Təhsilin inkişafında qlobal trendlər | |
Təhsil sistemini necə inkişaf etdirmək olar? Şagird qiymətləndirmələri təhsil sisteminə nə verir? Qiymətləndirmələr şagirdləri gələcək həyata hazırlamağımıza kömək edirmi? Bütün bu suallara mayın 13-də Bakıda öz işinə başlayan Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfransda cavab tapmaq olardı. “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunmuş konfransa ICESCO ölkələrindən - Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssəlam, Livan, Oman Sultanlığı, Qambiya və digər dövlətlərdən 40-dan çox nümayəndə qatılıb.
Azərbaycan PISA ailəsinin üzvüdür
Elm və təhsil naziri Emin Əmrullayev konfransın əvvəlində salamlama nitqi ilə çıxış edərək belə bir tədbirin təşkilinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına, İslam Dünyası Elm, Təhsil, Mədəniyyət Təşkilatına (ICESCO) təşəkkürünü çatdıraraq qeyd edib: “Azərbaycan islam ailəsinin fəxri üzvlərindən biridir. Bu, bizi əlbəttə, daha da qürurlandırır. Düşünürəm ki, biz öz ailə üzvlərimizlə təhsil haqqında danışarkən bu, bizim xoşbəxtliyimizi daha da artırır. Biz, həmçinin PISA ailəsinin üzvüyük və uzun müddətdir ki, biz bu qurumun üzvü olaraq fəaliyyət göstəririk. Bu, bildiyiniz kimi başqa bir aspektdir. Biz PISA ailəsinin bir üzvü olmaqdan böyük qürur hissi duyuruq”.
Nazir çıxışında vurğulayıb ki, bu il Azərbaycan üçün olduqca önəmli ildir: “Azərbaycan bu tarixi dövrdə, milli tarixinin mühüm bir anını yaşamaqdadır. Çünki biz ərazi bütövlüyümüzü tam bərpa etmişik. Azərbaycana gəldiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Biz bu ideyanı bir neçə ay öncə müzakirə etmişdik. Artıq reallığa dəyişib. Sizin fikirləriniz, düşüncələriniz, əlbəttə, bizim üçün çox qiymətlidir. Bilik təcrübəsini genişləndirməyə və eyni zamanda öz təcrübələrimizi sizinlə paylaşmaq fürsəti olacaqdır. Ümid edirəm ki, siz burada bir neçə gün ərzində xoş günlər keçirəcəksiniz”.
“Şagirdlərimizin nəticələrində müəyyən irəliləyişlər görürük”
Emin Əmrullayev təhsil sistemlərinin inkişafı və səmərəli siyasətin hazırlanması üçün konfransın mövzusunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın beynəlxalq qiymətləndirmələrə uyğun təhsil keyfiyyətinin artırılması sahəsində səylərini diqqətə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan ICESCO-nun aparıcı ölkələrindən biridir və bu cür beynəlxalq tədbirlərin keçirilməsi iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın təhsil sisteminin inkişafı üçün imkan yaradan son PISA hesabatının nəticələrinin müzakirəsi baxımından vacibdir. Bu tədbir PISA-nın üzv dövlətlərdə qiymətləndirmələrin əhəmiyyətini müzakirə etmək və artırmaq imkanıdır. Vahid qiymətləndirmə sistemi dünya ölkələrində təhsilin qiymətləndirilməsində və siyasətin hazırlanmasında səmərəlidir. Beləliklə, təhsil prioritetlərimizin unikal mədəni kontekstlə və ICESCO-ya üzv dövlətlərin ehtiyacları ilə əlaqələndirilməsi bizim sadiq olduğumuz mühüm tərkib hissəsidir.
Nazir təhsil sahəsində siyasətin hazırlanmasında qiymətləndirmənin roluna ətraflı toxunub, konfransda fikir mübadiləsinin bütün dünyada cəmiyyətlərdə təhsilin gələcəyinə kömək edəcəyini bildirib.
Emin Əmrullayev qeyd edib ki, PISA-da iştirak ölkəmizin təhsil sistemini qiymətləndirmək baxımından əhəmiyyətlidir: “2006-cı ildə ilk dəfə iştirak etdiyimiz vaxtdan şagirdlərimizin nəticələrində müəyyən irəliləyişlər görürük, lakin görüləcək çox işin olduğunu dərk edirik. Bu, ətraflı təhlil bizə konkret çətinlikləri müəyyən etməyə imkan verir”.
