AMEA ilə Dövlət Sərhəd Xidməti arasında Niyyət Sazişi imzalanıb | |
Noyabrın 7-də Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan Milli Elmlər Akademiyası ilə Dövlət Sərhəd Xidməti arasında Niyyət Sazişinin imzalanması mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhəmiyyət kəsb etməsini vurğulayıb və birgə fəaliyyətin uğurlu davamı sayəsində qarşıya qoyulan məqsədlərin gerçəkləşəcəyinə əminliklərini ifadə ediblər.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiyyət verilir.
Bu sahədə AMEA Strateji Elmi-Tədqiqat Mərkəzi, AMEA Yüksək Texnologiyalar Parkı və Dövlət Sərhəd Xidməti arasında qarşılıqlı faydalı münasibətlər qurulub, dövlət sərhədinin mühafizəsi üzrə elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması və sərhəd mühafizə orqanlarının xidməti fəaliyyətində tətbiqi üzrə əməkdaşlığın inkişafı təmin edilib.
Niyyət Sazişində AMEA-nın Yüksək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
Sənədi akademik Akif Əlizadə və general-polkovnik Elçin Quliyev imzalayıblar. |
|
08.11.2018 | 12:33 | |
|
|
|