Olduğu kimi qəbul etmək | |
Təhsildə keyfiyyətin təmin olunmasının əsas şərtlərindən biri də inklüzivlikdir. Ümumi təhsil sisteminin ayrılmaz komponenti olaraq inklüziv təhsildə irəliləyiş təmin olunsa da, bu istiqamətdə proses sürətlə getmir. Bunu Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında 2016-2020-ci illər üçün ölkə üzrə əməkdaşlıq proqramının orta dövr icmalı (ODİ) da təsdiq edir. Belə ki, proqramın həyata keçirilməsi nəticəsində indiyədək hansı irəliləyişin əldə edildiyinə nəzər yetirilib. Baş verən dəyişikliklər sözügedən əməkdaşlıq proqramı kontekstində qiymətləndirilib. Ölkə nümayəndəliyinin proqramın əsasını təşkil edən strategiyaların, prinsiplərin tətbiqində əldə etdiyi nəticələr təhlil edilib. Belə qənaətə gəlinib ki, dövlət başçısının fərmanı ilə 2017-ci ilin dekabrında təsdiq edilən inklüziv təhsil proqramı hökumətin bu sahə üzrə prioritetlərini birmənalı olaraq müəyyənləşdirir.
Orta dövr icmalında Bakının 4 pilot məktəbində ibtidai siniflər səviyyəsində inklüziv təhsil modeli layihələndirilib və tətbiq edilib. Pilot layihədə əqli imkanları məhdud 40 uşaq inklüziv məktəb mühiti şəraitində standart təhsil prosesinə cəlb olunub. Bu, inklüziv təhsilin mümkün olduğunu göstərən nümunə kimi dəyərləndirilib. Belə ki, müəllimlərin, valideynlərin və məktəblərin layihə haqqında rəyləri müsbət və ümidvericidir. Sağlamlıq imkanları məhdud olan uşaqların diskriminasiyaya və stiqmatizasiyaya məruz qaldığı halların azaldılmasına, inklüziv təhsili dəstəkləyən mühitin yaradılmasına yönəlmiş kommunikasiya strategiyasının işlənib hazırlanmasına kömək məqsədi ilə əlilliyi olan uşaqlarla bağlı məlumatlılıq, onlara qarşı yanaşma və davranış tərzlərinə aid tədqiqat aparılıb. Əlilliyi olan uşaqlarla əlaqədar tibbi yanaşmanın üstünlük təşkil etməsi, qanunvericilikdəki boşluqlar, milli təhsil sistemində inklüziv təhsillə bağlı məlumatlılığın və potensialın zəif olması, təhsil müəssisələrinin kifayət qədər əlçatan olmaması sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərində təhsil almasını əngəlləyən başlıca amillər kimi dəyərləndirilib.
Dövlət Strategiyasından əvvəl və sonra
Sağlamlıq imkanları məhdud şəxslərin heç bir məhdudiyyət qoyulmadan təhsil hüquqlarının təmin edilməsi istiqamətində görülən işlər və buna mane olan səbəblərlə bağlı "Azərbaycan müəllimi" qəzetinə açıqlamasında Təhsilin inkişafı proqramları şöbəsinin məsləhətçisi Orxan Abbasov deyib ki, ölkəmizdə 70 minə yaxın sağlamlıq imkanı məhdud uşaq var.
Ancaq 2013-cü ildə Dövlət Strategiyasının qəbul olunması ilə inklüziv təhsilin inkişafına yönələn addımlar konkretləşdirilib. Bu məsələdə xüsusən, 2015-ci ilin yanvar ayının 19-da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nm həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı haqqında” ölkə Prezidenti tərəfindən imzalanmış sərəncam qeyd edilməlidir. Belə ki, ümumi müddəalara əsaslanan 5 strateji istiqaməti nəzərdə tutan Dövlət Strategiyası ilə bağlı Fəaliyyət Planında spesifik olaraq atılacaq addımlar konkretləşdirilib. Beləliklə, inklüziv təhsilin inkişafında iki əsas məsələ - 1.4-cü bənddə “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil üzrə Dövlət Proqramı”nm qəbulu, 2.3.8-ci bənddə isə “Məktəbəqədər və ümumi təhsil sahəsində inklüziv təhsilin xüsusi təhsil proqramlarının hazırlanması” nəzərdə tutulub.
2017-ci ilin dekabr ayında Dövlət Strategiyasında nəzərdə tutulan əsas fəaliyyət icra olunub. Prezident İlham Əliyevin sərəncamı ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib. Proqram indiyə qədər əldə edilən təcrübədən yararlanaraq bu sahədə fəaliyyətlərin icrasını nəzərdə tutur.
