“Zərif mühəndislər” təqaüd proqramının qaliblərinin adları açıqlanıb | |
Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zərif mühəndislər” xanımların inkişafı proqramının qaliblərinin adları açıqlanıb.
Fonddan "Azərbaycan müəllimi"nə bildirilib ki, layihəyə ümumilikdə 573 müraciət daxil olub. 105 nəfərin müraciət ərizəsi təşkilat komitəsi tərəfindən baxıldıqdan sonra, müsahibə mərhələsinə vəsiqə qazanıb. Həmin mərhələni uğurla yekunlaşdıran 50 nəfər isə “Zərif mühəndislər” təqaüd proqramının qalibi olub.
Qaliblərin siyahısı ilə keçidə daxil olaraq tanış ola bilərsiniz: https://bit.ly/3Ka891t
“Zərif mühəndislər” xanımların inkişafı proqramının başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.
Layihə çərçivəsində qalib gələn 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlər təşkil olunacaqdır.
Namizədlərin seçimi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələsindən ibarət olub. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınıb. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülüb. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallar verilib.
|
|
22.05.2024 | 15:53 | |
|
|
|