Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan III Bakı Elm Olimpiadasının final mərhələsinin təcrübə hissəsi keçirilib.   
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunub.
 
Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin şöbə müdirləri Kamran İsmayılov və Elnur Əliyev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, MÜTDA-nın direktor müavini Mehriban Vəliyeva, SDU-nun prorektoru Elşad Abdullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və şagirdlər iştirak ediblər.
 
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli olimpiada hərəkatına qoşulan bütün şagirdlərə uğurlar arzulayıb. Nazirlik tərəfindən şagirdlərin tətbiqi elmlərə marağını artıran layihələrə xüsüsi dəstək verildiyini söyləyən M.Kərimli ölkəmizin bu baxımdan beynəlxalq arenada da öz sözünü dediyini, parlaq nəticələr əldə etdiyini bildirib. Aparat rəhbəri qeyd edib ki, ötən tədris ilində şagirdlərimiz beynəlxalq olimpiadalarda 4 qızıl, 17 gümüş və 40 bürünc olmaqla,  ümumilikdə 61 medal qazanıblar. Onları elm qəhrəmanları adlandıran M.Kərimli Bakı Elm Olimpiadasının şagirdlərin  bilik və bacarıqlarını artırmaqla bərabər, həm də  onlarda təlim motivasiyasını yüksəldəcəyinə, özünəinam hissinin artırılmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
 
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlər, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması ilə bağlı paytaxt məktəblərində sistemli olaraq həyata keçirilən layihələr barədə məlumat verib. N.Hüseynova şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların təbiət elmlərinə marağının daha da artırılmasında Bakı Elm Olimpiadasının mühüm rolu olduğunu vurğulayıb.
 
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov üçüncü dəfədir ki, keçirilən Bakı Elm Olimpiadasının əhəmiyyətindən danışaraq bildirib ki, bu cür layihələr şagirdlərdə biliklərə marağı artırmaq, ayrı-ayrı fənlər üzrə istedadı ilə fərqlənən gəncləri aşkara çıxarmaq, onların potensial imkanlarının inkişafını təmin etmək baxımından olduqca vacibdir. Rektor BANM-nin elmi-tədqiqat laboratoriyalarında nəzəri biliklərini praktik olaraq tətbiq edən bütün finalçılara uğurlar arzulayıb.
 
Milli Məclisin komitə sədri, millət vəkili Sadiq Qurbanov təhsil sistemində aparılan islahatyönümlü layihələrin istedadlı gənclərin formalaşmasına zəmin yaratdığını söyləyib. S.Qurbanov ölkədə geniş vüsət alan fənn olimpiadalarının, beynəlxalq bilik yarışlarının bu istiqamətdə atılan mühüm addımlardan olduğunu, istedadlı Azərbaycan gənclərinin qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
 
Olimpiadanın finalçısı, 291 nömrəli Ekologiya liseyinin X sinif şagirdi Kəklik Əsədova olimpiada və bilik yarışlarını onları uğura aparan yol kimi dəyərləndirib və bütün iştirakçı dostlarına müvəffəqiyyətlər arzulayıb. 
 
Sonra Bakı Elm Olimpiadasına həsr olunan videoçarx nümayiş etdirilib, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında mahnı və rəqs kompozisiyaları təqdim olunub.
 
Daha sonra qonaqlar BANM-nin elmi-tədqiqat laboratoriyalarında olimpiadanın final mərhələsinin II - təcrübə hissəsində iştirak edən finalçıların apardıqları təcrübələrlə tanış olublar.
 
Qeyd edək ki, məktəblilər 4 saat ərzində hər fənn üzrə (fizika, kimya, biologiya) 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetiriblər.


17.05.2024 | 15:33