Belarusda UNEC professoru ilə görüş keçirilib | |
Belarus Respublikası Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru iqtisad elmləri doktoru, professor Zahid Məmmədovla görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, universitet rəhbərliyi və analitiklərin iştirak etdiyi görüşdə mövcud beynəlxalq vəziyyət müzakirə edilib, dünya iqtisadiyyatının inkişafı, mədəni və elmi-ekspert səviyyəsində qarşılıqlı fəaliyyət istiqamətləri, eləcə də Belarus ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.
Bundan əlavə, Z.Məmmədov Belarus Dövlət İqtisad Universitetinin dəvətli professoru kimi ali təhsil müəssisəsinin müəllim və tələbələr üçün də mühazirə oxuyub.
Universitetin maliyyə və bank fakültəsinin tələbələri qlobal böhranın tarixi, onun səbəbləri və nəticələri haqqında daha çox məlumat əldə etmək, həmçinin böhran əleyhinə siyasət haqqında biliklərini dərinləşdirmək üçün unikal fürsət əldə ediblər.
Daha sonra professor Zahid Məmmədov “Belarus Respublikasının iqtisadi artımı: qloballaşma, innovativlik, sabitlik" adlı illik beynəlxalq elmi-praktik konfransda da iştirak edib.
Qeyd edək ki, Belarus Dövlət İqtisad Universitet (BDİU) və Azərbaycan Dövlət İqtisad Universiteti səmərəli əməkdaşlıq əlaqələri birləşdirir. Universitetlər arasında əməkdaşlıq müqaviləsi 2019-cu ildə imzalanıb.
2023-cü ilin dekabrında BDİU-nun tədris işləri üzrə prorektoru Olqa Morozeviç Azərbaycanın Bakı və Gəncə şəhərlərində ali təhsil müəssisələrinə işgüzar səfərdə olub və Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi ilə danışıqlarda iştirak edib. Eləcə də İdarə etmə Sistemləri İnstitutunda logistika və elektron ticarət sahələrində birgə elmi tədqiqatların aparılması imkanlarını müzakirə edib.
Oruc MUSTAFAYEV
|
|
20.05.2024 | 10:36 | |
|
|
|