PISA təhsilə keyfiyyət mədəniyyəti gətirib çıxara bilər
Nazir əlavə edib ki, bu gün təhsilin keyfiyyəti, reallıq və göstəricilər vacib məsələdir: “Azərbaycanın dövlət strategiyasında sosial siyasət və təhsil öz əksini tapıb. Bu istiqamətdə qarşıya qoyulan hədəflərdə müxtəlif resurslardan yararlana bilirik. Şagirdin biliyinin qiymətləndirilməsi məsələsində ünsiyyət məsələsi çox vacibdir, çünki ortaq kommunikasiya əsasdır”. E.Əmrullayevin sözlərinə görə, ailə ilə ünsiyyət müəyyən nöqteyi-nəzərdən şagirdin riyaziyyat fənni ilə bağlı nəticələrinə təsir edir. Nazir PISA-nın təhsil sistemlərinə keyfiyyət mədəniyyəti gətirdiyini vurğulayıb: “Bəlkə də bu, kiçik məsələ kimi görünsə də, kommunikasiya ilə cəmiyyəti, müəllimi və valideyni bundan səmərəli istifadə edilsə, təhsildə yaxşı nailiyyətlərə yiyələnəcəyinə inandıra bilərsən. Təhsilin yaxşılaşdırılması üçün yüz müxtəlif meyara yatırımlar edilməlidir. PISA təhsilə keyfiyyət mədəniyyəti gətirib çıxara bilər. Bu, vacib məsələdir. Azərbaycanda bilik və bacarıqların geniş qiymətləndirilməsi mədəniyyətinin formalaşdırılması faydalı olardı. Hər bir ölkənin öz təhsil prinsipi var. Beynəlxalq və yerli qiymətləndirmələr bir-birinə uyğun aparılır. Bəzən müəllimlər yeni sistemə birdən-birə keçə bilmir. Özümüzü qiymətləndirə bilməyimiz üçün bir sıra bacarıqlara yiyələnməliyik”.
Nazir qeyd edib ki, cəmiyyətin təhsilin keyfiyyəti barədə düşünməsi əsas məsələlərdən biridir: “Qarşımızda mürəkkəb vəzifələr durur. Biz təhsili necə daha yaxşı yerə gətirə bilərik? PISA nəticələri bizim üçün əsas hədəf və elementlərdir. Biz başa düşürük ki, uşaqların ailə ilə söhbətləri də onların riyaziyyat göstəricilərinə təsir göstərir. Lakin bizim tək problemimiz uşaqların günorta və ya axşam valideynləri ilə söhbəti deyil. Bu, sadəcə bir misaldır. Kiçik görünə bilər, amma bütün bu kiçik elementlərdən istifadə etsək, təhsildə yaxşı yerlərə gəlib çata bilərik”.
PISA qlobal bir meyardır
Öz çıxışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, konfrans təşkilatın üzvü olan dövlətlərdə təhsil sahəsində tərəqqi və qabaqcıl təcrübəni dəstəkləmək və BMT-nin IV Davamlı İnkişaf Məqsədinə nail olmaq üçün birgə səylərə rəhbərlik etməyə möhkəm sübutdur. Bu səylər inklüziv və ədalətli, keyfiyyətli təhsilin təmin və ömürboyu hər kəs üçün təhsil imkanlarının təşviq edilməsinə yönəlib. Baş direktor vurğulayıb ki, 2022-ci ildə oxuma-yazma, riyaziyyat və təbiət elmləri də daxil olmaqla müxtəlif sahələrdə şagirdlərin səriştələrinin qiymətləndirilməsinə yönəlmiş PISA proqramında 81 ölkənin, o cümlədən ICESCO-ya üzv 10 dövlətin şagirdləri iştirak edib və onun nəticələri şagirdlərin müvəffəqiyyətinin əhəmiyyətli dərəcədə azaldığını göstərib ki, bu da beynəlxalq təşkilatların, qərar qəbul edən şəxslər və ixtisaslaşdırılmış təhsil orqanlarının bu sahədə fəal iş aparmasını şərtləndirir.