2018-ci il Dövlət Proqramının icrasına hazırlıq dövrü kimi qeyd olunur. Proqram 5 əsas vəzifəni özündə əks etdirir: normativ hüquqi bazanın və tədris proqramının təkmilləşdirilməsi, bu sahədə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi inklüziv təhsilə cəlb olunacaq şəxslərin məlumat bazasının yaradılması, ictimai maarifləndirmə işinin təşkili.
İnklüziv təhsilə keçid: proses niyə ləngiyir?
Orxan Abbasov indiyədək inklüziv təhsil sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin ləng getməsinin səbəblərindən biri kimi sağlamlıq imkanları məhdud uşaqların eyni kateqoriyada olmamasını əsas gətirib: “Tutaq ki, əqli, fiziki məhdudiyyəti olanlar ayrı-ayrı kateqoriyadadır. Hər hansı fiziki məhdudiyyəti olan şəxs üçün xüsusi proqrama ehtiyac yoxdur. Ancaq əqli məhdudiyyəti olan uşaqlar bir neçə kateqoriyaya bölündüyü üçün hər bir kateqoriyadan olan, hətta hər bir uşaq üçün fərdi inkişaf proqramı hazırlanmalıdır. Digər tərəfdən, tutaq ki, şəxslərdə əlilliyin müəyyən olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin olunur. Deməli, sağlamlıq imkanları məhdud olan uşaqları müəyyənləşdirib kateqoriyalar üzrə məlumat bazasını yaratmaq üçün qurumlar arasında əməkdaşlıq gərəkdir. Ona görə də qətiyyətlə deyə bilərik ki, bu məlumatlar dəqiqləşəndən sonra proqramın icrası sürətlənəcək”.
Ləngimənin əsas səbəbi: normativ hüquqi baza
Ancaq bu, ləngimənin yeganə səbəbi deyil. Orxan Abbasovun sözlərinə görə, normativ hüquqi bazanın formalaşmaması da səbəblər sırasındadır.
Bu zəmini yaratmaq üçün Dövlət Proqramında hüquqi normativ aktların tənzimlənməsi məsələlərinə diqqət yetirilib, bu istiqamətdə konkret fəaliyyətlər nəzərdə tutulub, konkret qurumlar qarşısında öhdəlik qoyulub: “Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək əsas işlərdən biri normativ hüquqi aktların təkmilləşdirilməsidir. Hazırda müzakirələri davam edən “Xüsusi təhsil haqqında” qanunda və ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsində bu istiqamətdə dəyişikliklər nəzərdə tutulub. Həmin dəyişikliklər bu sənədlərdə olan müəyyən boşluqlan dolduracaq”.
İnteqrativlik inklüzivlik deyil
Orxan Abbasov onu da qeyd edib ki, hazırda xüsusi təhsildə oxşar fəaliyyətlər həyata keçirilir: “Məsələn, xüsusi təhsilin təşkil olunduğu inteqrativ məktəblər var. Ancaq inteqrasiya tipli məktəb və ya siniflər hər hansı ümumtəhsil müəssisəsində bir sinfin xüsusi təhsilə cəlb edilməsidir. Bu da inklüzivlik demək deyil. Təəssüf ki, inklüzivlik dedikdə ilk ağlagələn insanların fiziki məhdudiyyəti ilə bağlı fikir olur. Ancaq inklüzivlik daha böyük məfhumdur. Bərabər imkanlar - həm sağlam, həm də sağlamlıq imkanları məhdud şəxslərin eyni şəraitdə, mühitdə təhsil almasına şərait yaratmaqdır”.
Korreksiyaedici münasibət, yoxsa...
Sovet təhsil sisteminin sağlamlıq imkanları məhdud şəxslərə yanaşmasına da toxunan Orxan Abbasovun sözlərinə görə, ənənəvi sovet məktəbində belə şəxslərə korreksiyaedici münasibət vardı: “Bu yanaşma məhdudiyyəti olan şəxsi korreksiya etməyə yönəlirdi. Ancaq dünyada gedən proseslər və təhsil sahəsində baş verən dəyişikliklər göstərir ki, həmin şəxsləri korreksiya etməyə ehtiyac yoxdur. Onları olduğu kimi qəbul etmək kifayətdir. İnfrastruktur və proqramlar onlara uyğun qurulmalıdır. Onlar cəmiyyətin bir parçası, bu ölkənin vətəndaşlarıdır. Odur ki, həmin şəxslərin Konstitusiya ilə verilən hüquqları təmin edilməlidir”.
Ən böyük problem cəmiyyətdir?
