Dayanıqlı inkişafın yeni dövrü - “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş beynəlxalq konfrans | |
Mayın 23-də Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR) öz işinə başlayıb.
“Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib ki, tədbir “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Tədbirin təşkilinə görə, təşkilatçılara minnətdarlığını çatdıran rektor UNEC-in inkişaf strategiyasını əks etdirən statistik məlumatları diqqətə çatdırıb.
“Hədəf UNEC-in 2030-cu ilə qədər tədqiqat universitetinə çevrilməsidir”
Ə.Muradov bildirib ki, 2018-ci ildə UNEC-in inkişaf strategiyası (UNEC-100) qəbul olunub. Strategiya ali təhsil müəssisəsinin 100 illiyinin qeyd olunacağı 2030-cu ilə əsas strateji hədəf və məqsədlərini müəyyən edir. Strategiyanın əsas hədəfi UNEC-in 2030-cu ilə qədər tədqiqat universitetinə çevrilməsidir. “Strategiyada əksini tapmış 7 əsas istiqamətlərə baxıldıqda əsas hədəf elmi tədqiqatlardır. Bu da təsadüfi deyil. Hədəf ondan ibarətdir ki, UNEC “Scopus” və “Web of Sciense” bazasında indeksləşən məqalələrin sayına görə, Azərbaycan ali təhsil müəssisələri arasında lider mövqeyinə yüksəlsin. Rektor bu sahədə universitetin əldə etdiyi bəzi nəticələri diqqətə çatdırıb.
“Scopus”da indeksləşmiş bazalarda 2018-ci illə müqayisədə UNEC müəlliflərinin məqalələrinin sayı 11 dəfə, 2014-2018-ci illə müaqayisədə istinadların sayı 2024-cü ildə 59 dəfə artıb. “Bu böyük uğurdur. 2017-ci ildə “Web of Sciense” və “Scopus”da UNEC müəlliflərinin birinci kvartildə yer almış məqalələrin sayı 5 olub. 2023-cü ildə isə onların sayı 172 olub, bu ilin 5 ayı arzində ötənilki həddi aşmışıq. Bu ilin sonunda hədəf Q1-də olan məqalə sayını 2 dəfə artırmaqdır".
2017-ci illə müqayisədə 2024-cü ildə Q1-də dərc olunmuş məqalələrin sayı 35 dəfə artıb. “Scimago Reytinq İnstitutu”nun məlumatına əsasən, Q1-də olan məqalələrin sayına görə UNEC ölkədə lider tədqiqat universitetdir.
2014-2024-cü ildə indekslənən elmi məqalələrin 93 faizi kvartilli jurnallarda dərc olunan elmi əsərlərin payına düşür. “Scopus” bazasında indekslənən elmi məqalələrin 97, istinad sayının 99, xarici müəlliflərlə hazırlanmış məqalələrin 99 faizi 2014-2024-cü illərin payına düşür.
Rektor əlavə edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində xüsusi olaraq 5 kitab hazırlanıb.
Elm və təhsilin inkişafına təkan
Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, belə bir tədbirdə elm və tədqiqatlardan danışmaq çox təqdirəlayiqdir. Nazir əlavə edib ki, bu cür müzakirələr Azərbaycan elmi və təhsilinin inkişafına təkan verir. Nazir bildirib ki, elm və ali təhsil haqqında danışarkən onun bir görünən tərəfi var, bunu ictimaiyyət görür və daha çox görünən tərəfi əsasında ali təhsil barədə fikir formalaşır. Digər tərəfdən ali təhsilin inkişafına təsir edən amillər var.
Emin Əmrullayev çıxışında ölkəmizdə elm və təhsilin inkişaf tendensiyalarına dair bir sıra fikirlər səsləndirib:
*Azərbaycan kontekstində ölkəmizin ali təhsil müəssisələri müəyyən mənada gənc universitetlərdir. Çünki uzun müddət dövlətin daha çox periferik xarakter daşıyan və kadr hazırlığına fokuslanan ali təhsil müəssisələri olub.
*İslahat prosesində bəzi ali təhsil müəssisələrinin adının institutdan universitetə və akademiyaya dəyişməsi, hazırda isə onların universitetləşməsi prosesini görmək çox xoşdur.
*İstənilən ali məktəbin istər nüfuzunu, reytinqini müəyyən edən ən vacib məsələ onun həyata keçirdiyi elmi-tədqiqatın çəkisi və keyfiyyətdir.
