“TƏMƏL” platforması çərçivəsində maarifləndirmə həftəsinə start verilib
20 may 2024-cü il tarixdən etibarən "TƏMƏL" platforması çərçivəsində iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçid və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsinə start verilib. Maarifləndirmə həftəsi çərçivəsində 20 may tarixində İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində “İstehsal, ətraf mühit və bərpa olunan enerji” mövzusunda interaktiv seminar və bərpa olunan enerji mənbələrinin nümayişi keçirilib.
 
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində məqsəd istehsalda bərpa edilən enerji mənbələrindən istifadə, enerjiyə qənaət, yaşıl keçidin ətraf mühitə təsirinin və peşə təhsilinin bərpa edilən enerji qurğularına xidmət sahəsində mütəxəssislərin yetişdirilməsində rolunun müzakirəsidir.
 
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri, Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən peşə təhsil müəssisələrinin rəhbərləri və işçiləri, bərpa olunan enerji sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı qeyd edilib ki, yaşıl iqtisadiyyata keçid ölkəmizdə prioritetdir və bu istiqamətdə kadr hazırlığı hər gün daha geniş vüsət alır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov: “Alternativ və bərpa olunan enerji mənbələri istiqaməti və yaşıl bacarıqlara keçid peşə təhsili sistemi üçün də yeni və vacib istiqamətlərdəndir. Bu istiqamətdə növbəti tədris ilində “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı”, “Günəş panelləri quraşdırıcısı və təmirçisi” və “Elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik” ixtisaslarına ümumilikdə 240 nəfər tələbəni qəbul etməyi planlayırıq. Paralel olaraq tədris proqramları və dərsliklərin hazırlanması prosesi də davam edir. Müvafiq ixtisaslar üzrə artıq iki dərslik xarici dillərdən tərcümə olunub". Agentlik rəhbəri onu da vurğulayıb ki,  işəgötürənlərin də bu istiqamətdə kadr hazırlığı prosesində fəal iştirak etməsi çox əhəmiyyətlidir.
 
Bildiririk ki, həftə çərçivəsində 22 may tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Eko-nəqliyyata keçid” sərgisi və 24 may tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Kənd təsərrüfatında yaşıl innovasiyalar mövzusunda infotur keçiriləcək. Həftənin yekunu olaraq 27 may tarixində milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaq məqsədilə "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfrans keçiriləcək.
 
Qeyd edək ki, "TƏMƏL" (Peşəkar kadrların təminatı üzrə tərəfədaşlıq və məlumatlandırma) platformasının məqsədi peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin daha da genişləndirilməsinin təmin edilməsidir.


20.05.2024 | 16:38