Orxan Abbasov hesab edir ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda ictimai maarifləndirmənin 5 əsas vəzifədən biri kimi qarşıya qoyulması təsadüfi deyil: “Bu sahədə əsas məsələlərdən biri inklüzivliyə cəmiyyətin özünün hazırlıqlı olmasıdır. Müşahidələr bu qənaətə gəlməyə əsas verir ki, ən böyük problem məhz cəmiyyətin özü olur. Valideynlər uşaqlarının təhsil aldığı siniflərdə sağlamlıq imkanları məhdud olanların təhsil almasını istəmirlər. Bunu təhsil prosesinin qarşısını alan amil kimi dəyərləndirirlər. Sosial çarxların çəkilməsi, teledebatlann təşkili, müxtəlif məktəblərdə görüşlərin keçirilməsi kimi tədbirlərlə bu fikrin dəyişdirilməsi şərtdir. Çünki cəmiyyət hazır olmadıqda proqramın icrasında müəyyən boşluqlar yaranır”.
Məktəblərin infrastrukturu təkmilləşdiriləcək
Dövlət Proqramında məktəblərin də infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulub. Buna isə növbəti tədris ilindən başlanacaq. Məktəblərdə hər iki kateqoriya - fiziki və əqli məhdudiyyətləri olan şagirdlər üçün şərait yaradılacaq: “Fiziki məhdudiyyəti olan uşaqlar üçün xüsusi proqrama ehtiyac olmasa da, onlar üçün əsas problem infrastrukturdur. Bunlar təmin edildikdən sonra növbəti illərdən sağlamlıq imkanları məhdud şəxslərin məktəblərə cəlb olunması prosesi sürətlənəcək”.
Gələcəkdə inklüziv təhsili hansı formatda görürük?
İnklüziv təhsillə bağlı dünyada qəbul olunan bir neçə modul var. Tibbi və sosial, hüquqi əsaslı modullar bir-birindən fərqlənir. Tibbi və ya sosial modulda həkimin diaqnozu əsasdır. Ancaq hüquqi modulda uşağın hüququ daha önəmlidir. Əvvəlcə hüququnu təmin edib sonra sağlamlığı haqqında vəziyyətə nəzər yetirilməlidir. Orxan Abbasov deyir ki, məhz hansı moduldan istifadə ediləcəyi hazırda Təhsil Nazirliyində gedən müzakirələrin əsas mövzularından biridir.
4 inklüziv məktəbin təcrübəsi
Maraqlıdır, bəs, bu müzakirələrdə Bakıda inklüziv təhsilin tətbiq edildiyi 4 məktəbin təcrübəsi necə qiymətləndirilir? Bu təcrübənin ölkənin digər məktəblərində tətbiqi nə dərəcədə real görünür?
Xatırladaq ki, həmin məktəblərdə ibtidai siniflər səviyyəsində tətbiq olunan inklüziv təhsil modelində əqli imkanları məhdud 40 uşaq inklüziv məktəb mühiti şəraitində standart təhsil prosesinə cəlb edilib. Bu, artıq qeyd etdiyimiz kimi, Orta dövr icmalında inklüziv təhsilin mümkün olduğunu göstərən nümunə kimi dəyərləndirilib.
Yəni, model olaraq həmin 4 məktəbdə icra olunan modelin başqa məktəblərdə də tətbiq edilib-edilməyəcəyi hələ müzakirə olunur. Orxan Abbasov bildirib ki, inklüziv təhsil sahəsində tətbiq edilməkdə olan hər modelin üstün cəhətləri var: “2005-2009-cu illərdə də tətbiq edilən proqram yaxşıdır. Ancaq həmin proqramda sağlamlıq imkanı məhdud hər şagird üçün bir müəllim nəzərdə tutulub. Buna indiki reallıqla nail olmaq çətindir. Sağlamlıq imkanı məhdud 70 minə yaxın uşaq olduğunu nəzərə alsaq, bu, 70 min müəllim deməkdir”.
Kadrların hazırlığına yönələn iki layihə
70 min müəllimin hazırlığı birdən-birə mümkün olmasa da, inklüziv təhsil sahəsində çalışacaq kadrların peşəkarlığının artırılması istiqamətində işlərə start verilib. Belə ki, UNİSEF-Azərbaycan və “Regional İnkişaf’ İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə bu ildən 2 böyük layihəyə start verib. Hər iki layihədə Təhsil Nazirliyi strateji tərəfdaşdır. Layihələr inklüziv təhsil sahəsində çalışacaq kadrların hazırlığına dəstək olacaq. Artıq icrasına başlanılan layihələr çərçivəsində Bakı şəhərinin və bir neçə başqa rayonun ümumtəhsil müəssisələrində, pedaqoji ixtisaslar olan universitetlərdə resurs mərkəzlərinin yaradılması nəzərdə tutulub. Yaradılacaq resurs mərkəzləri ənənəvi metod kabinet rolunu oynayacaq. Nəzərdə tutulan rayon və ya şəhərlərdə inklüziv siniflərdə dərs keçən müəllimlər mütəmadi olaraq oradakı resurslardan, avadanlıqlardan yararlana biləcəklər.
