“Gələcəkdə öz rəqs məktəbimi açmağı düşünürəm” - 12 yaşlı istedad | |
12 yaşlı istedad Nuray Məmmədzadə ilə ilk tanışlığım “YouTube” platformasından başladı. Gözəl rəqs ifası, səhnə davranışları diqqətçəkici idi…
Paytaxtdakı 58 nömrəli tam orta məktəbin 6-cı sinfində oxuyan Nurayla görüşümüz isə “Azərbaycan müəllimi”nin redaksiyasında baş tutdu.
Xətai rayonunun “Buta” rəqs ansamblının üzvü olan Nuray milli və dünya rəqslərini məharətlə ifa edir. İspan, tacik, özbək, əfqan rəqslərini sevir, amma ən çox bəyəndiyi milli rəqslərdir. O, rəqsə kiçik yaşlarından maraq göstərib. Səhnəyə 6 yaşında “Qərənfil” mahnısı ilə çıxıb və elə ilk uğurunu da o zaman qazanıb - I yerə layiq görülüb.
Ayrı-ayrı illərdə müxtəlif müsabiqələrə qatılıb və medallar əldə edib. Belə ki, Şəki Dövlət Dram Teatrında “Böyük Qafqaz incəsənət və rəqs kuboku” yarışmasında Nuray solo rəqsi ilə çıxış edib, həm medal, həm də kubok qazanıb. Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrında keçirilən “Kəpəz Kuboku 2020” adlı regional incəsənət müsabiqəsində I yerə sahib olub. 2021-ci ildə “Rəqs inciləri”, “Dostlar asimanda görüşür” festivalında “İnnabı” rəqsini ifa etməklə I yerə layiq görülüb.
Nurayın uğurları davamlı olub. O, 2023-cü ildə Bakı rəqs çempionatına qatılıb və hind rəqsi ifa edərək II yeri qazanıb. Həmin ildə Qafqaz Rəqs Kuboku Qalibləri adlı yarışmada, “Gold Star” Beynəlxalq rəqs yarışmasında çıxışı ilə birincilər sırasında dayanıb.
Hər bir istedadlı şagirdin uğurunun arxasında həm də valideyn dəstəyi və müəllim əməyi dayandığı kimi, Nurayın da uğurlarında anasının və rəqs müəllimi Zaur Qasımovun payı var. Nuray anasının dəstəyini və müəlliminin onun üzərindəki əməyini belə ifadə edir:
“Anam marağımı nəzərə alaraq, məni rəqslərə aparırdı. Məktəbimizdə keçirilən əlamətdar günlərdə milli rəqslərlə çıxış etməyimi məsləhət görürdü. Bu gün də bu yolda mənə hər cür dəstək göstərir. Rəqs müəllimim bu sənəti mənə gözəl öyrədir. Hərəkətləri təkrar-təkrar göstərir. Mən də çalışıram müəllimimin dediklərini dəqiqliklə yerinə yetirim”.
Müəllimi Zaur Qasımov isə Nurayın istedadı haqda belə düşünür: “O bizim fəxrimizdir, respublika və beynəlxalq miqyaslı yaradıcılıq hesabatlarında rəqs kollektivi ilə birgə uğurlara imza atıb. Rəqsə həvəslidir, hərəkətləri tez götürür. Nuray ona olan inamımızı doğruldur, həm bizi, həm də valideynlərini sevindirir. 2023-cü ilin mayında Rəşid Behbudov adına Mahnı Teatrında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirdə münsiflər heyəti Nurayın Bakı Xoreoqrafiya Akademiyasında məşqlərə cəlb olunmasını təklif etdi. Lakin yaşı az olduğu üçün qəbul olunmadı. 7-ci sinifdən isə rəqs dərslərini orada alacaq”.
Həm də əlaçı şagird olan, Azərbaycan dili və ədəbiyyat fənlərini çox sevən Nurayın arzusu gələcəkdə rəqs müəllimi olmaqdır: "Rəqslərimizi dünyada tanıtmaq ən böyük arzumdur və bunun üçün də səylə çalışıram. İstəyirəm, böyüyəndə öz rəqs məktəbimi yaradım. Bunun üçün ad da düşünmüşəm. Məktəbimin adı "Nuray dance school" olacaq”.
Qeyd edək ki, Nuray bu il Türkiyə televiziya kanalında nümayiş olunan “Yetenek sizsiniz” verilişinə dəvət alıb. Eyni zamanda Hindistanda keçiriləcək beynəlxalq yarışa hazırlaşır.
Sifai SƏFƏROVA
|
|
22.05.2024 | 11:13 | |
|
|
|