Günay Əkbərova: 4500 ingilis dili müəllimi sertifikatlaşdırma təlimlərimizdə iştirak edir | |
"Bu gün sertifikatlaşdırma məsələsi gündəmimizin ən aktual mövzusudur. Hər bir şagird necə həyəcanla imtahana vaxt ayırır, hazırlaşırsa, bir məsuliyyətli müəllim də bu prosesə elə hazırlaşır".
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova deyib.
O bildirib ki, hazırda Gənc Xarici Dil Müəllimləri Birliyinin respublika üzrə təşkil etdiyi sertifikatlaşdırma təlimləri davam edir:
"Təlimlər ingilis, fransız, rus dili və metodika üzrə aparılır. Təkcə ingilis dili üzrə sertifikatlaşdırma marafonunda müxtəlif regionlardan olan 4500 müəllim iştirak edir. Biz bu təlimlərdə bacardığımız qədər müəllimlərin bu yöndə qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən gələ bilmələri üçün bütün suallarını cavablandırmağa, metodiki yöndən edə biləcəyimiz hər şeyi etməyə çalışırıq. Dərslər həftədə 4 dəfə olmaqla onlayn təşkil olunur. Bundan başqa, təlimlər zamanı audio, video qeydlər aparılır və daha sonra müəllimlərə göndərilir. Komandamız hər an, hər saniyə ölkəmizin əldə etdiyi təhsil uğurlarının daha da artması, müəllimlərin mütəmadi inkişafına dəstək olmaq üçün sertifikatlaşdırma prosesində də aktiv iştirakımızı davam etdirəcəyik".
Günay Əkbərova qeyd edib ki, Gənc Xarici Dil Müəllimləri Birliyi yarandığı gündən bu yana müəllimlərin ictimai və sosial həyatında xüsusi yer tutmağa başlayıb:
"Təlimçilərimiz fərqli ölkələrdə, fərqli təlimlərdə iştirak edərək beynəlxalq arenadakı yenilikləri ölkəmizə gətirir, daimi şəkildə topladıqları metodiki təcrübələri müəllimlərlə bölüşürlər. Bu bizim qarşımıza qoyduğumuz ən ali məqsədlərdən biridir. İki ildir yaranmasına baxmayaraq artıq birliyimizin 6000-ə yaxın üzvü var və respublikanın bir çox bölgələrində həm üzbəüz, həm də onlayn təlimlər keçirilib. Qeyd edim ki, bu təlimlər təkcə ingilis dili üzrə yox, həmçinin ölkə ərazisində tədris edilən digər xarici dillər üzrə də aparılır".
Birlik sədri onu da qeyd edib ki, təlimlər təkcə yerli təlimçilər tərəfindən deyil, həmçinin də təcrübəli xarici təlimçilər və qurumlar tərəfindən də keçirilir:
"Biz çalışırıq ki, müəllimlərin müasir metodlarla tanış olması və dərslərinin daha səmərəli təşkil olunması üçün beynəlxalq tərəfdaşlarla da əməkdaşlıq edək. Bu yolda da uğurlu fəaliyyətimiz var. Artıq bizim hər günümüz “Zəfər günü”, hər ilimiz “Zəfər ili”dir. Biz qalib xalqın qalib müəllimləriyik. Düşüncəmizlə, əməlimizlə bir sözlə bütün etdiklərimizlə ölkəmizin ictimai proseslərində əlimizdən gələni etməyə, daha çox fayda verməyə çalışırıq. Bizim təlimlərimizdən ən yaddaqalan və zəruri olanı isə "Böyük Qayıdış" layihəsi çərçivəsində Şərqi Zəngəzur və Qarabağ Regional Təhsil idarəsinin tabeliyində olan tarix və coğrafiya müəllimlərinin 6 ay müddətində ingilis dili bacarıqlarının artırılması üçün olan layihədir. Biz təkcə xarici dil müəllimlərinə təlimlər keçmirik. Çalışırıq ki, bütün müəllimləri, digər fənn müəllimlərini də diqqətdə saxlayaq".
|
|
20.05.2024 | 16:18 | |
|
|
|