Konfransın keçirilməsində Azərbaycanın rolunu xüsusi qeyd edən Baş direktor bu cür genişmiqyaslı tədbirin ICESCO-ya üzv ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Natiq qeyd edib ki, Bakıda təşkil olunan tədbir qlobal mühitdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində üzərimizə götürdüyümüz öhdəliyin sübutudur: “Bu gün, eyni zamanda biz dayanıqlı inkişaf məqsədlərinə nail olmağa doğru getməkdəyik. Dayanıqlı inkişaf məqsədi inklüziv, eyni zamanda təhsildə bərabər şərtləri və ömürboyu təhsil imkanlarını təmin etməkdədir. Şagirdlərin beynəlxalq qiymətləndirilməsi üzrə PISA bir mərhələdir. İllər ərzində PISA 8 qiymətləndirmə mərhələsindən keçmişdir. Məhz PISA qiymətləndirməsi zamanı şagirdlərin müxtəlif sahələr üzrə səriştələri qiymətləndirilməkdədir. Buraya, eyni zamanda oxu-yazı, riyaziyyat və elm kimi sahələr daxildir. Son qiymətləndirmə 2022-ci ildə həyata keçirilib və 81 ölkə iştirak edib. Bütün üzv ölkələr burada iştirak etmişdir. PISA qlobal bir meyardır, təhsilin qiymətləndirilməsini həyata keçirməkdədir.
Burada biz beynəlxalq qiymətləndirmə meyarlarından istifadə edirik. Bununla bağlı məlumatlar nəşr olunmuşdur. Şagirdlərin burada kollektiv qiymətləndirmələri həyata keçirilməkdədir. Pandemiya böhranı, əlbəttə ki, təhsil sistemləri üçün böyük problemlər yaratmışdır. Bununla bağlı təhsil sistemlərinin daha da gücləndirilməsi üçün onların üzərinə öhdəliklər qoyulmuşdur. Nəticə etibarı ilə təlim-tədris işində böyük mənfi təsirlər qoymuşdur. Biz bu böhrandan çıxdıqdan sonra, düşünürəm ki, siyasət adamları, təhsil qurumlarının üzərinə düşən vəzifələrdən biri şagirdlərin təhsil səviyyəsini nəzərə alaraq məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda şagirdlərin burada emosional və fiziki sağlamlıq aspektləri də nəzərə alınmalıdır”.
Baş direktor sözlərinə əlavə edib: “Mən düşünürəm ki, hazırda təhsil sistemimizə baxdıqda görürük ki, təhsil sistemi ilə gələcək perspektiv arasında cəmiyyətin bütövlüyü və vəhdəti arasında, eləcə də icmalarımızın daimi dayanıqlığı arasında böyük əlaqə vardır. Odur ki, burada biz süni intellekt, rəqəmsal texnologiyalardan istifadəni qeyd etməliyik. Çünki qlobal iqtisadiyyatda onlar vacib elementə çevrilmişdir”.
PISA-2022-nin nəticələrindən danışan Baş direktor qeyd edib ki, rəqəmsal cihazlar şagirdlərin tədrisdə fikirlərini yayındırmaqdadır. İCESCO-ya üzv olan ölkələrdə 15 yaşlı uşaqların 60 faizi aşağı məhsuldarlıq nümayiş etdirib, onlar 3 qiymətləndirmə üzrə aşağı nəticələr göstəriblər. Bu da xüsusi təcili tədbirlər görülməsini zəruri edir.
Baş direktor diqqəti İCESCO tərəfindən irəli sürülən həllərə yönəldib: “Təşkilat qarşısında duran birinci strategiya mədəni aktuallığı islam dünyasının bütün ölkələrində nəzərə almaqdır. ICESCO beynəlxalq qiymətləndirmə proqramı ilə əməkdaşlıq edərək bunları yerli kontekstə uyğunlaşdırmaq üçün həlləri artırmaqdadır. İkinci məsələ odur ki, iştirakçı ölkələr qiymətləndirmələr üzrə töhfələr verməlidirlər. ICESCO tərəfindən bununla bağlı təhsil və qiymətləndirmə sahəsində çalışan ekspertlər şəbəkəsinin yaradılması irəli sürülməkdədir. Bundan əlavə, biz qəbul edirik ki, bilik inkişaf etmək, təkmilləşmək üçün bunun əsas sütunlarından biridir. ICESCO üzərinə bu sahədə bilik və bacarıqların inkişaf etdirilməsi üçün öhdəlik götürüb. Və nəhayət, bizim əsas məqsədlərimizdən biri odur ki, əldə olunan təkmilləşmələrə əməl olunsun”.
Salim bin Məhəmməd əl-Malik bildirib ki, ICESCO təşkilata üzv ölkələrdə elmi tədqiqatların inkişafına investisiya qoymağa çalışır.
