Azərbaycanda ilk dəfə “Ekonəqliyyata keçid” sərgisi təşkil edilib
Mayın 22-də Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi keçirilib.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin keçirilməsində məqsəd ekoloji cəhətdən təmiz və davamlı elektrik və hibrid nəqliyyatını təşviq etmək, EV Sektorunda aparıcı maraqlı tərəfləri birləşdirmək, ekoloji nəqliyyata keçiddə peşə təhsilinin rolunu vurğulamaq və sərgi iştirakçıları, investorlar, düşüncə liderləri və geniş auditoriyaya şəbəkələşmə imkanı yaratmaqdan ibarətdir.
 
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri, Bakıda yerləşən peşə təhsil müəssisələrinin rəhbərləri və işçiləri, elektrik və hibrid avtomobilləri, elektrik velosipedləri, elektrik skuterləri istehsal edən və satışını həyata keçirən şirkətlərinin rəhbərləri və nümayəndələri və bərpa olunan enerji üzrə ekspertlər iştirak ediblər.
 
Həftə çərçivəsində mayın 24-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Kənd təsərrüfatında yaşıl innovasiyalar mövzusunda infotur keçiriləcək. Həftənin yekunu olaraq mayın 27-də milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaq məqsədilə "Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçiriləcək.
 
 


22.05.2024 | 12:11