Emin Əmrullayev: Daha çox elmi-tədqiqat istəyiriksə, yeni maliyyələşmə forması hazırlanmalıdır
Ali təhsil müəssisələrindən daha çox elmi-tədqiqat aparmalarını istəyiriksə, maliyyələşmə formasına yenidən baxılmalıdır.
 
"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.
 
Nazir bildirib ki, hazırda bu istiqamətdə işlər görülür: "Hesab edirəm ki, növbəti tədris ilində yeni formula haqqında danışa biləcəyik. Bununla bağlı sıx iş gedir".
 
E.Əmrullayev əlavə edib ki, ali təhsil müəssisələrində elmi-tədqiqat işləri ilə bağlı ən böyük problem mövcud maliyyələşmə modelidir.
 
"Təhsil haqqı ilə elmi-tədqiqatları maliyyələşdirmək çətin prosesdir. Nəzərə alaq ki, bu gün bəzi universitetlər təhsil haqqından qənaət etdiyi vəsait hesabına tədqiqat işləri görür. Yalnız ötən il pilot şəklində maliyyələşmə forması tətbiq edilib. Nəticədə 8 milyon manat bir neçə ali təhsil müəssisələrinə verilib. Azərbaycanın ali təhsil müəssisələri gəncdir. Uzun müddət ərzində kadr hazırlamağa fokuslanan müəssisə olub. İstənilən reytinq nüfuzunu müəyyən edən əsas amil elmi-tədqiqatın çəkisi və keyfiyyətidir. Artıq bütün dünyada elmi-tədqiqatların ölçülməsinin açıq metrikləri var. Son bir neçə ildə davamlı artan istiqamətdə bir sıra universitetlərimizin elmi-tədqiqat işlərində kəmiyyət və keyfiyyət dəyişiklikləri müşahidə olunur. Bu dinamika da səciyyəvidir", - nazir vurğulayıb.


23.05.2024 | 10:56