Sertifikatlaşdırmanın müsahibə mərhələsində müəllimlərin hansı bacarıqları müəyyən edilir?

İki ildir ki, ölkəmizdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir. Qeyd etmək istərdim ki, müəllimlərin bilik və bacarıqlarının ölçülməsi meyarları qaydalara uyğun olaraq iki mərhələdən-test və müsahibə mərhələsindən ibarətdir. Test mərhələsində müəllimin ixtisasına uyğun olaraq akademik bilikləri ölçülür. Bəs, müsahibə mərhələsində müəllimlərin hansı bacarıqları müəyyən edilir?

 

Öncə qeyd edim ki, müsahibə mərhələsinin keçirilməsində əsas məqsəd təhsilverənlərin peşə bacarıqlarını, səriştələrini müəyyən etməkdir. Yəni, müəllim imtahan zamanı topladığı balla bərabər bacarıqlarını da müvafiq müsahibə komissiyası qarşısında nümayiş etdirməlidir. Xatırladaq ki, müsahibə zamanı müəllimlər komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilir. Qeyd olunan istiqamətlər müəllimin pedaqoji ustalığını, tədris prosesini idarəetmə bacarığını və digər peşə səriştələrini müəyyən etməkdə yardımçı olur. Onu da qeyd edək ki, müsahibə mərhələsində hər bir təhsilverənə 20  dəqiqə vaxt ayrılır və 20 bal toplamış müəllimlər həmin mərhələdən keçmiş hesab edilir.

 

Bəs, dünyanın inkişaf etmiş ölkələrində bu proses necə həyata keçirilir? Dünya təcrübəsində müəllimlərin sertifikatlaşması prosesində test və müsahibə mərhələsindən başqa, onların tədris mühitində bacarıqları da əsas götürülür.  Məsələn, Finlandiyada bunun üçün xüsusi komissiyalar təşkil olunur. Həmin komissiyalar canlı olaraq müəllimi sinifdə izləyir və qiymətləndirirlər. Düzdür, bu, həm uzun, həm də mürəkkəb prosesdir. Ancaq düşünürəm ki, sertifikatlaşdırmadan keçən müəllimlərin növbəti 5 il müddətində fəaliyyətləri ilə bağlı fərdi data sistemini də yaratmaq olar. Həmin məlumatlar bazasında təhsilverənin göstəriciləri öz əksini tapa bilər. Məsələn, dərs dediyi şagirdlərin buraxılış, qəbul imtahanlarındakı nəticələri, fənn olimpiadalarındakı uğurları, illik qiymətləndirmələri və s. Bundan başqa, həmin datada müəllimin bilik və bacarıqlarını artırmaq üçün müxtəlif təlimlərdə iştirakını daim özünüinkişaf meyarları kimi ölçmək olar. Təbii ki, bütün bu sadaladıqlarım geniş müzakirə mövzusudur. 

 

Niyazi RƏHİMOV

 



17.05.2024 | 09:14