Millət vəkili paytaxtdakı 13 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb | |
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Musa Qasımlı “Məktəbdə...” layihəsinin qonağı olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 13 nömrəli tam orta məktəbdə keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı ildönümü ərəfəsində məktəblilərlə görüşən M.Qasımlı həmin tarixi dövrün ən vacib məqamlarını şərh edib, Şərqdə ilk demokratik respublika yaratmağın o dövr üçün nə dərəcədə çətin olduğu, bu yolda mübarizəyə qoşulan insanların əzmkarlığından danışıb. Qonaq müstəqil, demokratik respublikanı yaradanların həyata keçirməyə başladıqları islahatlardan, xüsusilə təhsil sahəsində atılan əhəmiyyətli addımlardan söz açıb.
M.Qasımlı özünün məktəb, tələbəlik illəri ilə müqayisədə bu gün məktəbin, müəllimin nüfuzu, bu müqəddəs dəyərlərin qorunmasında cəmiyyətin üzərinə düşən vəzifələr, məktəb-icma münasibətlərinin düzgün tənzimlənməsinin təhsilin keyfiyyətinə göstərdiyi təsirlərdən danışıb. Qonaq ailə, cəmiyyət, ümumilikdə ölkə üçün faydalı, layiqli vətəndaş kimi yetişmələri üçün yeniyetmə və gənclərin üzərinə düşən vəzifələrdən söz açaraq onlara tövsiyələrini verib, şagirdləri düşündürən sualları cavablandırıb.
Şagirdlərin intellektual təfəkküründən və müzakirələrdə aktiv iştirakından məmnunluğunu bildirən M.Qasımlı “Mən gözəl bir məktəbə qonaq gəlmişəm” sözləri ilə fikirlərini ifadə edib.
Daha sonra M.Qasımlı müəllifi olduğu kitabları məktəbə hədiyyə edib.
Görüş zamanı qonağın rəsmini çəkən şagirdlərə dostluq şarjına görə təşəkkürünü bildirən M.Qasımlı məktəbdən xoş təəssüratlarla ayrılıb.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.
|
|
23.05.2024 | 16:46 | |
|
|
|