Qarabağ Universitetinin rektorundan ilk açıqlama: “Doğma torpaqlarımızda fəaliyyət göstərmək şərəfdir!”
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Qarabağ Universitetinin rektoru təyin olunan Şahin Bayramov özünün sosial media hesabında paylaşım edib.
 
Paylaşımda qeyd olunur: 
 
"Bu etimada görə Cənab Prezidentimizə sonsuz təşəkkürümü bildirirəm! Doğma Qarabağımızın adını daşıyan ali təhsil müəssisəsinə rektor təyin olunmaq sözlə ifadə edilməsi mümkün olmayan fəxarətdir. Qürur hissləri keçirirəm. Eyni zamanda bu təyinat çox böyük məsuliyyətdir!
 
Göstərilən etimadı doğrultmaq və yeni dövrün tələblərinə cavab verən müasir universitet qurmaq üçün var gücümüzlə çalışacağıq!
 
Qarabağ Universiteti işğaldan azad olunan torpaqlarımızda fəaliyyət göstərəcək ilk ali təhsil müəssisəsi kimi tariximizə düşəcək!
 
Doğma torpaqlarımızda fəaliyyət göstərmək şərəfdir! Bu şərəf və qürur hisslərinə görə, doğma torpaqlarımızı düşmən işğalından azad edən Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirir, Şəhid qardaşlarımıza Allahdan rəhmət diləyir, Qazi qardaşlarımıza şəfa arzulayır, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edirəm!".


21.05.2024 | 12:43