* Son illərdə davamlı olaraq bir sıra ali təhsil müəssisələrimizin elmi-tədqiqat işlərinin həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri müşahidə olunur.
* Bu gün UNEC-də bu sahədə gördüyümüz dinamika Azərbaycanın ali təhsil müəssisələri üçün səciyyəvidir.
* Sevindirici haldır ki, normalaşdırılmış istinadların keyfiyyətində də əsaslı fərqlər var. Bu da yaxşı xəbərdir.
* Bizim üçün vacib məsələ ali təhsildə siyasət alətlərini düzgün tənzimləməkdir.
* Universitetlərimiz üçün ən böyük problem mövcud maliyyələşmə modelidir. Çünki adambaşına maliyyələşmə modeli yalnız tələbənin tədrisinə yönəlik xərcləri ödəyən bir modeldir. Bunun içində hər hansı tədqiqat komponenti yoxdur.
* Təhsil haqqı ilə tədqiqatları maliyyələşdirmək müəyyən mənada çətin prosesdir ki, bu gün universitetlər təhsil haqlarından qənaət etdiyi vəsait hesabına yalnız tədqiqat işlərini maliyyələşdirir. Çünki hədəfli tədqiqat maliyyələşdirmə alətləri hazırda yox səviyyəsindədir. Ötən il biz ilk dəfə olaraq universitetlərin bu və digər göstəricələrinə əsasən, müvafiq pilot qaydasında maliyyələşdirmə alətini tətbiq etmişik. Bu, ilkin addımdır. Elm və Təhsil Nazirliyi nəzdində olan bir neçə ali təhsil müəssisəsinə bu məqsədlə 8 milyon manat verilib, harada ki, hansısa tədqiqat komponenti var.
* Daha çox tədqiqat aparmaq istəyiriksə, biz tədqiqatın maliyyələşdirmə formuluna yenidən baxmalıyıq və hazırda baxmaqdayıq. İnanıram ki, yeni tədris ilindən yeni formulu haqqında danışa biləcəyik. Hazırda bununla bağlı sıx işimiz gedir və ən qısa zaman ərzində bu formulun tətbiqinin tərəfdarıyq.
* Azərbaycanda 130-dan artıq elmi-tədqiqat institutu var. Böyük Britaniyada cəmi 28-29 laboratoriya var. Bu, elmə münasibəti göstərən rəqəmdir. 5-10 ilə alim yetişdirmək mümkün deyil və burada səbrlə işləmək lazımdır.
* Biz ən yaxşı halda çox ixtisaslaşmış mütəxəssis hazırlaya bilirik. Amma tədqiqatçı hazırlaya bilmirik.
* Bir çox hallarda müasir elmi-tədqiqat ali təhsil müəssisəsi ilə elmi-tədqiqat institutunun bir-birindən ayrılmasını təsəvvür edə bilmir. Elm olmadığı halda tədrisi təşkil etmək olmur.
* Doktorantura proqramları köklü dəyişməlidir. Kredit əsaslı doktorantura proqramlarının yaradılması üçün tədqiqat, layihələrin maliyyələşdirilməsi, xaricdən alimlərin gətirilməsi, jurnalların, elmi mobilliyin maliyyələşdirilməsi alətlərini verilmiş maliyyə əsasında Azərbaycan universitetlərinə təqdim etməyə çalışırıq”.
* Bu il xaricdə təhsil proqramı vasitəsilə 100-ə qədər vətəndaşın top-10 universitetə qəbul olması gözlənilir. Onların təhsili Azərbaycan tərəfindən maliyyələşdiriləcək.
Tədbirdə çıxış edən Türkiyənin Rəqabət Qurumunun rəhbəri Birol Küle dayanıqlı inkişaf sahəsində həyata keçirilən təşəbbüslərdən, türk dövlətlərinin bu sahədə sıx koordinasiyasının əhəmiyyətindən danışıb, tədbirin təşkilatçılarına təşəkkürünü çatdırıb.
Qeyd edək ki, mayın 26-dək davam edəcək konfransda 38 ölkədən, 83 universitet və tədqiqat qurumundan 374 tədqiqatçı iştirak edəcək və 42 sessiyada 245 tədqiqat işi məruzə olunacaq.
Oruc MUSTAFAYEV
|
|
23.05.2024 | 15:21 | |
|
|
|