AzTU-da 16 şəhərin şəhərdaxili hərəkət planı müzakirə olunub
Azərbaycan Texniki Universiteti (AzTU) Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay və Ağcabədi daxil olmaqla 16 şəhərin şəhərdaxili hərəkət (mobillik) planını hazırlayaraq yekun müzakirəsini təşkil edib.
 
“Azərbaycan müəllimi” AzTU-ya istinadən xəbər verir ki, bu məqsədlə təşkil edilən “dəyirmi masa”da İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar nazirlikləri, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, Suraxanı və Yasamal rayon icra hakimiyyətləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və müvafiq şirkətlərin nümayəndələri iştirak ediblər.
 
AzTU-nun rektoru Vilayət Vəliyev mobillik planının hazırlanmasının iqtisadi, sosial və ətraf mühitə verdiyi töhfələri onə çəkərək layihə əsasında gəlinən əsas nəticələri vurğulayıb. Qeyd edib ki, əsas nəticələr dövlət-sənaye-universitet iş birliyinin və ictimaiyyətin iştirakı ilə müzakirə platformasının yaradılması, digər tərəfdən mobillik proqramını hazırlayan tələbə-müəllimlərdən ibarət mütəxəssis komandasının və infrastrukturun formalaşması, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə Bakıda keçiriləcək COP29 üçün əhəmiyyətli töhfədir.
 
AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin nəticələrinə dair geniş təqdimatla çıxış edib. Bildirib ki, layihənin fərqliliyi onun insanyönümlü olmasındadır. Burada tədqiqatlar insanların fikirləri əsasında hazırlanan sorğuların nəticələrinə görə aparılıb. Layihədə AzTU-nun magistr tələbələri yaxından iştirak edib. Fuad Daşdəmirov deyib ki, məqsəd təkcə şəhərdaxili hərəkətliliyin (mobilliyin) optimallaşdırılması deyil, həm də onun gələcək inkişafı üçün fundamental elmi əsaslar yaratmaqdır.  
 
Daha sonra dəyirmi masa iştirakçıları layihə nəticələrini geniş müzakirə ediblər.


20.05.2024 | 17:12