunda qurulan müzakirələrdə Təhsil Nazirliyinin nümayəndəsi, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov həyata keçirilən işlərdən, gələcək planlardan danışıb. Onun sözlərinə görə, “Rəqəmsal bacarıqlar” pilot layihəsi 2017-2018-ci tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.
O, layihəyə start verilənə qədər aparılan araşdırmalara diqqət çəkib:“Layihə hazırlanarkən bu sahədə qabaqcıl ölkələrin təcrübəsi araşdırılıb. “XXI əsrdə uşaqlara nəyi öyrətməliyik?” sualına cavab axtarılıb. Təhsil Nazirliyində bu istiqamətdə geniş iş aparılıb. Tətbiq ediləcək proqram və onun hazırkı tədris metodikasına uyğunluğu müəyyənləşdirilib”.
Genişmiqyaslı araşdırmadan sonra tətbiq edilən bu layihənin toplanmış təcrübə əsasında məzmununun daim yeniləndiyini və təkmilləşdirildiyini vurğulayan F.Qurbanov yeni planlardan da danışıb: “Hazırda virtual kabinetlər formalaşdırmağı, layihə iştirakçısı olan şagirdlər arasında virtual münasibətlər yaratmağı planlaşdırırıq. Bu yolla uşaqlar virtual komandalar yaradacaq və yarışacaqlar. Bu yarışda iştirakçı komandaların üzvləri ayrı-ayrı siniflərdən təşkil ediləcək. Komandalara hər sinifdən yalnız bir şagirdin qatılması planlaşdırılıb. Bu yolla ayrı-ayn məktəblərdə oxuyan şagirdlərin bir-biri ilə münasibət qurmasını və şagirdlərimizdə komanda ilə iş vərdişini formalaşdıracağıq. Hesab edirik ki, bu vərdişin formalaşması onların gələcək iş yerlərində adaptasiyasını asanlaşdıracaq. Artıq bu gün bir çox beynəlxalq şirkətlərdə fiziki olaraq fərqli ölkələrdə çalışan əməkdaşlar virtual komandalarda birgə layihələr üzərində işləyirlər”.
Təşəbbüs göstərmə, müstəqil çalışma kimi vərdişlərin inkişafı
“Bestcom” şirkətinin nümayəndəsi Murad Əsgərzadə hazırkı işçilərdə təşəbbüskarlığın olmamasından şikayətlənib. Təmsil etdiyi şirkətin 250 işçisinin bir çoxunun hər hansı bir tapşırıq üzərində çalışdığı zaman onlara yol göstərilməsini gözlədiklərini vurğulayıb. Məktəbdə uşaqlara bu cür vərdişlərin aşılanmasının vacibliyini qeyd edib.
F.Qurbanov layihənin məqsədlərindən birinin də məhz bu olduğunu, müşahidələrin uşaqlarda təşəbbüs göstərmə, müstəqil çalışma kimi vərdişlərin inkişafına nail olunduğunu təsdiqlədiyini qeyd edib.
Xüsusi istedadı olan uşaqlarla işin yeni mexanizmi araşdırılır
Murad Əsgərzadə həmçinin təklif edib ki, siniflərdə informatika bacarığı olan xüsusi istedadlı uşaqlar seçilsin. Onlarla əlavə işlər görülməklə, gələcəyin proqramçılan və İT mütəxəssisləri yetişdirilsin.
F.Qurbanov bu təklifin də artıq Təhsil Nazirliyində müzakirə olunduğunu deyib: “Hazırda tətbiq ediləcək mexanizm üzərində iş gedir. Hesab edirik ki, layihə çərçivəsində məktəblərin əsas funksiyası informasiya texnologiyaları sahəsində xüsusi bacarığı və istedadı olan uşaqları üzə çıxarmaq, onlara gələcək karyera seçimində kömək etməkdir. Bunu hansı yolla edəcəyimizlə bağlı qərar verildikdən sonra tətbiqinə başlayacağıq”.
Dünya dəyişir, öyrətmə prosesi də dəyişməlidir
“İT STEP” Kompüter Akademiyasının direktoru Aleksey Sleptsov məktəblərin məqsədinin 10 il sonra insanın cəmiyyətdə uğur qazanması üçün ona hansı bacarıqların lazım olacağını müəyyənləşdirmək, hazırlığı məhz buna uyğun aparmaq olduğunu deyib. Rəhbərlik etdiyi Kompüter Akademiyasında təhsil almağa gələn hətta ali məktəb tələbələrinin ən sadə kompüter biliklərinin olmadığını, dərsdə sadəcə dinləyici olduqlarını qeyd edib. Onun fikrincə, dünya dəyişir və bunu nəzərə alıb öyrətmə prosesini də bu dəyişikliyə uyğunlaşdırmalıyıq. Öyrətmə prosesində düz və hərəkətsiz oturmaq yox, fəal, hərəkətli dərs prosesi olmalı, uşaqlar bir-birinə bildiyini öyrətməli, informasiya ilə işləməyi bacarmalıdırlar. Məktəb bu sahədə bilikləri aşılamalıdır ki, ixtisaslaşmış müəssisələrdə biliyini təkmilləşdirmək indiki şagirdlər üçün gələcəkdə çətinlik törətməsin.
XXI əsrin uşaqları, XX əsrin müəllimləri
132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova qeyd edib ki, əslində, dərslər kurikuluma uyğun qurulur. Bu gün məktəblər üçün tələb olunan əsas şərt müəllimlərin dəyişməsidir: “Həm ixtisas, həm də tədris metodikası üzrə nəzəri biliyi yüksək səviyyəli olan müəllimlər var. Hətta diaqnostik qiymətləndirmələrdə ən yüksək bal toplayıblar. Ancaq dərsi köhnə qayda ilə qururlar. Dərs-də şagirdin əlini-əlinin üstünə qoyub oturmağına, səs salmamağına diqqət yetirirlər. Məktəblərimizin ən böyük problemi odur ki, şagirdlərimiz XXI əsrin uşaqları, müəllimlərimiz isə XX əsrin insanlarıdır”.
Hamı kompüter proqramçısı olmayacaq
Tədbir iştirakçıları “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsini təqdirəlayiq hal kimi qeyd ediblər. Məktəblərdə yüksək texnoloji ixtisaslara marağın artırılmasında bu layihənin rolunu yüksək qiymətləndiriblər. Lakin ölkədə hər kəsi proqramçı kimi yetişdirmək də olmaz. Ən inkişaf etmiş ölkələrdə belə, proqramçılar 3-5 faiz təşkil edir. Odur ki, yeni yanaşmanın başqa fənlərə də tətbiqini vacib hesab ediblər.
Ruhiyyə Daşsalahlı
|
|
09.11.2018 | 10:23 | |
|
|
|