ICESCO davamlı olaraq buna çıxış imkanlarının artırılması və keyfiyyətli təhsilin təmin olunması üzrə üzərinə öhdəlik götürür. Bununla bağlı biz maliyyə dəstəyinin gücləndirilməsini də dəstəkləyirik. Məqsədimiz burada inkişafdan qalan sahələrin inkişaf etdirilməsinə kömək etməkdir: “Düşünürəm ki, qlobal tendensiyalar təhsildə güclü dəyişikliklər aparılmasını zəruri edir. Məqsəd yeni bacarıqların qazanılmasıdır. Süni intellektdən, eyni zamanda digər texnologiyalardan istifadə olunması, əlbəttə ki, işimizin güclənməsinə kömək edir. Bu da bizdən qabaqlayıcı tədbirlərin həyata keçirilməsini tələb edir. Rəqəmsal islahatları təşviq etməklə təhsil siyasətləri qeyri-müəyyənlik qarşısında irəliləməyə kömək edə bilər. Düşünürəm ki, biz bu nəticələrdən istifadə etməklə təhsil sistemini gələcək nəsil üçün inkişaf etdirə bilərik. Eyni zamanda tədris-təlim işində əsaslı dəyişikliklərə səbəb ola bilərik. Biz qeyri-müəyyənlikləri də - süni intellekt, pandemiya və s. nəzərə almalıyıq. Belə olan halda təhsil sistemlərinin dayanıqlı olması zəruridir”.
Azərbaycana təşəkkür edirəm
OECD-nin Təhsil və səriştələr üzrə direktoru Andreas Şleyxer PISA-nın nəticələrini şərh edərək, rəqəmsal diqqəti yayındıran amillərin məhdudlaşdırılmasının, şagirdlərin təlim prosesində valideynlərlə əməkdaşlığının gücləndirilməsinin və məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsinin, müəllimlər üçün təlim və alətlərin hazırlanmasının vacibliyini vurğulayıb.
ICESCO ilə əməkdaşlığın sevindirici hal olduğunu deyən A.Şleyxer qeyd edib ki, bu təşkilatla 2020-ci ildə bağlanmış əməkdaşlıq sazişindən sonra biz çox şeylərə nail olmuşuq: “ICESCO-nun bu baxımdan təhsil siyasətlərinin hazırlanmasında böyük rolu olub. Bu, olduqca önəmlidir. Azərbaycan və ICESCO-nun birlikdə müzakirə aparması üçün belə bir məkan yaratmasına görə Azərbaycana təşəkkür edirəm. Bu siyasət Azərbaycan üçün çox önəmlidir. Təhsil sistemlərimiz pandemiya vaxtı davamlı olmayıb. İqlim dəyişikliyinin təsiri pandemiyadan daha ağır olacaq. Süni intellektlə bağlı gələcəkdə xeyli sayda qeyri-müəyyənliklər var. Rəqəmsallaşdırma, avtomatlaşdırma kimi məsələləri nəzərə alsaq bütün bunlar bizi vadar edir ki, bununla bağlı daha böyük səylər göstərək. Bu, yeni bir aləmdir. ICESCO üzv ölkələrə dəstək baxımından böyük tərəfdaşdır. Mən dərindən inanıram ki, PISA belə müzakirələr üçün gözəl platformadır”.
OECD-nin Süni İntellekt Mərkəzinin direktoru dr. Kays Hammam dünyanın gələcəyi, müasir texnologiya və süni intellektin təhsil və elmi sahələrdə yerləşdirilməsini tələb edən kütləvi demoqrafik artım yaşandığını vurğulayıb.
ICESCO-nun təhsil sektorunun rəhbəri dr. Kubu Bali Bari təşkilatın İslam dünyası cəmiyyətləri üçün faydalı olan etibarlı təhsil sistemləri əsasında daha yaxşı bir gələcəyin qurulmasına kömək etmək səylərini xüsusi qeyd edib.
İkigünlük konfransda PISA-2022 proqramının nəticələri nəzərdən keçirilib, şagirdlərin performans və qiymətləndirmə bacarıqlarının gələcəyi müzakirə olunub və müəllim səlahiyyətlərinin və təhsil təcrübələrinin inkişafı araşdırılıb.
Oruc MUSTAFAYEV
|
|
17.05.2024 | 11:05 | |
|
|
|