Dövlət İmtahan Mərkəzinin fəaliyyəti Lənkəranda müzakirə olundu

“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda silsilə konfranslar davam edir.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən növbəti konfrans Lənkəran şəhərində keçirilib. Tədbirdə DİM Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev, şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, Lənkəran Dövlət Universitetinin rektor və müəllim heyəti, ətraf rayonlarda yerləşən kolleclərin direktorları, təhsil şöbələrinin müdirləri, imtahan rəhbərləri və nəzarətçi-müəllimlər iştirak ediblər.

 

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev Dövlət İmtahan Mərkəzinin  fəaliyyəti haqqında məlumat verib. N. Babayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. Dolayısıyla, yeni yaradılmış olmasına baxmayaraq, Mərkəz biliyin qiymətləndirməsi üzrə 26 illik təcrübəyə malikdir. Bu gün DİM ali təhsilin müxtəlif səviyyələrindən tutmuş dövlət qulluğuna qədər müxtəlif sahələrdə yüksək əhəmiyyətli qəbul imtahanları və digər prosedurları həyata keçirir. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, Mərkəzin fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub.

 

Daha sonra konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən təqdimatlar edilib və Mərkəz tərəfindən həyata keçirilən imtahanlar, imtahanların təşkili və idarəedilməsi məqsədi ilə aparılan hazırlıq işləri və fəaliyyət istiqamətləri, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılması texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, elektron informasiya ehtiyatlarının yaradılması, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.

 

Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər mükafatlandırılıb.

 

Növbəti konfranslar Naxçıvanda noyabrın 13-də, Bakı şəhərində isə noyabrın 17-də keçiriləcək.

 

Xatırladaq ki, ilk konfrans noyabrın 3-də Gəncədə, ikinci konfrans isə noyabrın 5-də Şəki şəhərində keçirilib. Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri,  Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.



08.11.2018 | 17:06