Psixoloq deyir ki... | |
Bu gün uşaq və yeniyetmələrin psixoloji durumunun sağlam olması onun təhsilindən daha önəmlidir desək, bizcə yanılmarıq. Bəzən valideynlər çox təəssüf ki, bu nüansa o qədər də fikir vermirlər. Uşaqdakı hər hansı bir psixoloji dəyişikliyi görməzdən gəlir, problem yarandıqda isə günahkar “axtarışına” çıxır, bütövlükdə övladının oxuduğu ümumtəhsil müəssisəsini, məktəb psixoloqlarını,müəllimləri günahkar bilirlər.
Həmsöhbətimiz Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyeva bildirir ki, bugünkü reallıq belədir ki, uşaq və yeniyetmələrin psixoloji vəziyyəti ilə əlaqədar olaraq yaranan problemlərdə həqiqətən də valideynlər məktəbi, məktəblər isə valideynləri günahlandırır: “Belə situasiyalarda iş daha çox psixoloqların üzərinə düşür. Məktəblərdə yaranan problemlərlə bağlı valideynlərlə münasibətin tənzimlənməsində, ilk növbədə, məktəb psixoloqlarının işi olduqca əhəmiyyətlidir. Belə ki, məktəb psixoloqlarının işi psixoprofilaktik və psixodiaqnostik iş zamanı təhsildə çətinliklərlə qarşılaşan, davranışlarında və ya zehni inkişafında çatışmazlığı olan uşaqları müşahidə edərək aşkar etmək, şagirdlərin şəxsi intellektual və emosional inkişafını öyrənməsidir. Təbii ki, məktəbdə sağlam psixoloji mühitin yaradılmasına ciddi nəzarət edilməsi də məktəb psixoloqunun hər zaman diqqətdə saxlamalı olduğu əsas məsələlərdən biridir”.
Psixoloqun sözlərinə görə, bəzən valideynlər bir çox məsələlərdə övladlarına qarşı etinasız yanaşaraq onlara fərdi terapiya lazım olmasına baxmayaraq məktəbdə psixoloq var,deyərək müəyyən problemlərə göz yumur, ya da onun üzərindən heç nə baş verməmiş kimi ötüb keçirlər. Əslində bu, çox yanlış bir yanaşmadır. Çünki problem öz-özünə həll olunmur, əksinə, zamanla daha fərqli şəkildə özünü büruzə verərək böyük çətinliklərə səbəb olur: “Sual oluna bilər ki, bir məktəbdə 800-1000 şagirdin olduğu təqdirdə bu qədər şagirdlə 1 psixoloqun məşğul olması nə qədər istədiyimiz nəticəni verə bilər? Məktəb psixoloqlarının işi psixoloji konsultasiya keçmək deyil. Bununla praktik psixoloqlar məşğul olmalıdır”.
Zeynəb Əliyeva qeyd edir ki, onlara müraciət edənlər arasında istər zəkasında geriləmə, istərsə də diqqət defisiti, depressiv, özgüvən əskikliyi, özünəqapanıqlıq, utancaqlığı olan, sosial fobiyaya, bullinqə məruz qalanların, davranış pozuntuları, hiperaktivlər və s. kimi psixi pozuntuları olanların sayı olduqca çoxdur. Bəzən gecikmiş formada gələn uşaqların valideynlərinə “Niyə bu zamana kimi bizə gətirməmisiniz?” - sualına cavabları məlumatlarının olmadığını, övladlarının qeyri-sağlam psixoloji durumlarının bu qədər ciddi fəsadlara yol açacağını ağıllarına belə gətirmədiklərini söyləyirlər.
Məktəb psixoloqları nə etməlidir?
Psixoloq uşaqlarla bağlı məktəbdə baş verə biləcək hər hansı psixoloji durumun vaxtında aşkarlanması və gələcəkdə müəyyən fəsadların baş verməməsi üçün məktəb psixoloqlarının fəaliyyətində görməli olduqları əsas məqamlara diqqət çəkərək qeyd edir ki, məktəb psixoloqlarının işi korreksiya etmək, terapiya keçmək deyil: “Məktəb psixoloqları pedaqoqlarla sıx əlaqədə olmalı, həm onları, həm də valideynləri maarifləndirməlidirlər. Mütəmadi olaraq dərslərdə iştirak edərək uşaqları müşahidə etməli, siniflər üzrə şagirdlərin psixoloji durumu, yaş xüsusiyyətləri nəzərə alınmaqla mövcud vəziyyəti təhlil etməli, müəyyən tövsiyələr verməli, psixoloji durumunda müəyyən narahatlıqları olan və eyni zamanda bunu nəzərəçarpan şəkildə göstərən şagirdlərlə fərdi görüşüb ətraflı söhbətlər aparmalıdırlar. Və daha sonra onların həm sinif rəhbəri, həm də valideynləri ilə əlaqə saxlayaraq psixoterapevtə yönləndirməlidir.
Valideynlərlə işləmək...
Valideynlərlə işləmək məktəb psixoloqunun əsas fəaliyyətlərindən biridir. Psixoloqun fikrincə, valideynlərlə istər fərdi, istərsə də seminar xarakterli görüşlərin keçirilməsi məqsədəuyğundur. Şagirdlərlə müxtəlif maarifləndirici mövzular üzrə qrup təqdimatlarında valideynlərin müşahidəsini təşkil etmək isə onların psixoloqa olan münasibətini önəmli şəkildə dəyərli etməsinə şərait yaradacaqdır.
Zeynəb Əliyeva sonda məktəb psixoloqlarına fəaliyyətlərini gücləndirmək üçün üzərlərində daha çox çalışmalarını, öz sahələrində daha da inkişaf və təkmilləşmək üçün müxtəlif seminar və kurslarda iştirak etmələrini tövsiyə edir.
Samirə KƏRİMOVA
|
|
24.05.2024 | 10:00 | |
|
|
|