“VƏTƏN üçün ŞƏHİD oldu”

Şəhid anası - MÜƏLLİM! Sinifdə iki sözündən biri “Vətən” olan, tərbiyə etdiyi balasını vətənə qurban deyən o analardan biridir Yeganə Şükürova. Bu dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə layihəsinin şərəf qonağı o oldu.

 

Uşaqlarla ayrılmaq çətin olur

 

Yeganə Şükürova Humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimidir. Kürdəmirdə doğulan, məktəbi tanıyan, müəllimləri məhz burada sevən Yeganə Şükürova müəllimliyə də elə Kürdəmirdə başlayıb. İlk dəfə sinfə rayonun Bağban kəndində girsə də, unuda bilmədiyi sinfi də, unutmaq istəmədiyi şagirdləri də Bakıda olub. Ailə qurub, yaşayış yerini dəyişdiyi üçün müəllimlik fəaliyyətinə Bakıda davam etdiyi ilk illərdə dərs dediyi sinfini hələ də həyəcanla xatırlayır: “Bir müddət 5 nömrəli Bakı Peşə Liseyində çalışdım.  2007-ci ildən Humanitar fənlər təmayüllü məktəb-liseydə müəlliməm”.

 

Müəllimliyi sevir. Dediyinə görə, peşəsinə işləyə-işləyə aşiq olub: “Özüm uşaqlıqdan müəllim olmaq istəyirdim. Atamın da arzusu idi məni müəllim görmək. Fəaliyyətə başlayandan sonra müəllimliyi daha çox sevdim. Peşəmi mənə ən çox da şagirdlərim sevdirdi. Əziyyəti çox, məsuliyyəti ağır olmağına baxmayaraq, peşəmi çox sevirəm. Sonda uşaqlarımdan ayrılmaq çətin olur, onlar üçün çox darıxıram”.

 

Sinifdə vətənpərvər yetişdirir

 

Şagirdlərinə sevgisi onu ağrı-acıları ilə mübarizə aparmağa, yeni nəslin tərbiyəsində qoşulduğu bu məsuliyyətli missiyanı davam etdirməyə ruhlandırır: “Liseydəki ilk buraxılışımdan bir şagirdim, tanınmış psixoloq Ruhid İslamlı Vətən müharibəsində şəhid oldu. Sanki taleyi mənim Nicatıma bənzəyirdi. O da çətinlik içərisində böyümüşdü, oxuya-oxuya həm də işləyirdi, böyük uğurları vardı. Onu, öz balamı, yetişdirdiyim şagirdlərimin axırda böyüyüb kimlər olduğunu düşünəndə özümlə qürur duyuram. Görürəm ki, uşaqlarıma vətənini tanıtmışam, ədaləti göstərə bilmişəm. Ona görə hər biri həyatda, karyerada uğurlu insana çevriliblər. Ən əsası, vətənpərvərlər olaraq yetişiblər”.

 

Canından süzülən vətənpərvərlik, sadəcə şagirdlərinin deyil, balalarının da ürəyini, beynini sarıb, qanı ilə damarlarında dolaşıb, iliklərinə qədər işləyib: “Özüm necəyəmsə, oğlum da elə oldu. Nicatım çağırışla yox, öz təkidi ilə getdi müharibəyə”.

 

Anasından balasını soruşduq

 

Anadan şəhid balasını soruşasan... Hələ şagirdi Ruhiddən danışmağa başlayanda kövrəlmişdi, oğlu Nicatın yarımçıq ömründən söz açanda... “Vətən üçün şəhid oldu, oğlumla da, özümlə də qürur duyuram”.

 

Anası deyir ki, şəhid balası 29 yaşında idi. 49 nömrəli “İntellekt” məktəb-liseyin məzunu idi. Bakı Slavyan Universitetində təhsilini yenicə tamamlamışdı: “Hələ diplomunu almamışdı. Təhsil sənədi artıq hazır idi, gedib götürəcəkdi, qismət olmadı. Nicat şəhid olandan sonra diplomunu evə gətirib verdilər”.

 

Nicat V sinifdən karate ilə məşğul olub, ölkə çempionu idi. Üzgüçülüyə də getmişdi: “Qolu da güclü idi, sözü də.  Kimə nə demək lazım olduğunu yaxşı bilirdi. Qanunlardan, öz hüquqlarından xəbərdar idi. Kimsə ona haqsız tələb irəli sürə bilməzdi”.

 

Anası onu da deyir ki, Nicat ağlı, idarəetmə qabiliyyəti ilə həmişə seçilib: “Özünü zirvələrdə görürdü. Ən böyük zirvəyə də yerləşdi. Halbuki müharibəyə gedəndə qayıdacağına əmin idi. Özgüvəni, xüsusi bacarıqları sayəsində düşdüyü mühitdə onu irəli çəkirdilər. Təhsil aldığı bütün auditoriyalarda onu lider seçirdilər. İşə baxın ki, müharibəyə getdiyi ilk gündən də manqa komandiri təyin etdilər. Şagirdim Ruhid də Nicat kimi idi, o da seçilirdi hər kəsdən”.

 

Sentyabrın 27-dən müharibəyə gedən Nicat oktyabrın 11-dək vuruşub: “Oktyabrın 11-də gecə saatlarında şəhid olub”.

 

4 aydır doğulub-böyüdüyü Buxta küçəsi Nicatın adını daşıyır, məzunu olduğu məktəbin qarşısında onun büstü qoyulub. Universitetdə “Nicat yolu” adlı film çəkilib. Nicat “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Qəhrəman anası sertifikatlaşdırmada uğur qazananlardandır

 

Ruhidin, Nicatın həyatı, təhsili, vətənpərvərliyi indiki şagirdlər üçün bir nümunədir: “Taleyin oyununa baxın ki, sinfimdə şagirdlərimin çoxu oğlanlardır. Onlara vətəndaş üçün, insan üçün lazım olan vacib bacarıqları, vərdişləri aşılayıram. Məktəbimizin psixoloqu deyir ki, sinfimin ab-havası həmişə fərqlənir, şagirdlərim seçilirlər”.

 

Həm yetirmələri, həm övladları ilə qürur duyan Yeganə müəllim sertifikatlaşdırmada uğur qazananlardandır: “Nicat yenicə şəhid olmuşdu, gözümə iş, imtahan görünmürdü. Nicata görə həmin günlərdə gəlib-gedən çox olurdu, kitab üzü aça bilmirdim. Heç hazırlaşmadan sertifikatlaşdırma imtahanına girdim və 48 bal topladım”.

 

O, Yeganə müəllimdir

 

O, müəllimlikdə ən yaxşılardan olduğunu hər cəhətdən göstərənlərdən, sübut edənlərdən biridir. Şəhidlik zirvəsindəki yetirmələri, xüsusi keyfiyyətləri ilə seçilən şagirdləri isə onun uğur hekayəsinin baş qəhrəmanlarıdır. O, ixtisasca müəllim olan, karyerasına müəllim kimi başlayan yeganə qız övladı, həmçinin yüzlərlə şagirdi ilə hekayəsinə davam edir.

 

Barəsində oğlunuz Nicat, şagirdiniz Ruhid qədər olmasa da, qürurla danışacağınız uğurlarınızı gözləyirik, Yeganə müəllim! Yolunuz açıq, qəlbiniz sevgi ilə dolu olsun. 

 

Ruhiyyə DAŞSALAHLI



17.05.2024 | 09:35