UNİSEF- Azərbaycan “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” adlı layihədə ümumtəhsil müəssisəsinin bir sinfini bütün avadanlıqlarla təchiz edəcək: “İndiyədək bu sahədə olan ən böyük çatışmazlıq resurs azlığıdır. Hətta ali təhsil müəssisələrində bu sahədə dərslər ayrıldığına baxmayaraq, müəllimlər kitab və dərsliklərin azlığından şikayətçidirlər. Məcbur olurlar xarici dillərdə olan ədəbiyyatlardan tərcümə edib yararlansınlar. Bu layihə çərçivəsində məhz lazımi resursların tərcüməsi də nəzərdə tutulub”.
“Regional İnkişaf’ İctimai Birliyi isə ali təhsil müəssisələrində resurs mərkəzləri yaradacaq. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsində müəllim və tələbələr üçün nəzərdə tutulan resurs mərkəzlərində ixtisasartırma təlimlərinin, ali təhsil müəssisələrində təhsil proqramlarının təkmilləşdirilməsi də nəzərdə tutulub.
İnklüzivlik təhsilin bir komponentinə çevriləcək
Orxan Abbasovun sözlərinə görə, gələcəkdə inklüzivlik təhsilin bir komponentinə çevriləcək. Nəzərdə tutulub ki, pedaqoji təhsil alan bütün tələbələr ali məktəblərdə inklüziv təhsil haqqında məlumatlandırılsınlar. Hazırda işləyən müəllimlərin bu sahədə hazırlığını təmin etmək üçün isə hər iki layihə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə yaxından əməkdaşlıq edir. İnklüziv təhsil sahəsində təlim modulları hazırlanır. Həmin modullar hazır olduqdan sonra hissə-hissə bütün müəllimlərin həmin təlimlərə cəlb olunması nəzərdə tutulub. Təlimlər 2019-cu ilin fevralından başlayacaq.
Müəllimlərin bu sahədə peşəkarlığının artırılması sadəcə bu layihələr çərçivəsində nəzərdə tutulmayıb. Təhsil Nazirliyi də müəllimlərin ixtisasartırma təlimləri çərçivəsində təlim proqramları təşkil edəcək.
Bu ilin mayından başlayan layihələr 28-30 aylıq müddəti əhatə edir. Layihələrin nəticəsindən Azərbaycanın böyük gözləntiləri var: “Əsas gözləntimiz ondan ibarətdir ki, ixtisasartırma təlimləri sahəsində hazır modullarımız olsun, təlimlər keçəcək kadrlar hazırlansın, tədris bazası, dərsliklər yaradılsın. Ali təhsil sahəsindəki gözləntimiz isə fərqlidir. Layihənin icrasının nəticəsi olaraq müəyyənləşdirəcəyik ki, təhsilin bu pilləsində inklüziv təhsilə yanaşma hansı formada olsun? Məsələn, inklüziv təhsil dərs kimi, yoxsa ixtisas kimi tədris olunsun? Yoxsa, hər hansı ixtisasın tərkibində əsas dərs kimi keçilsin? Layihələrin sonunda bu suallara cavab tapılacaq”.
Proses sürətlənəcək
Beləliklə, 4 məktəbin təcrübəsinin genişləndirilməsi üçün hüquqi normativ baza olmalıdır ki, inklüzivlik ölkədə nəinki ümumi təhsildə, məktəbəqədər hazırlıqdan tutmuş ali təhsilə qədər təhsilin bütün pillələrinin bir parçasına çevrilsin. Orxan Abbasov qətiyyətlə deyib ki, növbəti 6 il ərzində həmin baza yaradılacaq: “Gələn ildən hüquqi normativ baza təkmilləşdiriləcək, infrastrukturda dəyişiklik ediləcək, bu sahədə kadrlar hazırlanacaq, psixoloji-tibbi-pedaqoji komissiyanın yeni əsasnaməsi hazırlanacaq. Dövlət Proqramının icrası ilə əlaqədar prosesin 2019-cu ildən sürətlənəcəyinin şahidi olacağıq”.
Ruhiyyə Daşsalahlı |
|
09.11.2018 | 09:41 | |
|
|
|